İnsanlara hürriyət, millətlərə istiqlal!

Anara təbrik əvəzi, Çingiz Abdullayevə isə...  

2424 27.10.2022 15:10 Ölkə A A

AYB sədri müavinindən fərqli olaraq bilir ki, media süzülmüş bal bankası deyil, media bir işçi arıdır, onun bal toplamaq qabiliyyəti də var, zəhərli tikanı da...

Yazıçıların qurultayı keçirilib. Hörmətli Anar müəllim gözlənildiyi kimi, yenidən sədr olub. Səmimiyyətlə, təbrik edirəm! Hesab edirəm ki, hazırkı reallıqlar çərçivəsində ondan yaxşısı olmayacaqdı bu postda.

Dəyərli Ramiz Rövşənlə razılaşıram, Anarsız AYB əvvəlki formasını, məzmununu, diqqətçəkənliyini saxlaya bilməz.
Onunla da razıyam ki, Azərbaycanda şəxsiyyətlər daha böyük rol oynayır, nəinki postlar.
Son dövrlər isə nəinki Azərbaycanda, bütövlükdə dünyada sanballı, hamının qəbul edə biləcəyi, gerçək ziyalı, “Dədə Qorqud”, ağsaqqal... kimi görünən şəxslər çox ləng, çox az yetişir. Səbəb nədir? Təbiətin işidirmi, yoxsa insanları daha rahat kəşf etmək, üzünü-astarını bilmək, dərindən tanımaq üçün texnoloji imkanlar artıb deyə adamların, toplumun gözündə yüksəlmək çətinləşibmi, deyə bilmərəm.

Günümüzün bir gerçəyi, reallığı da odur ki, AYB sədrliyinə iddialı gənc yazarlar demokratik seçki keçirilsə də, Anara qalib gələ bilməzdilər. O nüfuzları, o mühit, o şərtlər yoxdur.
Bəs Anar namizədliyini verməsəydi? Hə, şübhəsiz ki, onda Azərbaycan dilində normal danışmağı belə bacarmayan, nə zamandır AYB sədri olmaq istəyən Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin sədri postunu ələ keçirəcəkdi...

Jurnalisti, aşağı-yuxarı öz qələm yoldaşı sayılan şəxsi bircə sərt suala görə qeyri-Azərbaycan dilində “utanmaqdan ölmürsən” deyib təhqir edən adamdansa Anarın daha 5 il müddətinə AYB sədri olması Allahın yazarlara, cəmiyyətə, xalqa bir lütfüdür...

Bəziləri “gənc jurnalistin sualı yerində deyildi, qıcıqlandırıcı idi” deyirlər. Əslində sualda qeyri-etik, normadan kənar heç nə yox idi, sadəcə sərt, ütüsüz sual idi.

Lap deyək ki, qıcıqlandırıcıdır. Əvvəla, sivil dünyanın harasında jurnalistin xüsusi ilə maliyyə məsələləri ilə bağlı sualından bal süzülür? Digər tərəfdən, hətta hesab edək ki, jurnalist bir az köntöy sual verib, təcrübəsizdir. Axı onun sual verdiyi şəxs özünü ziyalı sayır, “Xalq yazıçısıyam” deyir. Xalq yazıçısı normalda neyləməli idi? Ortaya ziyalı mövqeyi qoymalı idi ki, cəmiyyətə də, jurnalistlərə də nümunə olsun, müxbir təcrübə qazansın, növbəti dəfə sual qoyuluşunda həssas olsun! Gerçək ziyalı təmkinlə deməli idi ki, bax oğlum, bu sualın qoyuluşu bir qədər düzgün deyil, həm də indi əlimdə qaimələr yoxdur deyə, xərclər barədə dəqiq məlumat verə bilmirəm, sabah gəlin AYB-yə, tanış olaq birlikdə. Əgər həmin o 203 min manat təyinatı üzrə xərclənibsə, bunu çox rahatlıqla deyə bilərdi. Amma adam neylədi? Səbəb olmadan, günahkarcasına təhqirlər yağdırdı. Cəmiyyət üçün çox pis nümunə yaratdı. Əgər özünü cəmiyyətin ziyalısı, Xalq yazıçısı hesab edən şəxs belə davranırsa, aqressiya püskürürsə, sadə insanlar da eynisini təkrarlayacaq. Buradan bir qənaətə də gəlmək olur, cəmiyyətimizdəki ümumi aqressiya, qaba ictimai davranışlar da məhz belə “ziyalı nümunələrinin” acı nəticəsidir! Necə deyərlər, aşıq gördüyünü çağırar. Bir çox insanlar ziyalısına oxşamağa çalışır!..

Ümumən, dünyada sınanılmış bir norma var: Jurnalistlə, media ilə normal davranmağı bacarmayanların sonu fəna olur. Media ilə savaşıb, jurnalisti söyüb, təhqir edib bir xoş tale, ömür, vəzifə keyfi yaşamaq mümkün olmur...

Qurultay günü çox hörmətli Anar müəllim də jurnalistlərə azca əsəbləşmişdi, amma anındaca bir az sözlə oynayaraq, bir az da ağsaqqal tövsiyəsi ilə vəziyyətdən çıxdı. Media təmsilçilərinin sualına cavab olaraq dedi ki, bu, onun sonuncu 5 illiyidir, bu müddətdə nə mümkündür etməyə çalışacaq: “Mətbuatın zəhərlərini uda-uda bu 5 ili yaşaya bilsəm, ondan sonra kimi istəsəniz seçərsiniz”. Daha sonra jurnalistlərə obyektiv olmağı, qərəzli yazılar yazmamağı tövsiyə etdi.

Düzdür, Anarı media çox tənqid edib. Anar müəllim də jurnalistləri çox yamanlayıb, amma indiyədək kimisə təhqir etməsi halına rast gəlməmişəm. Onun “media zəhəri” deyimi çox incə bir mesajdır: Anar Ç.Abdullayevdən fərqli olaraq bilir ki, media süzülmüş bal bankası deyil, media bir işçi arıdır, onun bal toplamaq qabiliyyəti də var, zəhərli tikanı da...

Allah Anara 110 il yaşamağı nəsib etsin, Çingiz Abdullayev isə heç zaman AYB sədri ola bilməsin. Amin!

Elşad MƏMMƏDLİ

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR