İnsanlara hürriyət, millətlərə istiqlal!

“Altılı masa”da çatlaq səslər: Kılıçdaroğlu 28 maya nə vədlə gedir?

2517 17.05.2023 09:18 Siyasət A A

Akşenerin “Mən sizə belə olacağını demişdim” qəzəbi; gücləndirilmiş parlament vədindən vaz keçilməli, yeni nələrsə düşünülməlidir...

Türkiyədə prezident seçkiləri ikinci tura qaldı. Bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener açıqlama verib. Onun sözlərinə görə, ölkədaxili səsvermədə seçici fəallığı 88,92 faiz, xaricdə isə 52,69 faiz olub.  Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına görə, Rəcəb Tayyib Ərdoğan 49,51% səs, Kamal Kılıçdaroğlu 44,88%, Sinan Oğan 5,17%, Məhərrəm İncə isə 0,44% səs toplayıb. Seçkilərin ikinci turunun bazar günü - 28 may 2023-cü il tarixində keçirilməsi qərara alınıb. İlk seçkidə ən çox səs toplayan iki namizəd mayın 28-də keçiriləcək ikinci səsvermədə mübarizə aparacaq.

Türkiyəli seçicilər parlamentdəki 600 yer üçün də səs veriblər. AKP və Cümhur İttifaqına daxil olan Milliyyətçi Hərəkat Partiyası 300-dən çox mandata sahib olublar ki, bu da parlament çoxluğu deməkdir. Bu nəticə onu göstərir ki, “Altılı masa”nın əsas seçki sloqanı olan gücləndirilmiş parlament sisteminə keçid alınmayacaq. Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener prezident seçkilərinin nəticələrinə sərt reaksiya verib. Bu barədə “Yenişafak” qəzeti məlumat verib. Bildirilir ki, Akşener seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra ətrafındakı rəsmilərə “Mən sizə belə olacağını demişdim”, - deyə bildirib. Bəzi mənbələrin iddiasına görə, Akşener pəncərə şüşəsinə də zərbə endirib. Qeyd edək ki, Meral Akşener müxalifətin namizədinin Kamal Kılıçdaroğlu olmasına qarşı çıxıb, İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun və ya Ankaranın bələdiyyə başqanı Mənsur Yavaşın namizəd olmasını istəyirdi.

Gözlənilir ki, seçkinin ikinci turunadək “Altılı masa” da gərginlik artacaq. Amma əsas məsələ odur ki, Kılıçdaroğlu artıq gücləndirilmiş parlament vədindən vaz keçməli, seçicinin ona səs verməsi üçün yeni nələrsə düşünməlidir.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğanın hər kəsə dərs keçdiyini qeyd etdi: “Əvvəla onu deyim ki, ATƏT-in müşahidəçi qrupu ötən həftə qardaş ölkə Türkiyədə keçirilən prezident və parlament seçkisinin demokratik keçdiyini elan etdi. Bir dənə Qərb təşkilatı tapılmadı ki, seçkilərin demokratikliyini şübhə altına salsın. ABŞ prezidenti Bayden, Türkiyədəki seçkilərin nəticəsindən asılı olmayaraq sonucu tanıdığının və qaliblə işləyəcəklərinin mesajını verdi.  Bütün bunlara rəğmən seçki günü təəssüf ki, "Altılı masa+PKK terror təşkilatı" yenə hoqqa verməkdə davam etdilər. Seçki boyu göstərilən nəticələrlə bağlı guya “Anadolu ajansı” yalan söyləyir kimi şər-böhtan atdılar. Seçki gedə-gedə anadangəlmə artist İmamoğlu kukla namizədləri Kılıçdaroğlunu qələbə ilə bağlı təbrik etdi. İmamoğlu anlayandan sonrakı dozu bir az çox edib, seçkinin nəticələrinə şübhə etmədiyini, sadəcə, Kılıçdaroğlunun prezident seçiləcəyinə inandığı üçün bu təbriki etdiyini söylədi. “Halk TV”, “Fox TV” kimi antimilli KİV-lər seçkinin nəticələri ilə bağlı yalançı rəqəmlər göstərməklə məşğul oldular. Müxalifətin məşhur aparıcı jurnalistlərindən olan Portağal adlı dəyyus Azərbaycanın Türkiyəyə qardaş ölkə olmadığını söylədi. Portağala buradan səslənirəm, ay gədə, sənin kimilər Azərbaycan və Türkiyənin qardaşlığını ölçmək qabiliyyətində deyilsiniz. Amerikanın yedəyi olan müxalifət, müşahidəçilərinə sona qədər sandıkda durmağa populist, ehtiyacı duyulmayan çağırışlar etdi. CHP və PKK tərəfdarlarını küçəyə çıxmağa çağırışlar etməyə başladılar. Gördüyünüz, izlədiyiniz kimi, seçki günü ruhunu İblisə satmış müxalifət bütün hoqqalardan çıxdılar, provokasiyalar etdilər və sonda quzu kimi şübhə altına aldıqları Anadolu ajansı və seçkilərlə bağlı ali dövlət qurumu olan YSK-nın elan etdiyi nəticələrə tabe oldular. Adama deyərlər göstərdiyiniz hərəkətlər nədir, sonda etdiyiniz nədir?!

Prezident və parlament seçkilərinin nəticələrinə gəldikdə, əvvəla, “diktator” daxildəki “demokratlar”a və bütün Qərbə əsl demokratiya dərsi keçdi. Türkiyədə keçirilən son prezident seçkisi ABŞ-da olan son iki prezident seçkisindən daha şəffaf, demokratik keçdi. Demokratiyanın mərkəzləri sayılan Fransa və ABŞ-dan Türkiyə daha demokratik ölkə olduğunu göstərdi. 0,5%-i iqtidar istəsəydi elə saxtalaşdırardı ki, heç kəsin ruhu inciməzdi, amma bunu etmədilər və əlbəttə ki, gərəyini yapdılar. Əslində müxalifət istər prezident, istər parlament seçkilərinin sonucu ilə məyusdur. Bunu sifətlərindən, mimikalarından və çıxışlarından sezmək olardı. Çünki onlar hər iki seçkidə qalibiyyət gözləyirdilər. Bütün siyasi-iqtisadi basqılar, dağıdıcı zəlzələyə rəğmən Ərdoğan və Cümhur İttifaqı yenə qalib gəldi. Keçən prezident seçkiləri ilə müqayisədə Ərdoğan səsini 2-3 milyon daha da artırdı. Və bəlkə ən gözlənilməzi parlament seçkilərində oldu, Cümhur İttifaqı yenə də çoxluğu qazandı. AK Partinin əsas müttəfiqi MHP səslərini və deputat sayını artırdı, bu da bir xoş sürpriz oldu. Bununla da MHP ona əvvəlki nüfuzunu itirmisən deyənlərə gözəl cavab vermiş oldu. Ümumiyyətlə, MHP son iki parlament seçkilərində səslərini artırmaqda davam edir. Xoş hallardan biri o oldu ki, zəlzələdən əziyyət çəkən bölgələrin çoxluğu Rəcəb Tayyib Ərdoğana səs verdi. İkinci tura gəldikdə, fikrimcə, inşallah, Tayyib Ərdoğan qalib gələcək. Parlament seçkilərində uğursuzluğa düçar olan müxalifəti prezident seçkilərinin ikinci turunda da eyni aqibət gözləyir. Sinan Oğanın ikinci turda həlledici dəstəyinə gəldikdə isə, mən bunu belə hesab etmirəm. Oğanın yığdığı 5+% oranı onun şəxsinə verilən dəstək deyil. Elə olsaydı, liderlik etdiyi “ATA bloku” 2% yığıb barajda qalmazdı. MHP və AK Partidən küsən millətçilər, Oğanın kimə dəstək verəcəyindən asılı olmayaraq seçim Ərdoğan-Kılıçdaroğlu qalanda, səslərini inşallah, rəisə verəcəklər. Akşener-Kılıçdaroğlu qarşıdurmasının əsas hissəsini isə müxalifətin tam məğlubiyyətindən sonra görəcəyik".

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa  çalışırlar

 Kənan Rövşənoğlu 

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu indidən 28 may barədə danışmağın tez olduğunu söylədi: “Seçkinin nəticələri barədə indidən nəsə demək doğru olmaz. 14 may seçkiləri göstərdi ki, Türkiyədə siyasi sürprizlər hər zaman ola bilər. Ancaq birinci turun nəticələri Ərdoğanın xeyrinədir. O, prezident seçkilərini irəlidə başa vurub, rəqibindən 5 faiz öndədir, ən əsası onun komandası daha mobil və ideoloji olaraq daha yaxındır. Onları mobilizə edib ikinci tura aparmaq daha asan olacaq. Ən nəhayət, parlamentdə çoxluğu əlində saxlayır. Ancaq Kılıçdaroğlunun vəziyyəti Ərdoğanda olduğu qədər asan deyil, qalib olmaq üçün 5+ faiz səsini artırmalıdır. Bu da nəzəri cəhətdən mümkün olsa da, elə də asan məsələ deyil. Lakin mən, açığı, 28 maya qədər Millət İttifaqında parçalanma gözləmirəm. Partiyalar bu dövr üçün parçalanmaya gedib imicini zərbə altında qoymazlar. Orada yeganə narazılıq İYİ Partiyada ola bilər, onların da bu arada nəsə edəcəyi inandırıcı deyil. Lakin seçkilərdən sonra Millət İttifaqı davam etməyə və ya qopmalar ola bilər. Onu isə indidən demək tezdir. Hər şey seçkidən sonra aydınlaşacaq. O ki qaldı parlament sistemindən imtinaya, məncə, bunu da indidən demək tezdir. Hazırda sistemdə prezidentin çox böyük səlahiyyətləri var, yeni prezident əgər ölkədə köklü sistem islahatlarına getmək istəsə, bunun üçün əlində çox ciddi mexanizmlər olacaq. Onlardan biri də prezident və parlament institutu arasında anlaşılmazlıq olacağı təqdirdə yeni parlament seçkilərinə getməkdir. Yəni bu barədə indidən nəsə demək tezdir. Seçkiləri gözləmək lazımdır”.

Elxan Şükürlü: Ölkədə qarışıqlıq salmanın bircə adı var:

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü bu barədə maraqlı bir facebook profilində status paylaşıb: “14 mayda Türkiyə xalqının və dövlət ağlının ortaya qoyduğu misilsiz iradə nəinki Türkiyənin öz gələcəyini kiminlə, hansı siyasi qüvvə ilə gördüyünü bütün dünyaya nümayiş etdirdi, həm də bu, seçkilər üzərindən Türkiyəni qarışdırmağı hədəfləmiş Qərbin sifətinə tərs şapalaq oldu. Qərb mediasının və sorğu mərkəzlərinin sistemli şəkildə Ərdoğan və AKP əleyhinə apardıqları nüfuzdansalma kampaniyalarına, sosial şəbəkələr üzərindən pozucu müdaxilələrinə və seçiciyə psixoloji basqılarına baxmayaraq, Ərdoğanın namizədliyini müdafiə edən Cümhur İttifaqı 600 nəfərlik Türkiyə parlamentinin yarıdan çoxunu götürməyə müvəffəq oldu; Ərdoğanın özü isə ilk turdaca Qərbin qurduğu koalisiyanın - "Altılı masa + PKK"nın namizədi Kılıçdaroğlunu azı 2,5 milyon səslə - 5 faizlik fərqlə üstələdi.

İlk turun nəticələrinin təhlili göstərir ki, rəqibləri üzərində psixoloji üstünlük artıq tam şəkildə Ərdoğandadır və hətta üçüncü yerə çıxmış Sinan Oğan gələcəkdə onu deyil, Kılıçdaroğlunu dəstəkləsə belə, Ərdoğan FETÖ-nün şantajı ilə  seçkidən çəkilmiş Məhərrəm İncəni yanına almaqla, 28 mayda qələbəsini tam təmin edə bilər..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR