İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiyanın miqrant dərdi – Keşmiş işğalçılar “sakit işğal”dan qorxurlar

681 25.05.2024 10:40 Dünya A A

Hazırda dünyada 3 böyük problem varsa, biri gündən-günə şiddətlənən və genişlənən müharibələr, digəri bəşəriyyətin gələcəyini təhdid edən ekoloji fəlakətlər, üçüncüsü isə qanunsuz miqrantlar məsələsidir.

ABŞ kimi ölkədə builki seçkilərin baş mövzusu miqrantlarla bağlıdır. Eks-prezident Donald Tramp seçki kampaniyasına start verdiyindən bu günə qədər hansı auditoriya qarşısında çıxış edibsə, heç olmayıb ki, qanunsuz miqrasiya məsələsinə toxunmasın. Respublikaçı namizəd hesab edir ki, bu, hazırkı Bayden administrasiyasının “Axilles dabanı”dır, ona görə də bütün çıxışlarında diqqəti rəqibinin bu problemin həllində zəif olmasına yönəldir. Özü isə hakimiyyətə gələcəyi təqdirdə qanunsuz miqrasiyanın qarşısını tamamilə alacağını, ABŞ-ı “zibilləyən”, “məhv edən” miqrantları öz ölkələrinə göndərəcəyini vəd edir.

ria-6087556-preview.jpg (155 KB)

Amerika xalqı Trampın bu sayaq çıxışlarını maraqla qarşılayır, gurultulu, sürəkli şəkildə alqışlayır. ABŞ ictimaiyyəti artıq belə bir qəti qənaətə gəlib ki, ölkənin əsas problemi məhz miqrantların artmasıdır, onlar kriminogen durumu gərginləşdirir, işsizlik faizinin artmasına səbəb olur, ənənəvi, tolerant ABŞ cəmiyyətinə adaptasiya ola bilmirlər və ya bunu istəmirlər, dövlətə heç bir fayda vermədən vergi ödəyicilərinin pullarını yeyirlər.

Tramp xalqın bu ovqatından yaxşı xəbərdardır, ona görə də 2024-cü il prezident seçkisini məhz miqrantların “sayəsində” udmağa çalışır.

İki gün öncə o, bu xüsusda daha bir iddia irəli süərərək deyib ki, Çindən ABŞ-a daxil olan miqrantlar təşkilatlanır, ordu yaradırlar və ABŞ-ı içəridən sarsıtmaq istəyirlər.

Tramp Çindən gələnlərin fiziki formalarına, yaşlarının 19-25 arasında olmasına, “nəyəsə hazırlaşmalarına” diqqət cəlb edib. Ancaq onun əsas işi Latın Amerikası ölkələrində və Yaxın Şərqdən gələnlərlədir.

Miqrantlara qarşı cəbhə alan ölkələrdən biri də Rusiyadır. Bu ölkə tacik miqrantların bu ilin mart ayının 22-də Moskva ətrafındakı “Krokus” konsert zalında törətdikləri dəhşətli terror aktından əvvəl də miqrantlarla bağlı problemlər yaşayırdı, terror aktından sonra isə rus ictimai-siyasi xadimlərinin, medianın üzü tamamilə dönüb. Hazırda Rusiyada miqrantları “daxili düşmən” gözündə görürlər. Dövlət Dumasında onların iş tapmasını, pul qazanmasını məhdudlaşdıran, Rusiyada yerləşmələrini çətinləşdirən qanunlar qəbul edilir, onların rus dilindən imtahanı vermələri vacib sayılır.

Ayrıca bəzi səlahiyyətli, tanınmış şəxslər miqrantlara qarşı açıq mətnlə şovinist səciyyə daşıyan fikirlər səsləndirirlər. Məsələn, dünən Dövlət Dumasının deputatı Mixail Matveyev Orta Asiyadan olan miqrantları həyasızlıqda ittiham edib və onların haqqında təhqiramiz ifadələr səsləndirib. Deputat sözünün axırında Rusiyadakı miqrantların “hamısına bir təpik vurmağın vaxtının çatdığını” söyləyib.

Getdikcə bu ölkədə də əsas problemin miqrantlar olduğu barədə rəy formalaşır.

asimiq.JPG (42 KB)

Bu fikri yalnız milyarder və milyonçu iş adamları, bir də iqtisadçılar bölüşmür. Onlar ucuz işçi qüvvəsi olan miqrantları Rusiya iqtisadiyyatının hərəkətverici qüvvəsi hesab edirlər və bu fikirdə böyük həqiqət var. Çünki Rusiyada ən ağır işlərdə - mədənlərdə, inşaat sektorunda, təchizat, xidmət sahəsində çalışanların əksəriyyəti məhz miqrantlardır. Ruslar səhər açılandan gecə yarısınadək işləmək istəmirlər, amma çarəsiz miqrantlar işləyir.

Onlara qarşı indiki pis münasibət davam etsə, tezliklə Rusiyada ucuz işçi qüvvəsi qıtlığı yaranacaq. Onsuz da məlum terror aktından sonra Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələrdən olan on minlərlə miqrant vətənlərinə qayıtmaqdadır.

Rusiyada hesab edirlər ki, Orta Asiyadan olan və öz vətənlərinə qayıdan miqrantların yerini Pakistan, Hindistan, Banqladeş kimi ölkələrdən gələn əmək miqrantları ilə dolduracaqlar. Amma bu, “yağışdan çıxıb yağmura düşmək” hadisəsi olacaq. Yenə qafqazlı və orta asiyalı miqrantlar pis-yaxşı rus dilini bilir, rus mədəniyyəti ilə tanışdırlar, nə olmasa da, uzun illər eyni ölkənin pasportunu daşıyıblar (ya özləri, ya valideynləri), adı çəkilən cənub-şərq ölkələrindən gələnlər isə tamamilə yabançı mədəniyyətin daşıyıcılarıdırlar və rus dilində kəlmə də bilmirlər. Onların rus cəmiyyətinə, iqliminə adaptasiyası uzun illər aparacaq.

Bu iki ölkədən başqa, indiyədək dünyanın hər tərəfindən gələn miqrantlara qapı-pəncərə açan Almaniya, İsveç, Hollandiya kimi ölkələr də artıq mühacir qəbulunu çətinləşdiriblər. İndi onlar qəbul etdiklərindən daha çox miqrantı ölkədən deportasiya etməklə məşğuldurlar.

Başqa sözlə, yeni əsrin ilk 15 ilindəki vəziyyət çox dəyişib, indi miqrantlara heç bir ölkədə “yaşıl işıq” yoxdur. Heç bir durum (soyqırım təhdidli qanli müharibələr, siyasi motivli repressiyalar, humanitar fəlakətlər) onların başqa, firavan ölkələrdə asanca yerləşmələri üçün tutarlı səbəb sayılmır.

1716451307399943894_1200x630.jpg (536 KB)

Müharibə aparan, despotlar tərəfindən idarə olunan kasıb ölkələrin binəsib vətəndaşlarının isə gedəcək yeri qalmayıb. Əslində onlar daha çox “ərk etdikləri” ölkələrə gedirdilər. Bu ölkələr vaxtilə onların vətənini işğal edib, yüz illərlə əsarətdə saxlayıb, ona görə də bir ilişki, əl yeri var. Məsələn, Tunis, Əlcəzair, Mərakeş kimi ərəb ölkələrinin, eləcə də Fransanın Afrikadakı müstəmləkələrinin vətəndaşlarının daha çox Fransaya axışması təbiidir. Qafqaz və Orta Asiya respublikalarının gedəcək yeri isə Rusiyadır. O biri ölkələr də eləcə.

İndi həmin dövlətlərin başbilənləri düşünürlər ki, yüz illərlə istismar etdikləri ölkələrin vətəndaşları gəlib onların ölkəsini “işğal edirlər” və bu yolverilməzdir. Özləri işğalçılıq edəndə oralara “mədəniyyət aparmışdılar”, amma indi oradan mədəniyyətsizlik gəlir – düşüncə belədir.

Yaxın illərdə bu məsələ dünyanın iki qlobal problemindən biri olacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR