İnsanlara hürriyət, millətlərə istiqlal!

Aslan onun quyruğu ilə oynayan tülkünü belə CƏZALANDIRACAQ

2939 22.03.2023 18:59 Gündəm A A

“Bu gün İranda cərəyan edən siyasi həyatın ən önəmli tərəfinə çevrilən Azərbaycan milli hərəkatının hərəkətverici qüc qaynaqlarından biri də məhz İranın Azərbaycana qarşı münasibəti və Azərbaycan-Ermənistan gərginliyində bu dövlətin sərgilədiyi davranışlardır. Bu günə qədər Təbriz və bütövlükdə Güney Azərbaycan Azərbaycanda baş verən heç bir hadisəyə biganə qalmayıb”.

Bu sözləri Musavat.com-a Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk deyib.

0a959324a985517884afdc960998c02b.jpg (78 KB)

Siyasi şərhçinin sözlərinə görə, hələ 1990-cı ildə, İran qılıncının kəsdiyi bir dönəmdə Təbriz 20 Yanvar qırğınına biganə qalmadı:

“Ermənistanın Azərbaycan rayonlarını ard-arda işğal etdiyi bir vaxtda Təbriz gəncliyi bu duruma biganə qalmadı. Universitetdən Təbrizin mərkəzinə qədər böyük bir mitinq keçirərək meydanlarda olduğunu və quzeyli soydaşlarının arxasında durduğunu göstərdi. 1992-ci ildə sıra Tehran Universitetinin azərbaycanlı, türk tələbələrində idi. Tələbələrin Ermənistan səfirliyinə doğru yürüşünü və yolda polislərin zorakılığı ilə onların dağıdılmasını hələ də xatırlayıram.

Ərdəbildə Abbas Lisaninin liderliyində işğalçı erməni nümayəndələrinin Ərdəbilə səfərinə qarşı keçirilən aksiyalarda, 44 günlük müharibə dönəmində və ondan sonrakı proseslərdə açıq şəkildə gördük ki, 200 illik siyasi-inzibati ayrılığa baxmayaraq, Azərbaycanın güneyi özünü Azərbaycanın quzeyindən ayrı bilmir. Quzeydə qurulan dövləti özünün dövləti hesab edir və mümkün olan hər bir fürsətdə bunu sərgiləyir.

İranın Azərbaycana qarşı düşmən mövqeyinin kökündə yatan səbəblərdən biri də məhz bu reallığı iliklərinə qədər hiss etməsi ilə bağlıdır. İran Ermənistandan yana mövqe nümayiş etdirərək Azərbaycanı zəiflətmək, bununla da 40 milyonluq Güney Azərbaycanı mərkəzdən qoparmaq və bütöv bir millət olma iradəsini əngəlləmək istəyir. Lakin hesaba qatmadığı məsələ ondan ibarətdir ki, Azərbaycanın yüksəlişi geridönməz bir prosesdir. Yəni İranın Azərbaycana qarşı aqressiyası və Azərbaycan-Ermənistan münasibətlərində Ermənistana tərəf çıxması nəinki Azərbaycanı inkişaf yolundan geri qoya biləcək, əksinə, güneydə cərəyan edən Azərbaycan milli hərəkatı nümayəndələrinin İran dövlətinə qarşı Azərbaycan ətrafında daha sıx birləşmələrinə gətirib çıxaracaq.

Təbrizin, ümumiyyətlə, Güney Azərbaycanın İran siyasi mühitindəki rolunun və mövqeyinin ağırlığını fars şovinistləri də daxil olmaqla etiraf etməyən yoxdur. Bu baxımdan İran molla rejiminin Azərbaycana qarşı siyasətini tülkünün aslanın quyruğu ilə oynamasına bənzətmək mümkündür. Aslan kükrəməyə başlayanda ətrafında nə tülkü, nə çaqqal, nə də fars, İslam Cümhuriyyəti qalacaq”.

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR