İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan sülh hərəkətlənməsi - Türkiyə ilə anlaşma...

757 12.03.2024 10:51 Siyasət A A

Ağ Evin Azərbaycan-Ermənistan münasibətlərini tənzimləmək üçün təşəbbüsü nəticə verəcəkmi; ekspertlərdən ilginc açıqlamalar

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına dair ümidlər artmaq əvəzinə, azalmaqdadır. Bu da müstəsna olaraq rəsmi İrəvanın davam edən qeyri-ciddi mövqeyi və ikili oyunları ilə birbaşa bağlıdır.

Halbuki Bakının illər öncə sülh sazişi üçün irəli sürdüyü və sırf beynəlxalq hüquqa əsaslanan 5 məlum baza prinsipində qeyri-adi heç nə yoxdur. Bundan əlavə, görünən budur ki, kapitulyant ölkə böyük sülh anlaşmasını yaxınlaşdırmaq üçün öz konstitusiyasına və digər normativ-hüquqi sənədlərə müvafiq dəyişikliklər etməyə də tələsmir. Bu isə sövq-təbii yeni müharibə riskini artırır. Çünki istənilən sülhün alternativi müharibədir.

Bəs yeni müharibə kimə lazımdır - Qərbə, Ermənistana, yoxsa? Bu arada məlum olub ki, Türkiyə və ABŞ “Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinə nail olmaq” üçün Bakı və İrəvan arasında sülh sazişi üzərində birgə işləməyə söz veriblər. Bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci görüşü ilə bağlı bəyanatda deyilir. Rəsmi məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə 7-8 mart tarixlərində ABŞ-da keçirilən Strateji Mexanizm Görüşü ilə bağlı birgə bəyanat verilib. Bəyanatda deyilir ki, Hakan Fidan və Entoni Blinken ümumi məqsədlərin irəliləməsinə və ortaya çıxan qlobal çağırışların həllinə imkan verən nəticəyönümlü, gələcəyə hesablanmış, ikitərəfli müsbət gündəmə sadiqliklərini təkrarlayıblar. İki nazir Türkiyə-ABŞ münasibətlərini regional prioritetlər, terrorizmlə mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım, ticarət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və insanlar arasında əlaqələr də daxil olmaqla, bir sıra sahələrin gücləndirilməsinə toxunub. Nazirlər terrorun bütün növləri və təzahürləri ilə mübarizə aparılmalı olduğunu bir daha vurğulayıblar. Bildirilib ki, Türkiyə və ABŞ Strateji Mexanizm çərçivəsində milli təhlükəsizliklərə təhdid yaradan terrora qarşı əməkdaşlığı artırmaq, mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə məşğul olan şəbəkələrə qarşı mübarizə aparmaq üçün Türkiyə-ABŞ Terrorla Mübarizə Məsləhətləşmə görüşlərini davam etdirəcəklər. Türkiyə və ABŞ nazirləri bir sıra digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləməyə sadiq olduqlarını bildirib, belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və rifaha təşviq edəcəyinə dair razılığa gəliblər.

Gözlənildiyi kimi, xəbər Ermənistanda dərhal narahatlıq doğurub - rəsmi səviyyədə olmasa da. İrəvanda indi də Türkiyə amilini bəhanə edib kövrək sülh danışıqlarını sabotaj etmək yönündə fikirlər səslənir.

Qeyd edək ki, son vaxtlar Türkiyə və Ermənistan arasında təmasların intensivləşməsi müşahidə olunmaqdadır.  Ermənistan rəsmilərinin Antalya Diplomatik Forumunda iştirakı, Türkiyə rəsmiləri ilə görüşləri də çox güman ki, Vaşinqtonun diqqətindən yayına bilməzdi. Bu mənada bölgənin aparıcı ölkələrindən olan Türkiyə ilə birgə fəaliyyət qərarı təsadüfən verilə bilməzdi. Türkiyə prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç Türkiyə-Ermənistan normallaşma prosesinin gündəliyinin hələlik dəqiqləşdirilmədiyini bildirmişdi. O qeyd edib ki, məsələyə aydınlıq gətirmək üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur, lakin görüşün tarixi və məkanı hələ razılaşdırılmayıb. “Sadəcə, görüş naminə görüşün mənası yoxdur. Bilirsiniz ki, ən son görüşümüzdə sərhədlərimizin üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib olan şəxslərin keçidi üçün açmaq qərarı vermişdik. Bizim indiyədək görüşməməyimizin səbəbi bunu həyata keçirməməyimiz olub. Və indi bu razılaşmanı necə reallaşdıra, nələr əlavə edə bilməyimiz üçün görüşməyimiz lazımdır. Çünki biz Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək istəyirik. Bu prosesin irəliləməsi Azərbaycan-Ermənistan normallaşma prosesinə də müsbət töhfə verəcək”, - Sərdar Kılıç vurğulayıb. O, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasının Ermənistan-Türkiyə normallaşma prosesi və bütün bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bir zəruri xatırlatmaya da ehtiyac var, ötən ilin son ayında da Türkiyə XİN rəhbəri Vaşinqton səfərindən sonra Bakıya gəlmişdi və mühüm bəyanatlar verilmişdi.

Bəs ekspertlər nə düşünür, Ankara və Vaşinqtonun birgə səyləri mümkünmü və effektli ola bilərmi? ABŞ nə dərəcədə bu prosesdə səmimidir? Vaşinqton həqiqətənmi “Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişi”ndə maraqlıdır?

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Birləşmiş Ştatlar bir qayda olaraq, geosiyasi proseslərdə talassokratik (dəniz hakimiyyəti) güc kimi çıxış edir və klassik mənada olmasa da, “su gücü”nün əhəmiyyətli elementlərinin daşıyıcısı hesab oluna bilər: “Bu baxımdan, Vaşinqtonun siyasətində çoxgedişli kombinasiyaların nəzərə çarpması təbii qəbul olunmalıdır. "Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişi"nə nail olmaq üçün Türkiyə ilə birgə səylərin göstərilməsi də bu kombinasiyalardan biri kimi qəbul oluna bilər. Bu, o demək deyil ki, ABŞ Cənubi Qafqaza Ermənistan vasitəsilə nüfuz etməkdə maraqlı deyil. Bu xüsusda ABŞ-ın Türkiyə ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində birgə səylər göstərə biləcəyini mümkün hesab edirəm, amma bu yanaşmanın yeganə istiqamət olmadığı, alternativlərdən biri olduğu qənaətindəyəm". 

E.Mirzəbəyli bu kontekstdə Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hirpinin son açıqlamasında Ermənistana yönəlik mesajına da diqqət çəkdi: “Hirpi bəyan edib ki, Britaniya Ermənistanın KTMT-dən uzaqlaşmasına müsbət yanaşır və İrəvanı dəstəkləməyə hazırdır, amma bu dəstək heç bir halda Azərbaycan və Türkiyəyə qarşı yönəlməməlidir. Bu yanaşma ABŞ-ın Türkiyə ilə birlikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakının müəyyən məqamlarını gün işığına çıxaran amil kimi dəyərləndirilə bilər. İndiki halda bu alternativ xətt Ermənistanın Rusiyadan uzaqlaşaraq, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətini nəzərdə tutur. Bu isə Rusiyanın Ermənistanın davranışlarına necə cavab verəcəyindən asılı olan bir məsələdir. Moskva indiki şəkildə bəyanatlarla keçinməyə üstünlük verəcəyi təqdirdə proseslərin Kremlin təsir dairəsindən tamamilə çıxması ehtimalı mümkün ola bilər”.

Qafar Çaxmaqlı: “Yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə  taleyüklü hadisə kimi baxırlar”

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirdi ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesini də manipulyasiya etməsi açıq görünür: “Antalya Diplomatik Forumunda Türkiyə təmsilçisi Kılıçın dilindən deyildi ki, sülh istəyən ölkə, sərhədlərini açmağa qərarlı olan dövlət ona hazır olmalıdır. Bağlanacaq müqavilənin sonradan kağız parçasına  dönməməsi üçün Ermənistan 1991-ci ildə qəbul etdiyi Müstəqillik haqqında bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçdiyini bildirən addımlar atmalıdır. Ölkəsinin 1995-ci ildə qəbul etdiyi konstitusiyanın preambluasında  yer alan iddiaları dəyişdirməlidir. Türkiyə də, Azərbaycan da bölgədə sülh və sabitliyin bərqərar olması üçün 2020-ci ildən bəri lazımi addımlar atıb. Sülh sazişi prinsipləri Ermənistana təqdim olunub.  Ayrı-ayrı mərkəzlərdə müzakirələr aparılıb. Deməzdim ki, birləşmiş Qərb və ABŞ bu müqavilənin imzalanmasında maraqlı deyil, onu çıxılmaza soxmaq istəyən Ermənistandır”.  

Q.Çaxmaqlı xatırlatdı ki, Türkiyə XİN rəhbəri Hakan Fidanın son Amerika səfəri ilə Türkiyənin danışıqlarla münasibətlərin normallaşdırmağa qərarlı olduğu bir daha ifadə edildi: “Top indi Ermənistanın meydanındadır. Ermənistan sülh istəyirsə, bu prosesin nəticə verməsi üçün addımlar atmalıdır. Həmin addımların nələr olduğunu Ermənistanda çox yaxşı bilirlər. Hələ də 9 noyabr razılaşmasının 9-cu bəndi yerinə yetirilməyib. Hələ də Qazağın 7, Naxçıvanın Kərki kəndi işğal altındadır... Sülh sazişini qalıcı edəcək problemlər aradan qaldırılmayıb...”

Rusiya Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən  faydalanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistan üç il ərzində hər vəchlə sülhdən yayınır: “Azərbaycanın sülh təşəbbüsləri İrəvan tərəfindən manipulyasiya edilir və birbaşa təlimatlar Parisin diktəsi ilə həyata keçirilir. Fransanın Ermənistanı dəstəkləməsi silahlar göndərməsi İrəvanın manevrlərə əl atması, şərtlərlə çıxış etməsi ilə nəticələnir. Həmçinin qanunvericiliyində dəyişikliklər etməməsi, Azərbaycanın anklav olmayan 4 kəndini qaytarmaması deməyə əsas verir ki, İrəvan sülhdə maraqlı deyil. Ümumiyyətlə, həm Avropa həm də, Rusiyanın vasitəçiliyi ümumi prosesi zəiflədib. Heç bir müsbət effekti olmayıb. ABŞ və Türkiyə birgə iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün birgə çalışacaq”. Ekspert hesab edir ki, prosesdə Türkiyə varsa, iki ölkə arasında sülh ola bilər: “ABŞ da Türkiyəni əsas oyunçu və vasitəçi kimi  qəbul edib. Bu, çox böyük siyasi gedişatdir. Görünür, ABŞ Türkiyə ilə işləməkdə qərarlıdır. Türkiyə ABŞ prosesə aktiv olmağa sövq edəcək. Fransanın bölgə ilə bağlı siyasəti, Ermənistanı dəstəkləməsi Türkiyənin prosesdə yer almasını çətinlişdirə bilər. Amma ABŞ dəstək versə, Ermənistana təzyiq etsə, sülh ola bilər. Azərbaycan da bu formata dəstək verəcək. ABŞ-Türkiyə formatı Brüssel və Moskva formatından uğurludur. İlk növbədə Ermənistan Türkiyənin vasitəçiliyini qəbul edəcək. Çünki burada Türkiyə-Ermənistan normallaşma prosesi də var”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR