İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və BMT Zelenskini dayanmağa çağırdı - “Rusiya şəhərlərini vurmayın”

1455 04.04.2024 09:15 Gündəm A A

Rəsmi Moskva Qərbi döyüş meydanında heç nə edə bilmədiyi üçün terrora əl atmaqda günahlandırıb; Rusiya Müdafiə Nazirliyi isə qisas üçün orduya yazılanların sayının artdığını anons edib, alyans Kiyevə daha 100 milyard ayıra bilər - təhlil

Rəsmi Moskva Ukrayna və NATO-nu terror metodlarından istifadə etməkdə ittiham edib. “Yeni Müsavat” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna ordusunun və Qərbin döyüş meydanında heç nə edə bilmədiyini söyləyib. “Ona görə də düşmən getdikcə daha çox terror metodlarına əl atır”, - deyə Patruşev vurğulayıb. 

Onun sözlərinə görə, “Crocus City Hall”dakı terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. “Onlar bizə sırımağa çalışırlar ki, terror aktı Kiyev rejimi tərəfindən deyil, radikal İslam ideologiyasının tərəfdarları, ola bilsin ki, İŞİD-in Əfqanıstan qolunun üzvləri tərəfindən törədilib. Lakin bu iyrənc cinayətin sifarişçisi və sponsorunun kim olduğunu tez bir zamanda müəyyən etmək daha vacibdir. Onun izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. Hər kəs yaxşı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarətindədir”, - deyə Patruşev vurğulayıb. Alyansın baş katibi Yens Stoltenberq isə bəyan edib ki, NATO-ya üzv dövlətlər Ukraynaya əlavə 100 milyard avro ayrılmasını müzakirə edəcək. O deyib ki, sözügedən məsələ 3 aprel görüşünün gündəliyinə salınıb. Ekspertlərə görə, bu addım alyansın Ukrayna ordusuna silah-sursat tədarükündəki rolunu artırmaq imkanı verəcək.

ABŞ isə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələri dəstəkləmir. Dövlət katibi Entoni Blinken Kiyevin Rusiya neftayırma zavodlarına və digər obyektlərinə hücumları ilə bağlı Parisdə fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında belə deyib. “İlk gündən siyasətimizin başlıca qayəsi Ukraynanın Rusiya təcavüzündən müdafiəsinə kömək etmək olub. Eyni zamanda Ukraynanın öz ərazisindən kənarda zərbələrini dəstəkləmir və ya onlara kömək etmirik”, - o bildirib. Blinken əlavə edib ki, ABŞ Ukraynaya quru qoşunlarının göndərilməsinə qarşıdır. Onun fikrincə, belə bir addım Rusiya ilə birbaşa münaqişəni yaxınlaşdıracaq. Fransa XİN rəhbəri Sejurne isə Ukraynanın Rusiyadakı neft obyektlərinə hücumları ilə bağlı qeyd edib ki, Kiyev qanuni müdafiə çərçivəsində hərəkət edir. Birləşmiş Millətlər Təşkilatı Baş katibinin sözçüsü Stefan Düjarrik də Ukraynanın Tatarıstana PUA hücumlarına qarşı çıxıb. “Biz mülki şəxslərə və infrastruktura hücumlara qarşıyıq və bunu dayandırmağa çağırırıq”, - BMT rəsmisi qeyd edib.

“The Guardian” nəşri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (GUR) yüksək rütbəli rəsmilərinə istinadən xəbər yayıb ki, Kiyev bu ilin birinci yarısında Krım körpüsünü vuracaq. Onlar körpünün dağıdılmasının “qaçılmaz” olduğunu iddia edərək, üçüncü hücumu planlaşdırdıqlarını deyiblər. Mənbə əlavə edib ki, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya donanmasının Qara dənizdəki mövcudluğunu minimuma endirmək üçün Zelenskinin təsdiq etdiyi plana əməl edib. Bu arada, Rusiya Müdafiə Nazirliyi “Crocus Sity Hall”dakı terror aktından sonra orduya guya könüllü olaraq, müqavilə əsasında qatılmaq istəyənlərin sayının xeyli artdığı barədə rəsmi məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, son bir həftədə müqavilə ilə xidmət etmək istəyənlərin sayı artıb. İdarədən verilən məlumata görə, ilin əvvəlindən 100 mindən çox rusiyalı müqaviləli xidmətə daxil olub. 

Müdafiə Nazirliyi iddia edir ki, orduya qatılanların əksəriyyəti müqavilə əsasında xidmət etmək niyyətini “Crocus”da terror aktı qurbanlarının “qisasını almaq istəyi ilə” əsaslandırıb. Nazirlik bəyan edib ki, ötən həftə Rusiya şəhərlərindəki seçim məntəqələrində aparılan müsahibələr zamanı əksər namizədlər müqavilə bağlamağın əsas motivi kimi 2024-cü il martın 22-də Moskva vilayətində baş vermiş faciədə həlak olanların qisasını almaq istəyini göstəriblər. Beləliklə də əksər mütəxəssislərin proqnozları özünü doğruldur və Kreml doğrudan da xeyli qaranlıq tərəfləri olan bu terror aktını Rusiyada Ukraynaya qarşı nifrəti daha da artırmaq və gələcək səfərbərlik üçün əsas yaratmaq məqsədilə istifadə edir.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

 Qabil Hüseynli

ABŞ və BMT-dən Kiyevə çağırışları “Yeni Müsavat”a şərh edən professor Qabil Hüseynlinin sözlərinə görə, bu ritorikada bəyanatlar qorxudan irəli gəlir: “Rusiya təhdid səsləndirəndə Şolts da, Bayden də yeraltı sığınacağa qaçırlar. Onlar fikirləşir ki, Rusiya nüvə bombasına əl ata bilər. Amma necə olur ki, Ukraynanın enerji infrastrukturuna, mülki məntəqələrinə zərbələr endirilir, təyyarələrdən "Kinjal" tipli raketlərlə bombardmanlar olunur, buna heç nə deyilmir, amma Kiyev Rusiyanın neft emalı zavodlarını dronla hücum edəndə qarşı çıxırlar? Fakt budur ki, müharibə gedir və savaşın aparılması qaydaları var. Mülki əhali, uşaq evləri, yaşayış məskənlərindən əlavə hər yerə zərbə endirmək olar. Hətta Cenevrə konvensiyası qəbul ediləndə Rusiyanın bu cür qanadlı raketləri yox idi". Q.Hüseynli sual edir ki, indi Rusiya bütün qoşun növlərindən istifadə edərək yaşayış binalarını, həyat üçün vacib olan sənaye müəssisələrini bombardman edə bilər, amma Ukrayna neftayırma zavoduna zərbə vura bilməz?: “ABŞ və Rusiya aranı qızışdırıblar, indi Vaşinqton kənara çəkilib. Bəs Ukrayna xalqı özünü necə müdafiə etsin? Əllərini qaldırıb, təslim olub Putinə tərəf keçsinlər? Mən bu çağırışlarda məntiq görmürəm. Ya müttəfiq ölkələr Ukraynaya normal silah-sursat versinlər, ya da Kiyevin özünümüdafiə qabiliyyətini qurmağa mane olmasınlar”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun fikrincə, Qərbdən Ukrayna dövlətinə bu çağırışların olması normaldır: “Əvvəla, ABŞ-da ciddi narahatlıq var ki, Putin Rusiya şəhərlərinin vurulmasının qisasını çox pis şəkildə ala bilər. İkincisi, beynəlxalq hüquq normalarına uyğun davranmağa, yalnız işğal edilən ərazilər uğrunda döyüşməyə dəvət edir. ABŞ və BMT gələcəkdə ittihamlarla üzləşməmək üçün bu mövqedən çıxış etməlidirlər. Ancaq əminəm ki, pərdəarxasında Blinken və avropalılar Zelenskinin qulağına başqa sözləri pıçıldayırlar. Gördüyünüz kimi, Blinkendən fərqli olaraq, fransız nazir Kiyevə bəraət qazandırıb. Hər halda, Patruşevin Moskva terrorunun izinin Kiyevə gedib çıxdığını açıqlaması, Müdafiə Nazirliyinin isə intiqam almaq üçün orduya yazılanların sayının artdığını mesaj verməsi ciddi planlardan xəbər verir”. 

X.Teyyublunun proqnozuna görə, Moskva Kiyevdən qisas almaq üçün zəmin və ictimai rəy hazırlayır: “Rusiya onun şəhərlərinin Ukrayna ordusu tərəfindən vurulmasını və "Krokus" terrorunun Kiyevin təlimatı olduğunu səbəb göstərərək irimiqyaslı hücumlara, dəhşətli kütləvi artilleriya, raket zərbələrinə başlaya, hətta bunu günlərlə davam etdirə bilər. Ona görə də həm Kiyevdə Müdafiə Şurası təcili toplantı keçirib hazırlıqlar görüb, kütləvi məkanlarda təhlükəsizlik tədbirləri gücləndirilib, həm də Qərbdə səksəkə, ciddi tərəddüd mövcuddur. Onlar Putinin zərbəni haradan və necə vuracağını tam olaraq təxmin edə bilmirlər. Odur ki, Rusiya ərazilərinə zərbə endirməməyə çağırırlar".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR