Vaşinqton administrasiyası ABŞ-ın Avropa müttəfiqləri və Kiyevlə Ukraynadakı münaqişənin həlli üçün ABŞ tərəfindən Rusiya ilə məsləhətləşmələr əsasında hazırlanan yeni bir planı müzakirə etməyə başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı "Axios" yayıb.
Portalın Amerika rəsmiləri arasında olan mənbəsinin sözlərinə görə, Ağ Ev "yeni plan barədə Avropa rəsmilərini, eləcə də ukraynalıları məlumatlandırmağa başlayıb". Mənbə vurğulayıb ki, Vaşinqton administrasiyası Avropa ölkələrindən və Kiyevdən plana dəstək almaq üçün "real fürsət" görür: "Biz inanırıq ki, indi bu plan üçün əlverişli zamandır. Hər iki tərəf praktik və real yanaşmalıdır".
Portala görə, ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff planın hazırlanmasında əsas rol oynayır. O, bu məsələ ilə bağlı Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevlə məsləhətləşmələr aparır.
Mənbələrə görə, Vitkoffun əvvəllər 19 noyabrda Türkiyədə Volodimir Zelenski ilə görüşməsi gözlənilirdi, lakin ABŞ liderinin xüsusi nümayəndəsi "səfərini təxirə salıb". Nəşrin Ukrayna rəsmisinə istinadən verdiyi məlumata görə, Vitkoff bu həftənin əvvəlində Mayamidə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi və keçmiş müdafiə naziri Rüstəm Umerovla planı müzakirə edib. "Biz bilirik ki, amerikalılar nəyinsə üzərində işləyirlər", - deyə rəsmi əlavə edib.
Portala görə, plana dörd əsas komponent daxildir: "Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri". Ərazi məsələlərinin necə həll olunacağı dəqiqləşdirilməyib.
Ağ Ev sözçüsü portalın müxbirlərinə bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəflər "çeviklik göstərsələr", münaqişəyə son qoymaq üçün "bir şansın olduğuna" inanır.
Musavat.com






