İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ digər düşməninə də "sanksiya torbası" tikir: Baydenin xəyalları ÇİN çıxır

3241 20.03.2022 13:54 Analitika A A

Rusiyanı Ukraynada "savaş bataqlığı"na çəkmək üçün istifadə olunan metodlar indi də eynilə Çinə qarşı tətbiq olunur; ABŞ Çinə qarşı beynəlxalq sanksiyaların tətbiqinə bəhanə qazanmaq üçün rəsmi Pekini Rusiyaya dəstək vermək məcburiyyətində buraxmağa çalışır...

Ukrayna savaşı dünyanın mövcud siyasi sistemini dağıtmağa başlayıb. Artıq beynəlxalq hüquq normalarının bir çox ənənəvi dəyərləri demək olar ki, öz əhəmiyyətini və təsirini itirmək üzrədir. Hətta BMT-nin Təhlükəsizlik Şurası belə, bu qurumun veto hüquqlu beş daimi üzvünün davranışları ucbatından iflas mərhələsinə qədəm qoyub.

Ona görə də, Türkiyə BMT Təhlükəsizlik Şurasında ciddi islahatların aparılmasını tələb edir. Bəzi məlumatlara görə, Böyük Britaniya da beş daimi üzvdən biri olsa da, Türkiyənin bu tələbini dəstəkləyir. Və bu, indiki beynəlxalq siyasi sistemin dünya proseslərinə nəzarəti təmin etmək baxımından, artıq yetərli olmadığını göstərir.

Məsələ ondadır ki, BMT Təhlükəsizlik Şurasının veto hüquqlu beş daimi üzvləri arasında kəskin parçalanma və qarşıdurma var. ABŞ, Böyük Britaniya və Fransa üçlüyü Rusiya-Çin çütlüyünə qarşı cəbhə açıb. İndi dünya dövlətləri bu düşmən-rəqib düşərgə ətrafında yenidən qruplaşmağa meyilli görünürlər. Rusiya-Çin çütlüyü ətrafında yer almağa həvəsli dövlətlərin sırası o qədər də geniş deyil. Ancaq ABŞ Böyük Britaniya və Fransa üçlüyü ətrafında kifayət qədər geniş müttəfiqlər düşərgəsinin yarandığı inkaredilməz reallıqdır. Və belə vəziyyətin mövcud olmasında həm NATO, həm də Avropa Birliyi kimi qurumların maraqlarının xüsusi rolu var.

rus-chin-mutti.JPG (86 KB)

Bütün bunları nəzərə aldıqda, hələlik Rusiya-Çin cütlüyünün beynəlxalq məkanda təklənmək üzrə olduğunu düşünmək olar. Halbuki bu iki dövlətin də maraqları bir çox məsələlərdə qətiyyən uzlaşmır. Əksinə, beynəlxalq siyasi-ideoloji rəqabət nəzarə alınmasa, Rusiya və Çin strateji hədəflər baxımından, ciddi rəqib sayıla bilərlər. Ancaq indi beynəlxalq məkanda hədəfə çevrilmələri bu iki nəhəng dövləti məcburi müttəfiqə çevirməyə başlayıb.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Kremlin Çinlə münasibətləri daha da yaxınlaşma istiqamətində inkişaf etdiyini gizlətmir. Əksinə, Ukrayna savaşı ucbatından dünyadan təcrid edilməkdə olduğundan bunu daha qabarıq şəkildə ifadə etməyə həvəs göstərir. Rus nazirin fikrincə, indiki situasiyada Rusiya-Çin münasibətləri və strateji sahələr üzrə əməkdaşlıq yalnız daha da möhkəmlənəcək: "Çünki Qərb beynəlxalq sistemin təməllərini kobud şəkildə dağıtmaqla məşğuldur. Ona görə də, bu iki nəhəng dövlət bundan sonra dünyada necə mövcud olmaq barədə düşünmək məcburiyyətindədir".

Əslində, dünyada siyasi-ideoloji qütblər arasında məhz belə kəskin qarşıdurmanın ola biləcəyi ehtimal edilirdi. Çünki, ABŞ prezidenti Co Bayden hakimiyyətə gələr-gəlməz bunun mesajını vermişdi. Bayden adminstrasiyası ABŞ vətəndaşlarına "dünyada hər kəsə öz yerini göstərməyi" və "ABŞ-ın başqaları tərəfindən mənimsənilmiş beynəlxalq mövqelərinin geri qaytarılması"nı vəd etmişdilər. Ardınca isə Rusiyanı və Çini ABŞ-ın iki əsas beynəlxalq düşməni elan etməklə, vədlərin icrası məqsədilə "düymə"yə basmışdılar.

İlkin nəticələr də artıq məlumdur. Rusiya Ukraynada "savaş bataqlığı"na salınıb, beynəlxalq sanksiyalara məruz qoyulub. İndi Rusiya bütün istiqamətlərdən blokadaya alınaraq, dünyadan təcrid edilir. Yəni, ABŞ öz əsas iki beynəlxalq düşmənindən birini maliyyə-iqtisadi cəhətdən çökdürmək prosesinə start verib. Və Ağ Ev indi vaxt itirmədən ikinci düşmənlə də məşğul olmaq niyyətini biruzə verməyə başlayıb.

1642861390_ukrayna_rusya_savasinin_baslamsi_an_meselesi_1642669925_7948.jpg (32 KB)

Məsələ ondadır ki, Ağ Evdən verilən açıqlamalarda Rusiyanın çökdürülməsi planının artıq qarşısıalınmaz mərhələyə keçdiyindən əminlik hiss olunur. Ona görə də, bundan sonra ABŞ bu planın Çinin də Rusiyanın yanına qatılması mərhələsinə başlamaq üçün tələskən addımlar atmağa çalışır. Və nə qədər qəribə də olsa, Rusiyaya qarşı tətbiq olunan metodlar demək olar ki, eyni məzmunda Çinə qarşı da istifadə edilir.

Xatırladaq ki, ABŞ və Qərb Rusiyanı "savaş bataqlığı"na çəkmək üçün əvvəlcə Ukraynanı NATO-ya üzv qəbul edəcəyini bəyan etdi. Kreml buna kəskin reaksiya verdi, sərt addımlar ata biləcəyini vurğuladı. Buna qarşılıq olaraq, ABŞ və Qərb dərhal Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, Rusiyanın dəhşətli fəlakətlər ilə üzləçəcəyini bildirdilər.

Ardınca isə Ukraynada NATO hərbi bazalarının və raket sistemlərinin yerləşdiriləcəyinə eyham vurdular. Yəni, ABŞ və Qərb bir tərəfdən Rusiyaya "Ukraynanı vurmaq olmaz" dedi. Digər tərəfdən isə Rusiyanın Ukraynanı vurmaq məcburiyyətində buraxılması üçün əlindən gələn hər şeyi etdi. Nəticədə Rusiya indiki duruma düşdü, ağır beynəlxalq sanksiyalarla baş-başa qaldı.

İndi Çinə münasibətdə də demək olar ki, eyni metodları tətbiq etməyə çalışırlar. Bir tərəfdən, Çinə Rusiya ilə əməkdaşlıq etməyin yolverilməzliyi ilə bağlı xəbərdarlıq mesajları verilir. Digər tərəfdən isə rəsmi Pekini Rusiyaya doğru itələməyə çalışırlar. Və bu, Çin üçün də Rusiyaya qarşı tətbiq olunan planın bir başqa bənzərinin hazırlanmış ola biləcəyini düşünməyə əsas verir.

Təbii ki, rəsmi Pekin Çin ətrafında yeni bir oyunun qurulmaqda olduğunu anlamamış deyil. Rusiya ilə ortaq problemi yaşamağa sürüklənsə də, mümkün qədər ehtiyatlı davranmağa, neytral qalmağa cəhd göstərir. Hətta Kremlin Ukraynaya hərbi müdaxiləsini rəsmən dəstəkləmədiyinə üstüörtülü şəkildə eyham vuran rəsmi Pekin Çinin müvəqqəti olaraq, Rusiyadan neft idxalını dayandırdığını da bildirib.

russia-china.jpg (71 KB)

Ancaq bütün bunların rəsmi Pekinin Çini bütün bu proseslərdən kənarda tuta bilməsi üçün yetərli olacağını düşünmək olduqca tezdir. Çünki, ABŞ və Qərbin son davranışları rəsmi Pekin üçün kifayət qədər ciddi problemlər yarada bilər. Belə ki, bəzi məlumatlara görə, hazırda ABŞ öz neftini əsasən Çinə satan Venesuela ilə danışıqlar aparır. Bu dövlətə sanksiyaların ləğvi qarşılığında neftin Çinə deyil, Avropa Birliyi ölkələrinə satılması təklif edilir. Düzdür, Ağ Ev bu təklifini Avropa Birliyi ölkələrinin Rusiya neftindən asılılığını azaltmaq niyyəti ilə izah edir.

Ancaq buna baxmayaraq, əsas hədəfin həm də Çini enerji qaynaqlarından məhrum etmək olduğu qətiyyən şübhə doğurmur. Çünki, Venesuela ilə yanaşı, Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar da təxminən eyni məzmun daşıyır. Halbuki, Səudiyyə Ərəbistanı da Avropa Birliyi məkanına daha çox neft ixrac etmək üçün həm istehsalı artırmalıdır, həm də Çinə satdığı neftin həcmini ciddi şəkildə azaltmaq məcburiyyətindədir.

Göründüyü kimi, kifayət qədər böyük oyundur. Bir tərəfdən, Rusiya neftinə dünya bazarında tələbatın azaldılmasına cəhd göstərirlər. Eyni zamanda da Çinin enerji resurslarına olan ehtiyaclarının təmin edilməsinə ciddi problemlər yaradırlar. Yəni, Çini əlacsız qalıb, Rusiyadan neft almaq məcburiyyətində buraxmaq niyyəti güdürlər. Və bu, rəsmi Pekin üçün hazırlanmış "maliyyə-iqtisadi tələ" təsiri bağışlayır.

Məsələ ondadır ki, ABŞ və Qərb artıq bir neçə dəfə rəsmi Pekini Rusiya ilə maliyyə-iqtisadi əməkdaşlıqdan çəkinməyə çağırıb. Çinə Rusiyaya qarşı sanksiyaların pozulmasının mümkün nəticələri barədə xəbərdarlıq edilib. Rəsmi Pekinin bunu nəzərə almayacağı təqdirdə, Çinə qarşı da Rusiyanın məruz qaldığı sanksiyaların tətbiq oluna biləcəyinə eyham vurulub.

Belə anlaşılır ki, ABŞ və Qərb rəsmi Pekinə nə qədər xəbərdarlıq etsə də, əslində, Çinə qarşı sanksiyaların tətbiqi üçün bəhanə qazanmağa cəhd göstərir. Çinin Venesuela və Səudiyyə Ərəbistanından neft idxalını bloklamağa göstərilən cəhdlər də rəsmi Pekini Rusiyadan neft almaq məcburiyyətində buraxmaq niyyətindən xəbər verir. Çünki bu halda, ABŞ və Qərb Çinə qarşı maliyyə-iqtisadi və ticari sanksiyalar tətbiqi üçün bəhanə qazanmış olacaq.

xi-jinping-biden-reuters1.jpg (116 KB)

Onu nəzərə almaq lazımdır ki, Çin iqtisadiyyatı Qərb bazarları ilə daha çox inteqrasiya olunub. Üstəlik, Çin iqtisadiyyatının Qərb kapitalından asılılığı da Rusiya ilə müqayisədə daha dərindir. Rusiyadan fərqli olaraq, enerji resurslarından məhrum Çində çoxsaylı brend xarici şirkətlərin əhalinin iş yerləri ilə təmin edilməsində rolunu və s. digər məqamları da nəzərə aldıqda, kifayət qədər qorxunc mənzərə ortaya çıxır.

Belə anlaşılır ki, Çin ABŞ və Qərbə heç bir halda, sanksiya bəhanəsi verməməlidir. Əks halda, böyük fəlakətə tuş gətirilə bilər. Və rəsmi Pekin hətta Rusiya ilə ortaq şəkildə belə həmin fəlakətdən yayına bilməz.

Halbuki, rəsmi Pekinin buna nail olmasının çətinliyi də qətiyyən şübhə doğurmur. Çünki, Avropa Birliyi Çinin Rusiyaya hərbi yardım imkanlarını araşdırmağa başladığını vurğulayıb. Eyni zamanda, Avropa Birliyi bu barədə çox etibarlı sübutların olduğunu da iddia edir. Və böyük ehtimalla ABŞ və Çin liderlərinin iki saat sürən onlayn görüşündə bütün bu məsələlər geniş şəkildə müzakirə olunub.

Rəsmi Pekin Ağ Evə dünyada sülhün və sabitliyin təmin olunmasında ABŞ və Çinin ortaq fəaliyyət modelini təklif etsə də, hələlik bu, o qədər də məmnunluqla qarşılanmayıb. Çünki belə anlaşılır ki, hazırda Ağ Evi rəsmi Pekin ilə əməkdaşlıq qətiyyən cəlb etmir. Əksinə, deyəsən, indi Ağ Evdə Çini Rusiyanın yanına necə yerləşdirmək barədə daha çox düşünməyə üstünlük verirlər. Görünən odur ki, Ağ Ev sahibi Co Bayden indi ABŞ-ın beynəlxalq düşmənlərini zəiflətmək xəyallarını ÇİN çıxartmaq niyyətində olduqca ciddidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR