İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA prezidentinə şok ittiham: “Bir neçə vəzifə tutub, korrupsiyaya göz yumur...”

1986 09.09.2023 14:13 Ölkə A A

Qulu Məhərrəmli: “Bu məsələdə İsa Həbibbəylinin adı elə-belə çəkilmir, çünki...

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, uzun müddət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, institutun ”sirr qutusu", dosent Şahlar Məmmədov (Şahlar Göytürk) dövlətin dilimizin inkişafı üçün ayırdığı pulları “basıb yeyənləri” təhlükəli hesab edib". Bunu paylaşımında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov qeyd edib.

Professor daha sonra bildirir: “O, uzun illər söylədiyim və buna görə akademşəbəkənin təqibinə məruz qaldığım faktları ilk dəfə olaraq dilə gətirib. Deməli, elmə ayrılan pulların yeyilməsinin milli maraqlara zərbə olması məsələsinin ciddiliyi dərk olunmaqdadır. Şöbə müdiri özünün feysbuk hesabında yazır: ”Bir var ana dilini bilməyə-bilməyə dilin anasını ağladasan, bir də var bilə-bilə bu dilin anasını ağladasan! Bir var cümləni düzgün qura, fikrini dəqiq ifadə edə bilməyəsən, ləhcə elementləri ilə danışasan, cümlədə şəkilçiləri “yeyəsən”, bir də var dövlət babanın dilimizin və dilçiliyin inkişafına ayırdığı pulları basıb yeyəsən! Sizcə, hansı daha təhlükəlidir? Bunlardan birincisi günah, ikincisi cinayətdir. Yəni bir şəxsin “yazıçı”ya, “yazıçu” deməsi ilə dilimiz heç nə itirməz, çünki bu dil Elmar bəydən də əvvəl mövcud idi, Çingiz bəydən də sonra yaşayacaq.

Dilimizin tarixən formalaşmış ədəbi normalarına sayğı ilə yanaşmaq, dövlət dilini bilmək, bu dildə danışmaq, yazmaq və bu dili övladlarına sevə-sevə öyrətmək hər bir vətəndaşın borcudur.  Bu öhdəlikləri bilərək yerinə yetirməyən şəxsləri kəskin qınamaq lazımdır ki, başqalarında da ibrət dərsi olsun".

Ümid edirəm ki, dövlətin dilimizin və dilçilik elmimizin inkişafına ayırdığı pulları basıb yemə əməliyyatına və plagiat əsərlərin dövlət vəsaiti hesabına çap olunmasına, əsl iş görənlərin sıxışdırılmasına, elm müəssisəsinin bazara çevrilməsinə və digər rüsvayedici məsələlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli reaksiya verəcək, təbii ki, əgər özündə güc tapacaqsa! Hər halda cənab Həbibbəyli, elmə töhfəsi olan, maaşa baxan dürüst Azərbaycan aliminin ehtiyac içində çırpındığı bir vaxtda, 4-5 dövlət vəzifəsi tutub (həmin vəzifələri icra etmək onun fiziki və zehni imkanları xaricindədir) büdcədən böyük maaşlar alsa da, bu qəbil taleyüklü problemlərin altına əlini qoymur".

Xatırladaq ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə bağlı narazılıqlar artıq uzun illərdir ki, var. Səslənən ittihamlarda bildirilir ki, 2012-ci ildə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam verib. Sərəncamın icrası üçün isə Prezidentin Ehtiyat Fondundan Dilçilik İnstitutuna 2 milyon manat vəsait ayrılıb. Vəsaitin ayılması monoqrafik əsərlərin hazırlanması, eyni zamanda, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanan əlyazmaların hazırlanaraq nəşr edilməsi, bir sözlə, ana dilinin inkişafı üçün nəzərdə tutulsa da, bu vəsait aidiyyəti üzrə xərclənməyib. Hətta 2012-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinə müraciət edib, bildirmişdilər ki, “bir müddət əvvəl prezidentin sərəncamı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ayrılan 2 milyon manat vəsait institutunun maddi-texniki bazasının gücləndirilməsinə deyil, F.Veysəllinin xaricdə yaşayan oğlunun, ingilis kürəkəninin, eləcə də onun özünün və akademiyanın Rəyasət Heyətindəki səlahiyyətli havadarlarının maddi durumunun genişləndirilməsinə sərf olunub”.

Eləcə də bu günlərdə tanınmış İT mütəxəssisi Osman Gündüz AMEA-nın dilçiliklə bağlı fəaliyyətini tənqid etmişdi.

Bəs hazırda Dilçilik İnstitutunda nə baş verir? Alimlər niyə narazıdırlar?

Məsələ ilə bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli və Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.

 

2014-cü ilin mayında akademik Tofiq Hacıyevin dəvəti ilə AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyətə başlayıb, institutun Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışan, 2016-cı ildə isə öz ərizəsi ilə institutu tərk edən  professor Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Həqiqətən də ölkə Prezidentinin 2012-ci ildə Dilçilik İnstitutuna ayırdığı vəsaitin necə xərclənməsi ilə bağlı ortada dəqiq hesabat yoxdur. Bu məsələ rəhmətlik Tofiq Hacıyevin də vaxtında qaldırılmışdı, o, bu məsələni araşdırmaq istəyirdi.

Ümumiyyətlə bu, Dilçilik İnstitutundan kənar bir hadisədir. Həmin pul Fəxrəddin Veysəllinin dövründə ayrılmışdı, amma onun bu işlərə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. O vaxt Akademiyanın özündə, bir qədər yuxarı təbəqələrdə bu məsələni kurasiya edən adamlar var idi, həmin pulun xərclənməsinə də onlar  cavab verməlidir. Beləliklə, həmin vəsaitin hara xərclənməsinə aydınlıq gətirilməsə, bu söz-söhbətlər bundan sonra da davam edəcək. Bu məsələdə İsa Həbibbəylinin adının çəkilməsinə gəldikdə, doğrudur, dəqiqliklə kimisə ittiham etmək olmur, amma həmin vaxt İsa Həbibbəyli Akademiyanın vitse-prezidenti, yəni bu işlərə aidiyyəti olan adam idi. Hesab edirəm ki, adlar elə-belə çəkilmir".

Qulu Məhərrəmli kafedra müdiri oldu

Qulu Məhərrəmli

Qulu Məhərrəmli zamanında AMEA-nın Dilçilik İnstitutunu hansı səbəbdən tərk etməsindən də danışıb: “Bu, çox uzun  məsələ, qəribə tarixçədir. Tofiq Hacıyev vəfat etdikdən sonra onun başladığı işlərin hamısı yarımçıq qaldı, gələn yeni rəhbərliyin lazımi qədər işləmək həvəsini hiss etmədim, görmədim, mənim üçün də meydanı xeyli daraltdılar, elə şərait yaratdılar ki, institutdan getdim. Hərçənd ona qədər  bir neçə dəfə mətbuata bəyan etmişdim ki, Tofiq Hacıyevdən sonra institutda qalıb işləmək istəmirəm. Qeyd edim ki, həmin dövrdə Dilçilik İnstitutu ilə bağlı Dövlət Proqramında müəyyən olunmuş bir neçə vəzifə var idi ki, onlardan biri də ”Qaynar xətt"in yaradılması idi. Mən həmin “Qaynar xətt”in yaradılmasına nail olmuşdum və onun  son tamamlanma işləri bitən kimi, İnstitutu tərk etdim".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR