İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri bu həftə Bakıya varid olur - Libbini gözləyən çətin sınaq

1375 01.12.2023 11:12 Siyasət A A

Vaşinqton üçün əsas prioritet Bakı-İrəvan-Avropa İttifaqı arasında razılaşmaları koordinasiya etməkdir 

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi, nəhayət, bu həftənin sonunda Bakıya gələcək. Bu, “Turan”a diplomatik mənbələrdən məlum olub. Səfər ikitərəfli münasibətlərdəki son gərginliklə üst-üstə düşür. ABŞ-la Azərbaycanın ən çox insan hüquqları və idarəetmə ilə bağlı mövzularda ulduzu barışmır, digər istiqamətlər üzrə isə münasibətlərin axarı müsbət məcraya doğru sürətlənir.

Vaşinqton Azərbaycanın diqqətinin özündə cəmlənməsi üçün daha çox cəlbedici səy göstərməlidir, buna görə də Bakı ilə İrəvanın sülh müqaviləsini imzalaması üçün təşəbbüsləri ələ almağa çalışır.

Birləşmiş Ştatların siyasətində Rusiya ilə bütün cəbhələrdə qarşıdurmaya getməmək xətti dayanır, bəzi məqamlarda Ağ Ev özünün yaxasını kənara çəkmiş kimi görünmək məcburiyyətindədir.

Məhz bu nöqteyi-nəzərdən Vaşinqton bəzi prioritetlərinin gizli qalmasına çalışır, amma özünün pərdəarxasında təşəbbüslərini qoruyub-saxlayır.

Elə Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin formalaşmasında Avropa İttifaqının rol alması da birbaşa Amerikanın maraqlarına xidmət edir, hərçənd ki, Qərbin özündə də hansısa fikir haçalanmaları mövcuddur.

ABŞ üçün indi Bakı-İrəvan-Avropa İttifaqı arasında danışıqları, nəticə əsaslı razılaşmaları koordinasiya etmək prioritet kimi dayanır.

Karyeralı diplomat Libbinin namizədliyi onun təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayında Li Litzenberqer bu postdan getdikdən sonra Vaşinqtonun Azərbaycanda səfiri yoxdur. Libbinin Bakıya gəlişi dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonra baş tutacaq. Dövlət Departamentinin bildirdiyi kimi, söhbət zamanı “Azərbaycanla möhkəm münasibətlərimiz müzakirə edilib və münasibətlərdə narahatlıq doğuran son məqamlar qeyd olunub. Tərəflər, xüsusilə sülh prosesi ətrafında əməkdaşlığı möhkəmləndirmək imkanlarından və yüksək səviyyədə qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıblar”.

Öz karyerası ərzində Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiya rəhbərinin müavini vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi məsləhətçi olub. Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsinin direktor müavini,  Cənubi Avropa İşləri İdarəsinin direktoru və Dövlət Departamenti Katibliyinin direktoru vəzifələrində çalışıb. Yuxarıda da qeyd edildiyi kimi, Libbinin Bakıya gəlişi münasibətlərin hamar olmadığı vaxta təsadüf edir. Bu səbəbdən onun üzərinə ciddi iş düşür. Bəs əlaqələri qaydasına salmaq üçün hansı işlər görülməlidir? Bakı ilə Vaşinqton arasında münasibətlərdə diplomatların rolu, sadəcə, formaldır, yoxsa onların da rəyləri hansısa qərarlara təsir edir?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, ümumiyyətlə, istənilən ölkədə səfirin vəzifəsi çox vacibdir. T.Zülfüqarovun əlavəsi ondan ibarətdir ki, amerikalı səfirlər müxtəlif sahələr üzrə sənədlər, məruzələr hazırlayaraq Dövlət Departamentinə göndərirlər: “Bununla ABŞ Xarici İşlər Nazirliyində məşğul olan müvafiq şöbələr var. Təbii ki, bu baxımdan səfirin göndərdiyi qeydlər və məruzələr çox əhəmiyyətlidir. Çünki diplomat ümumi mənzərəni daha yaxından, daha geniş görür və əlaqələr böyük olur. ABŞ özü də maraqlıdır ki, bu və ya digər ölkələrdə təcrübəli diplomatlar onun siyasətini həyata keçirsinlər. Sadəcə, təəssüf ki, ABŞ administrasiyasına əngəl olan Konqres var. Azərbaycana səfir təyinatında da Konqresdəki erməni lobbisinin təsirinə düşənlər mane olmağa çalışırdılar ki, Libbinin təsdiqi məsələsi uzansın. Amma Prezidentin səlahiyyəti var ki, təsdiq tələb olunmadan hər hansı ölkəyə səfir iki illik göndərilə bilər”. 

T.Zülfüqarov nəzərə almağa çağırır ki, gələn il Amerikada seçkidir: “Amma Senat Libbinin səfir təyinatını təsdiq edib və biz çox da ümid etməməliyik ki, burada nəsə dəyişəcək. Hər halda, Libbi 3-4 il fəaliyyət göstərəcək. Əsas məsələ budur ki, Blinkenin müavini Azərbaycana səfər edəcək. Eyni zamanda keçmiş səfir Riçard Morninqstar da orada işləyir. Ümumən Dövlət Departamentində bizimlə işləyən təcrübəli adamlar var. Amma Azərbaycan bu vəziyyətdən istifadə edib bəzi tələblər irəli sürməlidir. Misal üçün, "907-ci düzəliş"in ləğvi istənilməlidir. Çünki bu şəraitdə Birləşmiş Ştatların vasitəçilik etməsi mümkün deyil. Biz görürük ki, illərlə ABŞ və Dövlət Departamenti müəyyən layihələr həyata keçiriblər, ictimaiyyətdə bu dövlətə münasibət müsbət olub. Lakin axırıncı hadisələrdə gördük ki, Azərbaycan ictimaiyyətində Amerikanın nüfuzu enib, hətta Rusiyadan da aşağıdadır. Səfirin gəlişi bu baxımdan çətin vəziyyətdə olacaq. Yəni ABŞ ciddi addımlar atmalıdır. Biz burada onu da deməliyik ki, Azərbaycan ABŞ-ın vasitəçiliyi üçün dəridən-qabıqdan çıxmır, bunu daha çox istəyən Ermənistandır. Ümumiyyətlə, Birləşmiş Ştatlar balanslı yanaşma ortaya qoymalıdır. Məsələn, insanların yurd-yuvasına qayıdışı həyata keçirilir, o boyda ABŞ heç bir humanitar yardım göstərməyib. Bakı bu balansı görsəydi, vasitəçilik qəbul olunardı. Artıq vəziyyət o yerə çatıb ki, moderatorluq məsələsində az qala ABŞ Fransa kimi uzaqlaşdırılsın. Ona görə indi imkan var ki, “907-ci düzəliş” ləğv edilsin və ictimaiyyətdə Vaşinqtona münasibət dəyişsin".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR