İnsanlara hürriyət, millətlərə istiqlal!

ANCA və Pallone xətti: Vaşinqtondakı təxribatın arxasında kimlər dayanır?

2323 20.02.2026 10:45 Siyasət A A

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclası zamanı Azərbaycan dövlət rəhbərliyinə qarşı baş vermiş təxribat cəhdi hadisəni sırf lokal təhlükəsizlik insidenti kimi deyil, daha geniş siyasi və geosiyasi kontekstdə qiymətləndirməyi zəruri edir.

Musavat.com-un daha öncə də xəbər verdiyi kimi bir qrup radikal şəxs mühafizə olunan əraziyə daxil olmağa cəhd göstərib, təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, təhlükəsizlik perimetrini zorakı şəkildə yarmağa çalışıb. Azərbaycan Prezidentinin təhlükəsizlik xidməti və Vaşinqton polisi operativ müdaxilə edərək vəziyyəti nəzarət altına alıb və insidentin böyüməsinin qarşısını alıb.

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və ABŞ polisi  təxribata imkan vermədi - VİDEO

Hadisənin baş verdiyi məkan və zaman xüsusilə diqqət çəkir. Sülh gündəliyinin müzakirə olunduğu, beynəlxalq diqqətin yönəldiyi bir platformada belə bir aksiyanın təşkili spontan emosional etiraz təsiri bağışlamır. Bu cür addımlar adətən informasiya effekti yaratmaq, tədbirin mahiyyətini kölgədə qoymaq və siyasi mesaj vermək məqsədi daşıyır. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə səsləndirilən şüar və ifadələr də göstərir ki, burada əsas məqsəd konstruktiv siyasi mövqe ifadə etmək deyil, qarşıdurma görüntüsü yaratmaq olub.

Vaşinqton uzun illərdir diaspor və lobbi qruplarının fəal siyasi fəaliyyət göstərdiyi mərkəzdir. Xüsusilə erməni diaspor təşkilatları ABŞ siyasi sistemində təşkilatlanmış və təsir mexanizmləri formalaşdırmış strukturlara malikdir. Bu baxımdan “Armenian National Committee of America” (ANCA) kimi qurumların fəaliyyəti xüsusi qeyd olunmalıdır. Həmin təşkilat illərdir ABŞ Konqresi, yerli administrasiyalar və ictimai rəy üzərində təsir imkanlarından istifadə edərək Azərbaycan əleyhinə qətnamə və təşəbbüslərin irəli sürülməsinə çalışır. Vaşinqtondakı son hadisə ilə paralel şəkildə informasiya müstəvisində eyni tezislərin tirajlanması və aksiyanın müdafiə olunması sinxronluq təəssüratı yaradır.

anca11.jpg (146 KB)

Burada diqqət çəkən başqa bir məqam ABŞ siyasi dairələrində erməni lobbi strukturlarına yaxınlığı ilə tanınan fiqurların mövqeyidir. Məsələn, Frank Pallone uzun illərdir Azərbaycan əleyhinə bəyanatları və təşəbbüsləri ilə seçilir. O, 907-ci düzəlişin müəlliflərindən biri kimi ABŞ-ın Azərbaycana münasibətdə məhdudlaşdırıcı siyasətinə töhfə verib. Onun ritorikası və siyasi fəaliyyəti erməni lobbi strukturlarının xətti ilə üst-üstə düşür. Bu fonda Vaşinqtondakı təxribatdan dərhal sonra da mövqeyini irəli sürüb, hadisəni dəstəkləyib. Məsələ artıq yəqin ki, çoxlarına aydın oldu və əlavə izaha ehtiyac  yoxdur. Gülməlisi odur ki, aksiyada iştirak edənlər erməni şovinistlərinin əlaltısına çevrilərək belə bir əmələ əl atıblar. Öz erməni maraqları ilə təxribata cəhd edib, guya nələrəsə nail olmağa çalışıblar...

ffb0f3a71235397fb11f4d1d931ef4cd.jpg (99 KB)

ABŞ siyasətində lobbiçilik qanuni mexanizmdir, lakin xarici diaspor maraqlarının başqa dövlətə qarşı sistemli təzyiq alətinə çevrilməsi beynəlxalq münasibətlər baxımından suallar doğurur. Son illərdə ABŞ-da müxtəlif lobbi və korrupsiya qalmaqalları gündəmə gəlib. Xüsusilə Bob Menendez ətrafında yaranmış hüquqi proseslər xarici təsir və maliyyə mexanizmlərinin siyasi qərarverməyə təsir göstərə bildiyini ortaya qoyub. Bu kontekst Vaşinqtondakı insidenti daha geniş təsir şəbəkələrinin fonunda qiymətləndirməyə əsas verir.

Hadisənin mahiyyəti yalnız fiziki təhlükəsizlik perimetrinin pozulmasına cəhddə deyil. Burada informasiya müharibəsi elementi də açıq görünür. Müasir siyasi qarşıdurmalar klassik diplomatik müstəvidən kənara çıxaraq media, sosial şəbəkələr və ictimai aksiyalar vasitəsilə formalaşdırılır. Məqsəd hadisənin özündən daha çox onun yaratdığı rezonansdır. Təxribatın sülh gündəliyinin müzakirə edildiyi vaxtda təşkili Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə kölgə salmaq, diqqəti əsas mövzulardan yayındırmaq və beynəlxalq informasiya axınında neqativ fon yaratmaq cəhdi kimi qiymətləndirilə bilər.

F5nCbC7HgzLVUt3qVTYqXnEVfJ2Tpm9m (1).jpg (45 KB)

Digər tərəfdən, aksiyada səsləndirilən tezislərin erməni şovinist dairələrinin ritorikası ilə üst-üstə düşməsi siyasi paralelliyi göstərir. Bu sinxronluq daxili radikal ünsürlərin xarici ideoloji mərkəzlərlə eyni xətt üzrə hərəkət etdiyini göstərir. Belə vəziyyətdə məsələ artıq təkcə siyasi mübahisə deyil, milli maraqlar kontekstində qiymətləndirilir. Xarici təsir mərkəzlərinin gündəmini təkrarlamaq və beynəlxalq platformada dövlətə qarşı aqressiv davranış sərgiləmək siyasi polemika deyil, destruktiv mövqe kimi görünür.

ABŞ Konstitusiyası söz və toplaşma azadlığını təmin etsə də, təhlükəsizlik zonasının zorla pozulmasına və qorunan şəxslərə qarşı təhdid xarakterli davranışlara icazə vermir. Böyük beynəlxalq tədbirin keçirildiyi bir məkanda təhlükəsizlik perimetrini yarmağa cəhd göstərilməsi diplomatik protokol və ictimai asayiş baxımından ciddi pozuntu hesab olunur. Vaşinqton polisinin və təhlükəsizlik xidmətinin operativ müdaxiləsi bu baxımdan hüquqi çərçivənin qorunduğunu göstərir.

Cənubi Qafqaz və Qarabağ: Qlobal və regional güclər nəyə çalışır... -  TƏHLİL | Modern.az

Geosiyasi müstəvidə isə hadisə Azərbaycanın son illərdə regional proseslərdə artan roluna qarşı narazı dairələrin fəallaşması kimi oxunur. Cənubi Qafqazda yeni reallıqlar formalaşdıqca, sülh və əməkdaşlıq gündəliyi gücləndikcə, bu proseslərdən məmnun olmayan mərkəzlərin informasiya və siyasi təzyiq mexanizmlərini işə salması təəccüblü deyil. Vaşinqtondakı insident həm də bu fonun bir elementi kimi görünür.

Ancaq Azərbaycan hər zaman sülhdən yana olub və bu istiqamətdə bütün lazımı addımlarını uğurla atıb, bundan sonra da atacaq. Bütün təxribatlara, erməni dəyirmanına su tökənlərin addımlarına baxmayaraq...

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR