İnsanlara hürriyət, millətlərə istiqlal!

Alçaqdan uçan timsahlar

1647 17.03.2023 11:08 Yazarlar A A

“Özün əcəb gözəlsən,

Dilin can incidəndir"

(mahnıdan)

Britaniya həftəlik xəbər jurnalı "The Economist" Rusiyanın dostlarının və müttəfiqlərinin reytinq-siyahısını hazırlayıb. Sıralama belədir: Belarus, Ermənistan, Qırğızıstan, İran, Tacikistan, Qazaxıstan, Suriya, Çin, Venesuela, Nikaraqua, Hindistan, Özbəkistan və sairə. İlk 12 dövlət sırasında 3 türk dövlətinin yer alması təəssüf doğurur. Eyni zamanda Ermənistanın ikinci yerdə getməsi təəccüblü deyil. Lakin qəribədir ki, Qərbdə Rusiyanın əziz dostunu hələ də “demokratik dövlət” sayırlar. Bu necə olur? Ərazisində Rusiya hərbi bazaları olan, Rusiya ilə birgə kollektiv təhlükəsizlik müqaviləsi imzalayan, az qala siyasi və iqtisadi strukturlarının hamısını ruslara satmış Ermənistan demokratik sayılırsa, onda mən də rəngli televizoram - necə deyərlər.

Ya da Ermənistan “alçaqdan uçan timsahdır”. Belə saqqallı lətifə var idi. İki işçi idarədə söhbət edir, biri soruşur ki, səncə, timsahlar uçurmu. Deyir, yox. Sual verən deyir ki, axı müdir bayaq söyləyirdi ki, timsahlar uçur. İkinci dərhal “səhvini” düzəldir: “Hə, müdir deyirsə, doğrudur, uçurlar, sadəcə, bir az alçaqdan uçurlar”. Görəsən, biz də sərhədlərimizi qorumağı Putinə tapşırsaq, Gəncədə təzədən rus desant diviziyası yerləşdirsək, nə bilim, Hacıqabul çölündə “Rosatom”la AES qayırsaq, Qərbdə demokratik dövlət sayılarıqmı? Ritorik sualdır, təbii. Cavab istəmirəm. Əylənirik özümüz üçün.

Rusiyanın dünyaya münasibəti isə lap komediya, fars, qroteskdir (janrını müəyyən etməyə çətinlik çəkirəm, ona görə hamısını yazdım). Təsəvvür elə, bugünlərdə BMT-də Rusiyanın şikayəti ilə hansı məsələyə baxılsa yaxşıdır? “Dünyada rusofobiyanın artması”!

Deyir dünya xalqları arasında qəsdən ruslara qarşı nifrət yayılır. Fantastikadır (bu janrı da əlavə edin). Nə qədər həyasız dövlət olmalısan ki, belə mövzu qaldırasan? Bir ildən çoxdur Ukraynanı xaraba qoyursan, yüz minlərlə günahsız insan həlak edilir, ondan da qabaq Gürcüstan, Moldova, Suriya, Liviya və sairə yerlərdə qan axıdır, dava-dalaş salırsan,  nəticədə dünya xalqlarından məhəbbət tələb edirsən... Doğrudan da həyasızlıq, abırsızlıq bir növ xoşbəxtlik formasıdır. Mən gəlim səni vurum, öldürüm, ancaq sən məni sev. Bunu izah eləmək çox çətindir. Rus yazıçılarının əsərlərində rast gəlinən bəzi qara-qura, psixopat tipləri anlamaq üçün bəlkə hazırkı reallıqlar, dünya gündəmi tam yerinə düşür. Məsələn, indi sizə bir sitat verirəm: “Aşiq olmaq hələ sevmək deyil. Nifrət edərək də aşiq olmaq olar”. Buyurun. Sizcə bu hardandır? Düz zənn  etmisiniz: Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından sitatdır.

Təkcə Putin özünü nərmənazikliyə vurub dünya xalqlarından inciməmişdir, bizdə də camaat çox zəifləyib. Hamısı Teksun yağlarının işidir. Dünən mən bir xəbər gördüm, yazmışdılar bağçada tərbiyəçi uşağın, yalan olmasın, ağzını cırıbdır. Yaxşı ki, video vardı, oradan həmin “dəhşətli” əməl görünürdü: tərbiyəçi uşağa yemək yedizdirmək istəyir, uşaq qaşığı, tərbiyəçi də uşağın əlini yüngülvari şapalaqlayır. Əgər o uşaq döyməkdirsə, onda bizim çoxumuz ölmüşük. Birinci sinifdə oxuyanda bizim bir müəllim vardı, uşaqları kömürün üstündə, qulağından tutaraq dizin-dizin süründürürdü. Riyaziyyat müəllimi bizi soba odunları ilə döyürdü. İndi isə hər məktəbə qaz çəkilib, nəticədə uşaqların təlim-tərbiyəsi zəifləmişdir.

Yaxud icra başçısı xəstəxana işçilərini basıb küçə süpürtdürüb, iməcilik edib, işçilər donquldanır. Guya xəstəxanada qalıb camaatı sağaldacaqlar. Heç olmasa ağaclara qulluq edin, təbiətə xeyir verin.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin xətrinizə kim dəyibdir, incidən-zad varmı.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR