İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA-dan “Yeni Müsavat”da dərc olunan yazıya CAVAB

1481 11.09.2023 14:43 Təhsil A A

Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat xidməti “Yeni Müsavat” qəzetinin 9-11 sentyabr 2023-cü il tarixli sayında https://musavat.com/news/amea-prezidentine-sok-ittiham-bir-nece-vezife-tutub-korrupsiyaya-goz-yumur_1004307.html məqaləsindəki ittihama cavab verib.

AMEA-nın Mətbuat xidmətindən modern.az -a daxil olan açıqlamada deyilir ki, sözügedən məqalədəki məlumatlar obyektiv reallığı əks etdirmir:

“Belə ki, barəsində söz açılan Akademiyanın Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək və dilçilik elmini inkişaf etdirmək üçün dövlət tərəfindən nəzərdə tutulmuş 2 milyon manatlıq maliyyə vəsaiti 29 may 2012-ci il tarixdə ayrılıb və həmin ilin sonuna qədər avadanlıqlar alınıb, 12 iyun 2013-cü il tarixdə isə nəzərdə tutulan kitabların nəşri barədə hesabat təqdim olunub.

Akademik İsa Həbibbəyli isə qeyd edilən dövrdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində işlədiyi üçün nə ayrılmış maliyyə vəsaiti, nə də həmin vəsaitin hara və nəyə xərclənməsi barədə heç bir məlumata malik ola bilməzdi. Məlum olduğu kimi, İsa Həbibbəyli 24 aprel 2013-cü il tarixdə AMEA-nın Ümumi yığıncağında Akademiyanın vitse-prezidenti vəzifəsinə seçilib, may ayından etibarən vəzifəsinin icrasına başlayıb.

Bundan başqa, bir daha qeyd etməyi lazım bilirik ki, Akademiya sistemində vitse-prezidentlik institutu vasitəsilə bank və maliyyə əməliyyatlarının aparılması proseduru heç vaxt olmayıb və indi də yoxdur. AMEA-nın vitse-prezidenti vəzifəsini daşıyan şəxslər Akademiyanın Nizamnaməsinin müddəalarına uyğun olaraq, onlara aid olan Elmi Bölmənin və həmin Bölmənin tərkibindəki elmi-tədqiqat institutlarının elmi-təşkilati, elmi-metodiki problemlərinin həll edilməsi, beynəlxalq əlaqələrin təşkili və tənzimlənməsi, müxtəlif səviyyəli elmi tədbirlərin keçirilməsi, mütəxəssis hazırlığı, seçkilərin keçirilməsi və sair kimi məsələlərlə məşğul olur, müəyyən edilimiş islahatların və proqramların həyata keçirilməsi vəzifələrini icra edirlər. Bu baxımdan Akademiyada hər hansı bir tabe elmi qurumda maliyyə məsələləri ilə əlaqələr məsuliyyəti vitse-prezidentlərə aid etmək, bu kontekstdə Nəsimi adına Dilçilik İnstitutundakı maliyyə proseslərini vitse-prezident vəzifəsində çalışmış İsa Həbibbəyliyə bağlamaq tam əsassızdır.

Buna baxmayaraq, müxtəlif vaxtlarda bəzi qüvvələr sosial şəbəkələrdə məqsədli şəkildə haqsız olaraq İsa Həbibbəylinin adını Dilçilik İnstitutuna aid maliyyə məsələləri ilə hallandırmaqla cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışıblar. AMEA-nın vitse-prezidenti kimi İsa Həbibbəyli 1 fevral 2021-ci il tarixdə sosial şəbəkələrdə və mətbuatdakı açıqlamasında Dilçilik İnstitutuna ayrılmış maliyyə vəsitinin xərclənməsinin onun fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını rəsmən bəyan edib.

AMEA-nın rəhbər işçilərinin əlavə vəzifə daşımaları haqqında isə onu bildirmək istəyirik ki, Akademiyada çoxillik ənənəsi olan bu məsələ ilə əlaqədar artıq müvafiq layihə hazırlanıb, yaxın zamanlarda ictimaiyyət bunun nəticələri ilə tanış olacaq”.

Xatırladaq ki, adı çəkilən məqalədə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dosent Şahlar Məmmədovun (Şahlar Göytürk) və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun fikirləri yer almışdı. İnstitutun professorları dövlət tərəfindən elmə ayrılan pulların “yeyildiyini”, İsa Həbibbəylinin isə bu korrupsiyaya “göz yumduğunu” qeyd etmişdilər.

“Ümid edirəm ki, dövlətin dilimizin və dilçilik elmimizin inkişafına ayırdığı pulları basıb yemə əməliyyatına və plagiat əsərlərin dövlət vəsaiti hesabına çap olunmasına, əsl iş görənlərin sıxışdırılmasına, elm müəssisəsinin bazara çevrilməsinə və digər rüsvayedici məsələlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli reaksiya verəcək, təbii ki, əgər özündə güc tapacaqsa! Hər halda cənab Həbibbəyli, elmə töhfəsi olan, maaşa baxan dürüst Azərbaycan aliminin ehtiyac içində çırpındığı bir vaxtda, 4-5 dövlət vəzifəsi tutub (həmin vəzifələri icra etmək onun fiziki və zehni imkanları xaricindədir) büdcədən böyük maaşlar alsa da, bu qəbil taleyüklü problemlərin altına əlini qoymur”, - deyə İdris Abbasov bildirmişdi.

Xalidə Gəray
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR