İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar sektorun kredit dərdinə əlac tapılmır - təklif

1292 04.10.2022 09:10 İqtisadiyyat A A

Rəşad Həsənov: “Kənd təsərrüfatında sığorta mexanizmi və dövlət zəmanəti genişləndirilməlidir”

Azərbaycanın qeyri-neft sektorunda əsas prioritet sahə olan kənd təsərrüfatında çalışanların maliyyə resurslarına əlçatanlığının genişlənməməsi problem olaraq qalmaqdadır. Uzun illərdir aqrar sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin kredit və digər maliyyə resurslarına çıxışının məhdudluğu müzakirə olunur. Ötən illər ərzində bu sahədə vəziyyəti dəyişmək üçün dövlət tərəfindən bir neçə mexanizm işə salınıb, lakin ciddi bir nailiyyətin əldə olunduğunu söyləmək mümkün deyil. Hələ də regionlarda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar öz təsərrüfatlarını inkişaf etdirmək üçün kredit əldə etməkdə böyük çətinliklərlə üzləşirlər: kredit üçün banka üz tutan 10 fermerdən 2-3 nəfəri ancaq zəruri həcmdə vəsait əldə edə bilir.

Məmməd Musayev: » Azərbaycan İnformasiya Agentliyi

Məmməd Musayev

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayevin bugünlərdə verdiyi məlumata əsasən, kənd təsərrüfatında məşğul əhalinin böyük bir hissəsini əhatə etməsinə baxmayaraq bu sahənin kreditləşmə səviyyəsi məqbul deyil. Onun sözlərinə görə, Azərbaycanda 1 sentyabr 2022-ci il tarixinə real sektora kredit qoyuluşlarının ümumi həcmi 19.1 milyard manat olub. Bunun cəmi 598,8 milyon manatı kənd təsərrüfatının maliyyələşməsinə ayrılıb ki, bu da cəmi kredit qoyuluşunun 3,1 faizini təşkil edir. Halbuki Azərbayacanda məşğul əhalinin 35 faizi kənd təsərrüfatı sahələrində çalışır: “Gördüyünüz kimi, məşğul əhalinin böyük bir hissəsini əhatə etməsinə baxmayaraq bu sahənin kreditləşmə səviyyəsi məqbul deyil. Ona görə də bu sahə ilə məşğul olan iş adamları kreditləşmənin özündə sığorta mexanizminin təkmilləşdirilməsini təklif edirlər. Eyni zamanda rayonlarda girov qoymada bəzi çətinliklər hələ də qalmaqdadır və kredit verən təşkilatlar məhz şəhərdə daşınmaz əmlak tələb edirlər. Hesab edirik ki, kreditləşmədə sığorta mexanizminin təkmilləşdirilməsi həm də girov probleminin həllinə nail olmağımıza yardım edə bilər”.

Orxan Məmmədov: "KOB İnkişaf Fondunun büdcəsi 50 milyon manata çatacaq" -  Finans.az

Orxan Məmmədov 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirir ki, bu gün kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması həm istehsalçılar, həm də dövlətin qarşısında duran əsas məsələlərdəndir: “Əsas məsələ istehsal mərhələsidir. Aqrar sığorta mexanizminin geniş tətbiq edilməməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda təyinatın dəyişməsi ilə bağlı məsələlər var. Təsərrüfat subyektləri ərazilərində əsas fəaliyyətləri üzrə xidməti tikililərin, saxlanc yerlərinin qurulmasına icazə verilmir və sahibkarlar cərimələnir. Təklif edirik ki, bu tip oxşar hallarda müvafiq tikililərin qurulmasına icazə mexanizmlərinin hazırlanması ilə bağlı qanunvericiliyə yenidən baxılsın. Keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinin əlçatan olmaması, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, emal mərhələsi, qida təhlükəsizliyi sayəsində sənədləşdirmə prosedurlarının çətinliyi, emal zamanı istifadə edilən bəzi xammal məhsullarına gömrük və vergi rüsumlarında güzəştin olmaması kimi problemlər var. Həmçinin dünyada ərzaq qiymətlərinin yüksəldiyini nəzərə alaraq rüsumların differensiallaşdırılması təklif edilə bilər. Texnoloji avadanlıqların köhnəlməsi, peşəkar texnoloqların azlığı, satış mərhələsi, bazarlara çıxış imkanlarının genişləndirilməsi, qablaşdırma və saxlanc məsələlərində də KOB-ların çətinlikləri var”.

Qeyd edək ki, aqrar sektorda biznesin maliyyə resurslarına əlçatanlığının artırılması üçün əsas amillərdən biri təkmil aqrar sığorta mexanizminin olması hesab edilir. Azərbaycanda aqrar sığorta mexanizmi 2020-ci ildən tətbiq olunmağa başlayıb. Aqrar Sığorta Fondunun açıqladığı məlumata görə, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb. Əvvəlki illə müqayisədə aqrar sahə üzrə toplanan sığorta haqları 429 faiz artıb. Bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu, 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib. Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən 18 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 213 faiz artıqdır. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həcmi 59 milyon manata yüksəlib.

2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.

Bu ilin iyununa ölkə üzrə sığortalanan əkin sahələri 285 min hektar təşkil edib ki, bu da 1,6 milyon hektara çatan ümumi əkin sahələrinin 18 faizə yaxını deməkdir. Sığortalanan heyvan sayı da ölkə üzrə heyvan sayının kiçik bir hissəsini ifadə edir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında aqrar sığorta ilə əhatə olunma əmsalı hələlik bu sektorda kreditləşməni zəruri səviyyəyə çatdıracaq səviyyədə deyil. Aqrar sığorta mexanizminin işə salınmasından cəmi 2 il keçdiyini nəzərə aldıqda, qarşıdakı illərdə bu alətin daha effektiv təsirini görmək ehtimalının böyük olduğunu söyləyə bilərik. Sığorta hadisələri və onlara görə ödənişlər reallaşdıqca, fermerlərdə bu mexanizmə maraq da artacaq. Bu il Azərbaycanda ilk dəfə iqlim şəraitinə görə aqrar istehsalçılara dəyən zərərin ödənməsi üçün irihəcmli sığorta ödənişləri həyata keçirilib. Belə ki, may-iyun aylarında ölkə ərazisində qeydə alınan qeyri-sabit və dəyişkən hava şəraiti ilə əlaqədar olaraq təsərrüfat sahibləri xeyli miqdarda zərərlə üzləşib. Şəki-Zaqatala, Dağlıq Şirvan, Aran, Qarabağ, Lənkəran-Astara və digər bölgələrində baş vermiş dolu, fırtına, sel və ya subasma, həmçinin üçüncü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə çox ciddi ziyan dəyib. Bunun 30 min hektarı sığortalanmış sahələr olub. Aqrar Sığorta Fondu fermerlərə dəyən zərərin qiymətləndirilməsi işinə Türkiyədən 10 ekspert cəlb edərək prosesi qısa müddətdə yekunlaşdırıb. Avqust ayından 2,5 milyon manatdan yuxarı qiymətləndirilən zərər üzrə sığorta ödənişlərinə başlanıb. Bu kimi faktlar Azərbaycanda aqrar sığortaya marağın artmasına, prosesin sürətlənməsinə gətirib çıxara bilər. Dünya təcrübəsi də göstərir ki, aqrar sığortanın inkişafı, təkmil bir sistemin oturuşması üçün 10 il vaxt lazım gəlir. Aydın məsələdir ki, Azərbaycanın bu qədər vaxtı yoxdur və hökumət prosesin mümkün qədər sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçirməlidir.

Məlumat üçün qeyd edək ki, ötən il Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerlərə 70 milyon manatdan yuxarı güzəştli kreditlər və mikrokreditlər verib. 2020-ci ildə bu rəqəm daha yüksək - 85 milyon manata yaxın olub. Sahibkarlığın İnkişafı Fondunun 2021-ci ildə sahibkarlara ayırdığı 130,6 milyon manatlıq güzəştli kreditin isə 59 faizi - yəni 77 milyon manatı kənd təsərrüfatı sahəsinda çalışanların payına düşüb. Beləliklə, ötən il Azərbaycanda aqrar istehsalçılara verilən güzəştli kreditlərin həcmi 147 milyon manat təşkil edib. Bu isə hazırkı çağırışlar fonunda kifayət qədər kiçik məbləğdir...

Azərbaycanın keyfiyyətli benzin istehsalı imkanlarının perspektivi varmı? –  ekspert şərhi - 16.09.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın aqrar sektorunda kreditləşmənin zəif olmasının bir neçə səbəbi var: “Ən mühüm səbəblərdən biri budur ki, aqrar sektor çox böyük risklərin olduğu sahədir. Azərbaycanda mövcud aqrar sığorta mexanizmi kənd təsərrüfatında təbii iqlim şərtlərinə bağlı zərəri kompensasiya etsə də, dünya təcrübəsində geniş yayılmış gəlirlərin, məhsuldarlığın sığortalanmasını əhatə etmir. Bu da aqrar sektorda riskləri tam olaraq aradan qaldırmır. Digər tərəfdən, aqrar sığorta mexanizminin əhatə dairəsi çox məhduddur. Bu gün ölkədə aqrar istehsalçıların 95 faizdən çoxu ailə təsərrüfatlarıdır ki, onlar da bu mexanizmdən istifadə etmirlər. Riskləri artıran daha bir amil Azərbaycanın kənd təsərrüfatı məhsullarının demək olar ki, yeganə ixrac bazarının Rusiya olmasıdır. Son illərdə Rusiyanın bu və ya digər bəhanələrlə Azərbaycandan aqrar məhsulların bu ölkəyə ixracını məhdudlaşdırması halları müşahidə olunur. Bu isə daha bir ciddi risk formalaşdırır”.

Ekspert bildirir ki, regionlarda kredit təminatı problemi həll olunmamış qalmaqdadır: “Banklar regionlardakı daşınmaz əmlakı kredit təminatı olaraq qəbul etməkdən çəkinirlər. Regionlarda daşınmaz  əmlakın qiyməti aşağıdır, satış imkanları məhduddur. Buna görə də banklar belə əmlakı girov olaraq götürməməyə çalışır, daşınmaz əmlak bazarı aktiv olan Abşeron yarımadasında yerləşən əmlak tələb edirlər. Fermerlərin, aqrar istehsalçıların isə çoxunun belə təminat vermək imkanı yoxdur. Daha bir problem güzətli kredit imkanlarının da məhdud olmasıdır. Üst-üstə götürdükdə, ildə ən yaxşı halda 150 milyon manatlıq belə kreditləşmə həyata keçirilir ki, bu da mövcud tələb qarşılığında çox kiçik göstəricidir. Regionlarda kreditləşmə imkanlarını məhdudlaşdıran digər amil torpaq sahələri, mal-qaranın dəqiq uçotunun, sənədləşməsinin olmamasıdır”.

R.Həsənovun fikrincə, aqrar kreditləşməni artırmaq üçün ilk növbədə dövlət təminatı gücləndirilməlidir: “Çünki qısamüddətli dövrdə yalnız bu kimi alətlər effekt verə bilər. Kreditlər üçün dövlət zəmanəti mexanizmi var, onun aqrar istehsalçılara yönəlik genişləndirilməsi lazımdır. Bundan əlavə, kənd təsərrüfatına dövlət zəmanəti mexanizmləri daha da sadələşdirilməli və ucuzlaşdırılmalıdır. Aqrar sığorta mexanizmi genişləndirilməli, bu mexanizm ixrac, gəlirlər və məhsuldarlığı da əhatə etməlidir. Aqrar sahə bütün dünyada dövlətin dəstəyini alır, çünki ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin olunması vacibdir. Dövlət kənd təsərrüfatının müasir texnologiyalara əsaslanan intensiv inkişafını təmin etmək üçün dəstəyini xeyli artırmalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR