İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araik başa düşəcək ki, Azərbaycan ərazisində heç kim türkə diktə edə bilməz”- Zaur Məmmədov

1165 04.10.2023 16:22 Siyasət A A


“Araik Arutyunyanın dünən həbs edilməsi hər bir azərbaycanlı tərəfindən çox böyük təqdirlə qarşılandı. Çünki bu, təkcə bir terrorçunun, separatçının həbsi deyil, bu, Azərbaycana məkrli siyasət yürüdənlərə qarşı Prezidentin aparmış olduğu prinsipial siyasətdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Prezidentinin atdığı addımlar onu təsdiq etdi ki, torpağın bir qarışını belə güzəştə getmək olmaz: “Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Azərbaycan SSRİ dövrünün 1920-1930-cu illəri ilə müqayisədə heç də indiki dövr asan deyil, deyərdim ki, daha çətindir. Azərbaycan müxtəlif çağırışlarla üz-üzədir. Bütün bunlara baxmayaraq, sona qədər öz marağını ortaya qoydu. Antiterror tədbirini də keçirdi. Separatçıların başlarını əzdik və bundan sonra da terrorçuların başını əzəcəyik. Azərbaycan bütün dünyaya göstərmiş oldu ki, biz yox, siz mənim istəklərimi nəzərə almalı, reallığı qəbul etməlisiniz. İndi də Araik Arutyunyanın qulağını dartıb Bakıya gətirəndən sonra onun ağlı başına gələcək. Başa düşəcək ki, Azərbaycan ərazisində heç kim türkə diktə edə bilməz. Heç kim bizə nəyi, necə edəcəyimizi deyə bilməz. Gəncəyə atılan raketin əlbəttə, cavabını verəcək. Ruben Vardanyanlar da bilsinlər ki, heç bir milyardlar onlara kömək edə bilməyəcək. Ümumiyyətlə,  Ruben Vardanyanın həbsi Azərbaycanın son hadisələrdə bir çox məsələlərdən agah olmasından xəbər verir. Bu baxımdan, bütün terrorçuların, separatçıların həbsi dünyanın ayrı-ayrı ölkələrində, siyasətçilərlə olan əlaqələrin ifşa edilməsində böyük rol oynayacaq. Yəqin ki, yaxın günlərdə onların yeni-yeni etirafları və başqa sensasiyaları ilə tanış olacağıq”.

Ekspert əlavə etdi ki, Azərbaycan bu gün xalqına qarşı hərbi cinayətləri törətmiş şəxsləri tapır və onları həbs edir: “Bizim qarşımızda İsrail təcrübəsi var. Bu təcrübə kimi Azərbaycan təcrübəsi də separatizmdən əziyyət çəkən dünya xalqlarına bir örnəkdir”.

Qeyd edək ki, Qarabağdakı separatçı rejimin terrorçuları bir-bir Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilir. Musavat.com xəbər verir ki, bu günə kimi, 8 terrorçu DTX tərəfindən saxlanılıb. Onlardan bəziləri barədə həbs qəti imkan tədbiri seçilib. Bəzilərinin isə sorğusu davam etdirilir. Ən son dünən Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan və Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR