İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın keçmiş SSRİ respublikalarına yeni həmləsi

1301 01.03.2023 09:13 Siyasət A A

Vaşinqtonun həm Mərkəzi Asiyadakı keçmiş sovet respublikalarına, həm də Cənubi Qafqaza artan marağı nə vəd edir?

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edib. Blinken burada bütün Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə C5+1 nazirlər görüşündə iştirak edəcək. Daha sonra o, “bir sıra ikitərəfli və regional məsələlər üzrə tərəfdaşlığın gələcək inkişafı” mövzusunda danışıqlar aparmaq üçün Özbəkistana səfər edəcək.

Qeyd edək ki, C5+1 formatı - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ əlaqələrini ehtiva edir. ABŞ Dövlət Departamenti artıq bəyan edib ki, C5+1 iclası iqtisadi, enerji və ekoloji əməkdaşlığın gücləndirilməsinə, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətə həsr olunacaq. Bu region dövlətləri anti-Rusiya sanksiyalarına qoşulmayacağını dəfələrlə bəyan ediblər.

Qeyd edək ki, ABŞ Mərkəzi Asiya dövlətlərinə ilk dəfə deyil ki, üz tutur. Qırğızıstan və Özbəkistandan ABŞ qalmaqallı şəkildə çıxıb, idarə olunan xaos yaratmaq cəhdləri alınmayıb. Bundan başqa, region dövlətləri ilə Rusiya arasında iqtisadi əlaqələr hələ də yüksək səviyyədədir. Baxmayaraq ki, onlar bu asılılığın azaldılmasına qarşı olmasalar və hətta müvafiq addımlar atmağa başlasalar da, şaxələndirmə prosesi kifayət qədər ciddi vaxt aparacaq və bu müddət ərzində Mərkəzi Asiyanın hakim elitaları Moskva ilə əlaqələri qopara bilməyəcəklər. Ancaq Moskvanın artan imperiya təfəkkürü region dövlətlərini çəkindirir və indi digər xarici oyunçuların təkliflərinə həmişəkindən çox açıqdır. ABŞ-ın və Avropa Birliyinin Cənubi Qafqaz regionuna marağı ciddi artıb. Bunu xüsusilə Azərbaycan və Gürcüstanın Avropa enerji təhlükəsizliyində oynadığı önəmli rolda görmək mümkündür. Ekspertlər isə ABŞ-ın həm Mərkəzi Asiyadakı keçmiş sovet respublikalarına, həm də Cənubi Qafqaza artan marağının Rusiya amilini nəzərə alaraq, regiona “yaxşı heç nə vəd etmədiyi” qənaətindədirlər.

Fikrət Yusifov: "Qarşıda bizi ciddi bir təhlükə gözləyir"

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov burada əslində böyük güclərin siyasi maraqlarından daha çox iqtisadi maraqlarını görür: “Böyük güclərin başqa ölkələrlə münasibətdə dostu olmur, onların yalnız həmin ölkələrlə bağlı iqtisadi maraqları olur. Əslində kimsə deyə bilər ki, böyük güclərin tək iqtisadi maraqları olmur, onların həm də siyasi maraqları olur. Lakin real olan budur ki, böyük güclərin zaman-zaman ortaya qoyduqları siyasi maraqlar bir qayda olaraq onların iqtisadi maraqlarına xidmət edir. Bu dediklərimizi təsdiq etmək üçün son 20-30 ildə dünyanın bir sıra ölkələri ilə bağlı baş vermiş siyasi hadisələri göz önünə gətirmək yetərlidir. Məsələn, ABŞ-ın İraqa hərbi müdaxiləsinin əsl səbəbləri İraq məğlub edildikdən sonra tam aydınlaşdı. Məlum oldu ki, bu müharibə üçün bəhanə edilən səbəb - guya İraqın kimyəvi silahlara sahiblənməsi faktı təsdiq olunmadı. Lakin ABŞ İraq rejimini devirib, özünün bu ərazidəki iqtisadi maraqlarını tam təmin etdi.

Böyük güclərin iqtisadi maraqları böyük və geniş, əhatəli olur. Baxın, Amerikanın əli bu gün dünyanın hansı ölkəsinə çatmır? Və ya Çin bu gün Afrika qitəsini az qala bütövlükdə almağa yaxındır. Dünya iqtisadiyyatının 1,7%-nə sahib olan, lakin hərbi baxımdan güclü ölkələr sırasına aid edilən Rusiya öz maraqlarını dünyanın demək olar ki, hər yerində axtarmağa çalışır. Böyük güclər bir qayda olaraq özündən kiçik və zəif ölkələrə  “demokratik dəyərləri təmin etmək” və ya “dost ölkəni müdafiə etmək” kimi çağrışlarla müdaxilə etsələr də, sonda onlar həmin ölkələrdə öz dövlətlərinin iqtisadi maraqlarını reallaşdırmaqla məşğul olurlar".

F.Yusifov fikirlərinə bu cür davam etdi: “Bu gün ABŞ-ın keçmiş sovet respublikaları ilə yaxınlıq etməyə göstərdiyi çabalar da onun dünyanın digər regionlarında iqtisadi maraqlar axtarışını hədəfləyən dövlət siyasətindən irəli gələn bir məsələdir. Rusiyanın Ukrayna ilə müharibədə məğlub olacağına və Rusiyanın bir dövlət kimi süqut edəcəyinə inanan ABŞ indidən Orta Asiya respublikalarında Çinin təsirlərini azaltmaq və gələcəkdə bu regionu öz təsir dairəsində saxlamaq istiqamətində düşünülmüş, uzaqgörən addımlar atır. Bu region Çinə yaxın və eyni zamanda bir çox təbii resurslarla, ilk növbədə isə enerji resursları ilə yetərincə zəngin bir məkandır. Çinlə iqtisadi müstəvidə ölüm-dirim savaşı aparan ABŞ üçün bu regionda mövqe formalaşdırmaq olduqca əhəmiyyətlidir”.

Əli Orucov: "AXCP ilə Müsavat biri-birinə potensial rəqib kimi baxırlar"

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Amerikanın Rusiyanı sıradan çıxarmaqda israrlı olduğunu söylədi: “ABŞ Rusiyaya qarşı bir neçə istiqamətlərdə mübarizə aparır. Vaşinqton Ukrayna timsalında hərbi gücdən digər postsovet məkanında isə yumşaq gücdən istifadə edir. Bu, Moskvanın tam təklənməsinə və tədris edilməsinə, hətta regional güc olaraq tükənməsinə yönəlik addımdır. Dövlət katibinin G5+1 çərçivəsində Mərkəzi Asiyaya səfəri Birləşmiş Ştatların dəstəyinin ifadəsidir. Bildiyiniz kimi, Mərkəzi Asiya dövlətləri Rusiya və Çinə münasibətdə çox həssas və ehtiyatlıdır. Xüsusən də Moskva ilə əlaqələrini açıq şəkildə korlamaq istəmirlər. Həm də ona görə ki, bu, hakim elitalar üçün ciddi fəsadlara gətirib çıxarar. Lakin Rusiyanın neoimperiya iddiaları və yürütdüyü təcavüzkar siyasət Mərkəzi Asiya dövlətlərini alternativ strateji müttəfiqlər axtarışına sövq edir. Əsasən də Qazaxıstan daha kövrəkdir. Ötən il bu dövlətdə baş verən iğtişaşlar sanki bir dərs oldu. Mərkəzi Asiyanın iki dövləti Qazaxıstan və Özbəkistan son dövrlər daha aktiv xarici siyasət yürüdürlər. Halbuki Daşkənd əvvəlki prezidentin dönəmində özünü təcrid etmişdi. Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya dövlətləri həm də enerji və digər təbii resurslarla zəngin regiondur. Dünyanın qaz ehtiyatlarının böyük qismi bu regionun əsasən də Xəzər hövzəsində yerləşir. Qərbin enerji təhlükəsizliyinin və enerji şaxələndirilməsində bu region önəmli rol oynaya bilər. Odur ki, Blinkenin C5+1 formatı çərçivəsində Mərkəzi Asiya turu, məncə, daha çox iqtisadi, enerji məsələləri üzərində qurulacaq. Lakin bu səfər liderləri bir qədər cəsarətləndirə bilər ki, Rusiya ilə münasibətləri korlamadan öz maraqlarını təmin edə bilsin. ABŞ Cənubi Qafqazda da fəallaşıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Moskvanı hətta ənənəvi və tarixi nüfuz dairəsi olan bölgələrdən də çıxarmaqla Rusiya təhlükəsini bir dəfəlik çözməkdə israrlıdır. Ancaq imperiyalar və totalitar rejimlər süqut edəndə onun fəsadlarından bəzən qaçmaq mümkün olmur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR