İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-da “Laçın blokadası” üzrə məruzəçi?

1220 18.03.2023 15:52 Gündəm A A

Erməni mediası iddia edir ki, Pol Qavan bir neçə gün əvvəl “Laçın dəhlizinin blokadasının humanitar nəticələri” mövzusunda məruzəçi təyin edilib

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə məruzəçisi Pol Qavan bir neçə gün əvvəl “Laçın dəhlizinin blokadasının humanitar nəticələri” mövzusunda məruzəçi təyin edilib”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” nəşri məlumat yayıb. 

87933541-373a-3ef4-b79b-c0c32fb8e476_850.jpg (61 KB) 

Erməni mediası iddia edir ki, 2022-ci ilin oktyabrında AŞPA-nın payız sessiyasının plenar iclasında Pol Qavan “Azərbaycanın təcavüzü” haqda danışıb  və “hücum Ermənistan Respublikasının suveren ərazisinə qarşı həyata keçirilib” deyib. “Aravot” iddia edir ki, yanvar ayında keçirilmiş Büro iclasında “Laçın dəhlizinin blokadasının humanitar nəticələri” mövzusunu AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinə göndərmək qərarı verilib.

Nəşr mövzu ilə bağlı bəzi təfərrüatları Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyandan öyrənib. O, belə izah edib: “Yanvar ayında AŞPA-nın plenar iclasında Laçın dəhlizinin blokadası ilə bağlı təcili müzakirənin nəticəsi olaraq Büro məsələni Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinə göndərib”. Ruben Rubinyan sonda deyib ki, Pol Qavanın məruzəçi təyin olunması “çox gözəldir”.

İrlandiyalı deputat Pol Qavanın  hazırladığı “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabat  2012-ci ilin sentyabrında AŞPA-nın payız sessiyasında qəbul edilib. Hesabatda ölənlər, itkin düşənlər və yaralılar, hərbi əsirlər, əsir olduğu iddia edilənlər, mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irs və s. mövzular yer alıb.

Hesabatda həmçinin, qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb. Hesabatda Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət hər iki ölkəyə kömək etməyə təşviq edilib. Qeyd edək ki, Qavan hesabatı hazırlayarkən Azərbaycanda olmuşdu və Ağdama getmişdi. 

“Mən məruzəmdə Ağdamın yerlə-yeksan edildiyini qeyd etmişəm. Gördüklərimi olduğu kimi təsvir edərək yazmışam. Dağıdılmış bütün şəhər minalanmışdı. Orada nə baş verdiyini tam anlamaq üçün daha geniş müzakirələrə ehtiyacımız var. İndi biz qarşılıqlı etimadın yaranması ətrafında düşünməliyik. Düşmənçilik davam etməməlidir. Biz gələcəyə baxmalıyıq”, - deyə Pol Qavan demişdi. Mümkündür ki, Qavana belə bir görəv verilib, amma bu, heç də ermənilərin iddia etdiyi kimi ayrıca və ya xüsusi məruzəçi anlamına gəlmir. Rəsmi Bakının iddialarla bağlı reaksiyası yoxdur.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

susa.PNG (1.74 MB)

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR