Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyi nümunəvi bir addım atıb. Təşkilat “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin qəzasından sonra ilk yardım göstərən Qazaxıstanın müxtəlif strukturlarının əməkdaşlarını mükafatlandırıb.
Musavat.com-a verilən məlumatda qeyd edilir ki, mükafatlandırılanlar sırasında hadisə yerində ilk yardıma gələn “Mangistau Regional Electric Grid Company” ASC, təcili tibbi yardım xidməti, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, morqda fəaliyyət göstərən tibb işçiləri, həkim travmatoloq və reanimatoloqlar yer alıb. Hər bir əməkdaşa göstərdikləri xidmətlərə görə təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub. Assosiasiya əməkdaşlara göstərdikləri peşəkarlıq və insanpərvərliyə görə dərin minnətdarlığını ifadə edib.
Aktaudakı Azərbaycan icmasının bu təşəbbüsü, Qazaxıstan ilə Azərbaycan arasındakı dostluq və qarşılıqlı anlayışın güclənməsinə dəstək verir. Eyni zamanda, bu, dünya azərbaycanlıları üçün nümunə olacaq bir davranış modeli kimi dəyərləndirilir.
Musavat.com