İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin təhlükəli qrantları: onlar ölkəyə necə sızır - ŞOK İDDİALAR

1045 22.06.2023 11:23 Gündəm A A

Uzun zamandır Azərbaycan ölkə ərazisində təhlükəli layihələrin xarici fondlar tərəfindən maliyyələşdirilməsinin qarşısını almaq üçün mübarizə aparır.

Bununla bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub. Faktiki olaraq QHT-lərin xaricdən gələn çirkli pulları realizə etməsi mümkün olmur. Yalnız şəffaf şəkildə və dövlətin razılıq verdiyi, təsdiqlədiyi qrantlara icazə verilir. Bununla belə, nəzərə alsaq ki, əksər təbliğatlar sosial şəbəkələr üzərindən aparılır, o zaman bu missioner şəbəkəni tam neytrallaşdırmağın da nə dərəcə çətin olması üzə çıxır.

Yeri gəlmişkən, o da qeyd edilir ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında yeni yüksək məbləğli qrant layihələri elan edib. Ən vacib məqam odur ki, bu layihələr heç də qrant ayrılacaq ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən leqal media ilə yox, xaricdə olan və xaricdən müxtəlif üsullarla yönəldilən mediaya veriləcək. Konkret olaraq Azərbaycanla bağlı Avropaya, Qərb ölkələrinə sığınmış, “söyüş müxalifəti” kimi xarakterizə olunan adamlara qrant “stavka”ları ediləcəyi bildirilir...

Heç kimə sirr deyil ki, uzun illər ABŞ-ın USAİD təşkilatı müxtəlif yollarla Azərbaycanda həyata keçirdiyi layihələr vasitəsilə müxalifətə dəstək ötürüb. 1990-cı illərdə açıq maliyyələşmə həyata keçirilib, sonrakı dövrdə müxalif partiyaların ətrafındakı satellit QHT-lər vasitəsilə maliyyələşdirilib. 2010-cu illərin əvvəllərində QHT-lərin xaricdən maliyyələşdirilməsi sərtləşdirildikdən sonra vəsaitlərin qonşu Gürcüstandan daşınmasına başlanılıb.

Ən qəribəsi isə odur ki, Avropa, Amerika öz ərazilərində feyk-xəbərləri qadağan edir, onunla ciddi mübarizə aparır, ancaq bu qütblərə bağlı olan təsisatlar, konkret Avropa İttifaqı öz ərazilərində digər dövlətlərə qarşı çirkin planları üçün antidövlət təfəkkürlü, cəmiyyətimizi sarsıtmaq istəyən “söyüş müxalifəti”nin nümayəndələrini maliyyələşdirirlər. Özü də bu pulları onlara Avropa vergi ödəyicilərinin pulundan ayırırlar...

Aİ bu işə “jurnalist araşdırmaları”, “QHT fəaliyyətinin dəstəklənməsi” adlarını qoyaraq, guya hansısa yaxşı iş görmələrinə dair görüntü yaradacaq. Ancaq məsələnin mahiyyəti tamamilə başqadır və məqsəd bölgədə güclənən qalib Azərbaycanda postmüharibə dövründə təxribatlar törətməkdir. Burada söhbət ictimai narazılıqların yaradılmasından, çaşqınlıq yaratmaq cəhdlərindən gedir.

Niyə Aİ və digər fondlar məhz indi - sülh danışıqları ilə bağlı müsbət istiqamətlərin olduğu vaxtda Azərbaycan cəmiyyətində nifaq toxumu səpmək istəyir?

Ən ciddi məsələ isə odur ki, xarici qrantların dövlət məmurlarının da iştirakı ilə radikallara gəlib çatmasına dair ittihamlar var. Bu, çox heyrətamizdir. Güman ki, dövlət bunun izinə düşüb və mümkündür ki, kimlərinsə həbsi də baş verə bilər. Dövlət bu məsələdə konkret hansı addımları atmalıdır?

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov: “Məqsəd əhalinin şüurunun manipulyasiyasına yönələn layihələrin həyata keçirilməsidir”

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a dedi ki, istər Aİ olsun, istər ABŞ, istərsə də ayrı-ayrı Qərb dövlətləri olsun, onların iki maliyyələşmə sxemi var: “Şərti olaraq belə bölmək olar. Yumşaq təsir mexanizmləri vasitəsilə və sərt təsir vasitəsilə. Məsələn, ABŞ-da USAİD-in öz tərəfdaşları var, onlar Azərbaycana da qrant verir. Bunlar yumşaq təsir vasitəsilə hökumətlərlə əməkdaşlıq edərək qrant layihələri həyata keçirirlər. Buna yumşaq təsir deyirlər. Bir də ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatı var, bunlar gizli maliyyələşmə sxemindən istifadə edirlər, müxtəlif layihələr həyata keçirirlər. O cümlədən cəmiyyətin radikallaşdırılması, dini qarşıdurmanın yaradılması, əhalinin fəallığının artırılması, narazılıqların artırılması və sair. Bu Avropada da belədir. Aİ-nin də Bakıda ofisi var, onun vasitəsilə bəzən faydalı qrant layihələri də həyata keçirirlər. Bununla belə, ABŞ-dakı NED-in analoqu olan İİQ, EED təşkilatları da var. Sadaladığımız istiqamətlər həmin gizli sxem əsasında üçüncü ölkələr vasitəsilə həmin fond tərəfindən və digər gizli maliyyələşmə həyata keçirən fondlar tərəfindən reallaşdırılır. Təbii ki, qrantların verilməsində dövlətlərin maraqları var. Avropa İttifaqı dövlətlərin, beynəlxalq hüququn bir növ birləşdiyi qurumdur. Onların regionda təsiri artırmaq istiqamətində maraqları var. Cənubi Qafqazdan söhbət gedirsə, burada Rusiyanın, həm də ABŞ-ın maraqları var. O maraqları təmin etmək məqsədilə hakimiyyətlərə təzyiq etmək, lazım gələndə ölkə daxilində de-stabilizasiya yaratmaq və sair məqsəd güdür. Ona görə də bu həmişə olub, davam etməkdədir. Əsas odur ki, dövlət elə effektiv maliyyələşmə sxemini yaratmalıdır ki, bu həm vətəndaş cəmiyyətinin və medianın müstəqilliyini təmin etmiş olsun, həm də onların dövlət mövqeyindən, yəni hakimiyyət tərəfindən yox, dövlət mövqeyindən çıxışını təmin etmiş olsun. Bir var hakimiyyətin müdafiəsi, bu mövqedən danışmıram. Bir də var, dövlət platformasından çıxış etmə. Bunu etməlidirlər. Təəssüf ki, bunu ölkə daxilində etmək mümkün olmayıb. Maliyyələşmə kifayət qədər aşağıdır. Bir çox hallarda da şəffaf deyil. Bu qrant proseslərində biznes iştirak etmir, üçüncü ölkələrin vasitəsilə gizli yollardan alınan qrantlar da bir çox hallarda ölkənin milli maraqlarına uyğun olmayan layihələrin həyata keçirilməsinə gətirib çıxarır”.

Ekspert “xarici qrantların dövlət məmurlarının da iştirakı ilə radikallara gəlib çatması məsələsi ilə bağlı dövlət həbslər və ya digər addımlar ata bilərmi” sualına belə cavab verdi: “Təəssüf ki, yox. Bəzən belə gizli maliyyələşmə sxemlərində bəzi hakimiyyət orqanlarının da iştirakı olur. Xüsusən dini radikallığın artırılması, məktəblərdə dinin tədrisi kimi ABŞ-ın dini azadlıqlar üzrə beynəlxalq komissiyasının Azərbaycanla bağlı planları var. Bəzən onun həyata keçirilməsində bəzi dövlət orqanları, rəhbər şəxslər də dəstəkləyici olaraq ya bilərəkdən, ya bilməyərəkdən iştirak edirlər.  Bunlar çox ciddi, həssas məsələlərdir. Xüsusən çoxkonfessiyalı ölkələrdə bu təhlükəlidir. Ona görə də dövlətin bu sahədə repressiv yollarla gizli maliyyə axınlarının qarşısını almaq mümkün deyil. Amma əks tədbirlər görə bilər. Burada daxili maliyyələşmə mexanizmləri təkmilləşdirilməlidir. Biz bununla bağlı dəfələrlə təkliflərimizi vermişik. Cəmiyyətin düzgün informasiyalara çıxışının təmin olunmasıdır. On il bundan qabaq informasiyaya çıxış həm jurnalistlər, həm QHT-lər üçün daha asan idi. İndi çox çətinləşib. İndi dövlət orqanlarından məlumat almaq olmur. Bəzən bu məlumatsızlıq da cəmiyyətdə bəzi çaşqınlıqlara gətirib çıxarır. Bəzi dezinformasiyaların məqsədli yayılması ilə nəticələnir. Ümumiyyətlə, qlobal dünyada "fake" xəbərin yayılması qlobal təhlükəyə çevrilib. Aİ, ABŞ “fake” xəbərlərlə mübarizədə çox sərt qanunlar qəbul edib. Düzdür, Aİ-nin qəbul etdiyi sənədlər daha çox repressiv deyil, tənzimləyicidir. Amma bir çox ölkələrdə repressiv qanunlar qəbul olunub. “Fake” xəbər, bir saniyə ərzində milyonlarla dezinformasiyanın sosial şəbəkələr üzərindən yayılması həyata keçirilir. Əsas layihələrin bir çoxu da bu “fake” xəbərlərin yayılmasıdır, əhalinin şüurunun manipulyasiyasına yönələn layihələrin həyata keçirilməsidir. Bunlar, əlbəttə, təhlükəlidir".

Politoloq Yeganə Hacıyeva da açıqlamasında deyib ki, Azərbaycan hökuməti faydalı qrantlar üçün - məsələn, sülh quruculuğu, minalardan təmizlənmə kimi sahələrə dəstək olan layihələrə pəncərə açıb: “Amma görünən odur ki, Azərbaycan hökumətinin açdığı bu pəncərədən sui-istifadə olunur və faktiki olaraq bir neçə instansiyalardan eyni layihəyə görə maliyyə alanlar var. Məsələn, eyni layihə ilə həm NED-dən, həm də daxildə donor təsisatdan qrantlar alırlar. NED-dən alınan qrantların maliyyələşdirdiyi layihələr Azərbaycan cəmiyyətinə faydalı deyil. Məsələn, 2020-ci ildən başlayaraq Azərbaycanda bir səs-küylü cinayət işinin mediada işıqlandırılmasına beynəlxalq donorlar maliyyə ayırıblar və burada uşaq hüququndan söhbət gedir. Digər ölkələrdə uşaqların hüquqlarını dəstəkləyən donorlar qeyd etdiyim məsələdə uşağı deyil, əks tərəfi dəstəkləyiblər. Əsas məqsəd hüquq-mühafizə orqanlarına, dövlət qurumlarına ictimai güvənin sındırılmasıdır, təbliğat məhz bu yöndə aparılıb. Yəni bir sıra layihələr bu cür ziyanlı məqsədlər üçün dəstəklənir. Maliyyənin qeyri-rəsmi ölkəyə necə daxil olduğuna gəlincə, artıq fərdlər tərəfindən maliyyələşmə mexanizminə keçiblər. 2014-cü ildən bəri Azərbaycanda bir neçə şəxs var ki, məhz o şəxslər vasitəsilə qrantların ötürülməsi həyata keçirilir. Bir də pay-pal sistemi ilə qrantlar ötürülür-nəzarətdənkənar çirkli pulların yuyulması üçün istifadə olunan sistemlər vasitəsilə qrantlar çatdırılır”.

Ekspertin sözlərinə görə, NED-in postmüharibə dövründə, sülh ərəfəsində fəallaşmasında əsas hədəf Azərbaycan cəmiyyətindəki monolitliyi sındırmaqdır: “Müxtəlif mövzuları qabartmaqla dövlətin uğurlu təbliğatını sıfırlamağa çalışırlar. Eyni zamanda qrant verilən layihələrin bəziləri əslində kəşfiyyat məlumatları toplamaq üçündür”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR