İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin “siyasi bazarlığı” iflasa uğradı: Qoca Co Ərdoğanı Putinə düşmən edə bilmədi

3980 11.03.2022 19:08 Analitika A A

Ukrayna savaşının uzanmasında maraqlı olan ABŞ və Qərb Türkiyənin vasitəçiliyindən narahatdır; Ağ Ev sahibi “F-35” döyüş təyyarələrinin satışını vəd etsə də, Türkiyə prezidenti strateji hədəflərindən, Ukrayna və Rusiya arasında barışdırıcı mövqeyindən geri çəkilmədi...

Türkiyə son günlər dünyanın siyasi mərkəzinə çevrilməyə baçlayıb. Belə ki, qlobal savaşa çevrilmək təhlükəsi vəd edən Ukrayna-Rusiya müharibəsi məhz Türkiyənin vasitəçiliyi ilə müzakirə edilir. Rusiya və Ukrayna xarici işlər nazirləri uzun illərdən sonra ilk dəfə Antalyada Türkiyə diplomatiya idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə görüşdülər.

Buna qədərsə, İsrail prezidenti də Ankaraya rəsmi səfər edərək, iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə yanaşı, həm geopolitik mövzuları, həm də Şərqi Akdənizdəki enerji resurslarının dünya bazarlarına çıxarılma perspektivlərini müzakirə etdi. Hazırda Türkiyənin Antalya şəhərində beynəlxalq diplomatiya forumu öz işinə başlayıb. Yaxın günlərdəsə, Almaniya kansleri və Yunanıstan baş naziri də Ankaraya rəsmi səfər edəcəklər.

Ancaq bütün bunlarla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Co Bayden arasında baş tutan son telefon danışığı da olduqca böyük maraq doğurur. Hər halda, ABŞ və Türkiyə arasında kifayət qədər ciddi ziddiyyətlərin mövcudluğu inkaredilməz reallıqdır. Üstəlik, Ukrayna savaşına münasibətdə də ABŞ və Türkiyənin mövqelərində ciddi fərqin olduğu müşahidə edilir.

Biden-1.jpg (527 KB)

Maraqlıdır ki, Ağ Evdən verilən rəsmi məlumatlarda Türkiyə və ABŞ prezidentlərinin Rusiyanın Ukraynaya qarşı haqsız savaşa başlamasından narahatlıqlarını bölüşdükləri vurğulanır. Hər iki dövlət başçısının Ukrayna hökumətinə və xalqına dəstək ifadə etdikləri bildirilir. Rusiyanın Ukraynaya qarşı hərbi işğalının dərhal dayandırılmasının vacibliyi və bu böhrana münasibətdə beynəlxalq dairələrin koordinasiyalı reaksiyasının təqdir edildiyi qeyd olunur.

Digər tərəfdən, Ağ Evdən verilən açıqlamada prezident Co Baydenin Türkiyənin Ukrayna savaşını siyasi-diplomatik metodlarla həlli istiqamətində göstərdiyi cəhdlərdən məmnun olduğu qabardılır. Rəsmi Ankaranın dünyada sülhün və əminamanlığın möhkəmləndirilməsi məqsədilə regional liderlər ilə təmaslarının yüksək qiymətləndirildiyi vurğulanır. Bununla yanaşı, prezidentlərin ABŞ və Türkiyə münasibətlərinin möhkəmləndirilməsi baxımından mövcud imkanların da müzakirə edildiyi qeyd olunur. Və əslində, prezidentlərin telefon danışığında diqqəti çəkən əsas məqam da elə bundan ibarətdir.

Məsələ ondadır ki, Ağ Evin xarici siyasət kursu, xüsusilə də, Türkiyə yönəlik mövqeyi rəsmi Ankarada qətiyyən məmnunluq doğurmur. Prezident Co Bayden hakimiyyətə gəldikdən sonra Türkiyəyə qarşı bir sıra qəbuledilməz addımlar atıb, qondarma “erməni soyqırımı”nı tanıyıb, embarqoların tətbiqini təmin edib. Ən əsasısa, ABŞ-Türkiyə münasibətlərində F-35 və S-400 problemləri ciddi gərginləşdirici faktorlar olaraq, qalmaqdadır.

Ağ Evdən verilən açıqlamada bu məsələyə toxunulmasa da, rəsmi Ankara prezident R.T.Ərdoğanın Ağ Ev sahibi Co Baydenə bu problemləri növbəti dəfə xatırlatdığı qətiyyən gizlədilmir. Hətta vurğulanır ki, prezident Co Bayden buna qarşılıq olaraq, Türkiyəyə 40-a yaxın F-35 modelli döyüş təyyarələrinin satılması və F-16 təyyarələrinin isə modifikasiya olunması ilə bağlı öz imkanları çərçivəsində cəhdlər göstərəcəyini vəd edib. Əvəzindəsə, Türkiyədən Rusiyaya qarşı hava məkanının qapadılmasını və rəsmi Ankaranın digər beynəlxalq sanksiyalara da qoşulmasını istəyib.

ff9644e0c4a04b5484129cb8f5cae30c.jpg (68 KB)

Belə anlaşılır ki, Ağ Ev rəsmi Ankara ilə “siyasi bazarlıq” aparmağa çalışır. Türkiyəyə F-35 döyüş təyyarələri satılmasının və F-16 təyyarələrinin modifikasiya olunmasının əvəzini rəsmi Ankaradan tələb edir. Bunun qarşılığı olaraq isə ABŞ Türkiyənin Rusiya ilə münasibətlərini kəsməsini istəyir. Dolayısı ilə Ağ Ev rəsmi Ankaraya “Rusiyanı ver, F-35 döyüş təyyarələrini al” prinsipi üzrə anlaşma təklif edir. Çünki, Türkiyənin Rusiya ilə münasibətləri, eləcə də, barışdırıcı mövqeyi ABŞ və Qərbin Kremlə qarşı strateji hədəflərinə ciddi problemlər yaradır.

Məsələ ondadır ki, ABŞ və Qərbə Ukrayna müharibəsinin mümkün olduğu qədər uzanması daha çox sərfəlidir. Çünki bu halda, Rusiyanın “savaş bataqlığı”nda maksimum həddə qədər zəiflədilməsi planları uğur qazana bilər. Bu baxımdan, Türkiyənin vasitəçilik missiyasının bu planı pozma entimalı qətiyyən istisna deyil. Hər halda, hansısa mərhələdə həm Rusiya, həm də Ukrayna Türkiyənin vasitəçiliyi üzərindən anlaşmaq və savaşı dayandırmaq məcburiyyətində qala bilər.

Üstəlik, Rusiyanın hər ötən gün daha da ağır vəziyyətə düşərək, savaşdan mümkün qədər az itkilərlə çıxmağa ehtiyac duyduğu müşahidə edilir. Eyni zamanda, rəsmi Kiyev də ABŞ və Qərbin Ukraynaya verdiyi dəstəyin əhatə dairəsindən qətiyyən məmnun deyil. Hətta prezident Volodimir Zelenski Ukraynanın savaş məkanına çevrilməsinə görə yalnız Rusiyanı deyil, ABŞ və Qərbi də açıq mətnlə ittiham edir. Bu isə o deməkdir ki, hər iki tərəfin müəyyən müddətdən sonra Türkiyənin vasitəçilik missiyasına savaşdan xilas variantı kimi yanaşa biləcəkləri qətiyyən istisna deyil.

275251724_2258455404302412_742774738442343190_n.jpg (42 KB)

Maraqlıdır ki, Ağ Ev nə qədər məmnun olmasa da, hətta müxtəlif vədlərlə rəsmi Ankaranı neytral vasitəçilik missiyasından uzaqlaşdırıb, öz tərəfinə çəkməyə çalışsa da, Türkiyə mövqeyini dəyişməyə hazırlaşmır. Prezident R.T.Ərdoğanın son açıqlaması da bunu təsdiqləyir. Belə ki, Türkiyə lideri bildirib ki, rəsmi Ankara bundan sonra da öz siyasi xəttinə sadiq qalacaq. Onun fikrincə, rəsmi Ankara üçün önəmli qonşu dövlətlər olan Rusiya və Ukraynanın bir-biriylə savaşması Türkiyənin maraqlarına qətiyyən cavab vermir.

Digər tərəfdən, prezident R.T.Ərdoğan da Rusiya-Ukrayna savaşına görə məhz ABŞ və Qərbi günahlandırır: “Qərb Ukraynanı Rusiya qarşısında tək buraxdı. Əgər, Qərb siyasi dairələri vaxtilə Rusiya Krımı ilhaq edərkən, səssiz qalmayaraq, beynəlxalq hüquqa uyğun sərt reaksiya versəydilər, indiki savaş da baş verməzdi”.

Göründüyü kimi, Ağ Ev sahibi Co Bayden ilə telefon danışığından sonra belə, Türkiyənin tutduğu mövqe dəyişməyib və ABŞ üçün ümidverici məzmun daşımır. Belə anlaşılır ki, “F-35 vədləri” də Ağ Evin işinə yaramayıb, Türkiyə özünün dövlət prinsiplərinə sadiq qalmaqda davam edir. Bu baxımdan, Qoca Co “siyasi bazarlıq” cəhdində də ümid bəslədiyi nəticədən uzaq qalıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR