İnsanlara hürriyət, millətlərə istiqlal!

Asiya üçün qara gün: Braziliya 1/4 finalda xorvatları “yeyə” bilər

1536 06.12.2022 00:29 Yazarlar A A

Yaponiyanın yerinə bu gecə almanlar, koreyalıların əvəzinə mundialdan kənar qalan italiyalılar oynasaydı, tam fərqli qarşılaşmalar izləyə bilərdik...

Bu gecəki 1/8 oyunlarının çox da maraqlı olmayacağı gözlənilən idi. Belə götürəndə, 4 ildən bir pley-off mərhələsində daha maraqlı oyuna baxmaq istəyirsən. Məsələn, Yaponiyanın yerinə bu gecə almanlar, koreyalıların əvəzinə mundialdan kənar qalan italiyalılar oynasaydı, tam fərqli qarşılaşmalar izləyə bilərdik. Amma, fəqət, lakin... nə yaponlar, nə cənubi koreyalılar bu mərhələyə “göz-qaşlarına” görə gəlib çıxmamışdılar. Koreyalılar qrup mərhələsində yalnız Portuqaliyanı ikinci heyətdə məğlub etməklə 1/8 finala çıxmışdılar, yaponlar isə…

11ffdd.jpg (91 KB)

Əslində, onlar Xorvatiya ilə oyunda mundialdakı növbəti sensasiyanın bir addımlığından qayıtdılar. “Mavi samuray”lar qrup mərhələsində Almaniya və İspaniyanı məğlub etdikdən sonra bu dəfə ötən mundialın finalçısı Xorvatiyanı “devirərək” tarixlərində ilk dəfə 1/4 finala yüksələ bilərdilər. Yaponiya bundan əvvəl 3 dəfə mundialda 1/8 finala yüksəlmişdi, lakin 1/4 final onlar üçün yenə əlçatmaz arzu olaraq qaldı...

Bu komandanın qrup mərhələsindəki strategiyası məncə, futboldan daha çox öldürücü zərbə vurmaq fürsəti gözləyən karateçiyə bənzəyirdi. Məsələn, ilk turda Almaniya ilə oyunda Yaponiya topa sahib olmaqda, qapıya zərbələrdə rəqiblərindən geri qalırdı, amma qəfil iki “öldürücü zərbə”... və 4 qat dünya çempionları meydanı məğlub tərk etdi. İspaniya ilə oyunda da gündoğan ölkənin komandası bütün göstəricilərdə İspaniyadan geridə qalıb. Elə ilk hissəni də hesabda geridə başa vurdular. Fasilədən sonra iki qol vuraraq növbəti sensasiyaya imza atdılar. Kosta-Rika ilə matçda Yaponiya əksinə, bu dəfə özləri görüşün sonunda gözlənilmədən zərbə aldılar, qol buraxdılar.

fffuu.jpg (89 KB)

Xorvatiya son dünya çempionatının finalçısı kimi əlbəttə milli komandaların elit qrupuna daxildir. Rusiyadakı dünya çempionatında Fransa ilə finalda çoxları kimi mən də Xorvatiyaya azarkeşlik edirdim, amma məyus olduq. Bu mundialda da Mərakeş və Belçika ilə görüşlərdə qolsuz bərabərlik Xorvatiya millisində heç də hər şeyin qaydasında olmadığını göstərdi. Bu matçların ilk 45 dəqiqəsində Xorvatiyanın qapı çərçivəsində heç bir zərbə vurmaması hücum xəttində problem olduğunu təsdiqlədi. Xorvatiya bundan əvvəl yalnız iki dəfə mundialın pley-off mərhələsinə yüksəlib və irəli də gedə bilib. 1998-ci ildə yarımfinala, 2018-ci ildə isə finala qədər irəliləyib. Xorvatiyanın “xəstəliyidir”, son dörd dünya çempionatının pley-off matçından üçündə əlavə vaxta getmişdilər, bu gecə də istisna olmadı.

tttttbb.jpg (106 KB)

Yaponlar birinci hissəni 1:0 top vurdu , xorvatlar ikinci hissədə hesabı bərabərləşdirdi, davamını gətirə bilmədilər. Tamaşaçılar növbəti qolu 120 dəqiqənin sonunda gördülər. Xorvatlar bundan sonra sanki oyunu uzatmaya, bəlkə də penallar seriyasına aparmağa çalışdılar və nəhayət, qalib penallaşma ilə müəyyənləşməli oldu.

Penallaşmaya lotereya deyənlər yanılır, çünki daha yaxşı qol vuran qazanır. Yaponiya isə heyətində top-5 ölkələrin klublarında oyunçularının olmasına baxmayaraq, penalları bərbad vurdular və uduzdular. “Yapon qozu” beləcə qırıldı. Xorvatlar qalib gəldilər, amma bu, indiyədək 1/4 finala vəsiqə qazanan komandalarla müqayisədə zəif oyun idi və yarımfinal çətin olacaq.

fff666.jpg (147 KB)

Cənubi Koreya və Braziliya milliləri Seulda keçirilən son yoldaşlıq görüşündə qarşılaşanda Qətər mundialının pley-offunda rəqib olacaqlarını bəlkə də ağıllarına belə gətirməzdilər. Həmin oyunda braziliyalılar böyük hesabla qalib gəldilər (5:1), Neymar iki dəfə penaltidən qol vurdu. FİFA reytinqində birinci yerdə olan Braziliya dünya çempionluğuna əsas namizəd olduqları iddiasını mundialın başlanğıcında təsdiqləmişdilər.

Komandanın lideri Neymarın zədələnməsinin Braziliya üçün ciddi itki olduğu deyilirdi, hətta Neymarın guya daha oynamayacağı haqda da xəbərlər vardı. Neymarla Braziliya millisi serblərlə ilk oyunda kifayət qədər inamlı göründülər. Neymarsız isə İsveçrə ilə oyunda qalib gəlsələr də, sönük göründülər. Kamerunla oyun braziliyalılar üçün heç nəyi həll etmirdi və minimal hesabla məğlubiyyət onların əhvalına təsir etmədi. Amma azarkeşlər pley-offda daha toplanmış və aqressiv komanda görməyə ümid edirdi. Çünki ölkə onlardan çempionluq gözləyirdi.

Koreyalılar guclü rəqib qarşısında sanki şoka düşdülər və qapılarından o qədər çox top buraxdılar ki, oyunun ikinci hissəsinə baxmağın mənası qalmadı. Braziliya-Xorvatiya qarşılaşması yəqin tam fərqli olacaq. Braziliya 1/4 finalda xorvatları “yeyə” bilər, əgər yenə penallaşma olmasa...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR