İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Azərbaycana qarşı növbəti demarş - yenə din pərdəsi altında 

984 30.01.2024 12:20 Siyasət A A

Bakıdan cavab: “Dini etiqadına, milli kimliyinə görə insanlara qarşı diskriminasiya həyata keçirmiş ölkələr sırasında Ermənistan ilk yerlərdədir, amma...”

Yanvarın 30-31-də ABŞ-da Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (İRF-2024) keçiriləcək. Trend xəbər verir ki, tədbir ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə keçirilir.

İRF-2024 sammitində çıxış edən spikerlər arasında Xankəndidən olan “qaçqın jurnalist” kimi təsvir edilən Siranuş Sarkisyan da daxil olmaqla, 5 erməni var. Və bu tədbirdə həmin ermənilərin çıxışı gözlənilir. Ermənilər timsah göz yaşlarını töküb Qarabağda hansısa “xaçların” , olmayan mədəni irslərinin “dağıdılmasından” danışacaqlar.

Bu da onu deməyə əsas verir ki, İRF sammiti getdikcə islamafob və xristian fanatizmi ideyalarını təbliğ edir. Eyni fikri artıq digər müsəlman ölkələri də bölüşür. İcraçı direktor Piter Börnsin “X” sosial şəbəkəsində paylaşımı isə sammitin İslamofob və azərbaycanofob xarakterli olmasının bariz nümunəsidir.

Qeyd edək ki, bu zat ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd, hind əsilli Vivek Ramasvaminin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş və arxa planda dağıdılmış məscidlərin (!!) şəklini paylaşıb. Bu da tədbirin əsl mahiyyətini ortaya qoyur: sammit dini azadlıq sammiti deyil, səlibçi sammitidir.

Sual yaranır: din azadlığı yalnız xristianlıqla bağlıdırmı? Bu yerdə Azərbaycanın ABŞ-ın “dini etiqad azadlığını məhdudlaşdıran” ölkələrlə bağlı hesabatına daxil edilməsinin səbəbi bir daha aydın olurmu?

“Din azadlığı” adına belə iyrənc sammitlərlə nəyə nail olmaq, nə demək istəyirlər?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu cür sammitlərin, dinləmələrin, orada qəbul edilən sənədlərin heç də əsas məqsədi dünyada hüquq və azadlıqların təmin olunması deyil. Bu, daha çox Amerikanın dünyanın müxtəlif bölgələrində, həmçinin Azərbaycanda maraqlarının təmin olunması üçün həyata keçirilən addımlardır: “Özünü dünyanın supergücü hesab edən bir dövlət dini etiqad azadlığı adı ilə sammit keçirir və oraya beş ermənini dəvət edir. Həmin ermənilərdən biri hamımıza məlum olan Siranuş Sarkisyandır. Hansı ki, Xankəndidən gedən böhtançı erməni jurnalistdir. Bu faktın özü Amerikanın nə qədər riyakar, beynəlxalq hüquqa əsaslanmayan siyasət həyata keçirdiyini açıq şəkildə göstərir. Ermənilərin necə danışacağı, hansı böhtanları bizə qarşı irəli sürəcəyi hamımıza məlumdur. Dünyada dini etiqadına, milli kimliyinə görə insanlara qarşı diskriminasiya həyata keçirmiş ölkələr sırasında Ermənistan ilk yerlərdədir. Ancaq bu gün ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı sammitinə 5 ermənini dəvət edir və onların böhtanlarına, hücumlarına şərait yaradır. Bu, cinayətkarı məsuliyyətə cəlb etmək əvəzinə onun əlinə daha güclü silah verib əvvəlki cinayətlərini təkrarlamasına şərait yaratmaqla eyni davranışdır”.

Deputatın sözlərinə görə, Amerika 30 il Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarındakı 67 məscidin ermənilər tərəfindən yerlə yeksan edildiyi, təhqir edildiyi faktı ilə bağlı fikirlərimizi çatdırmaq üçün sammitə Azərbaycandan nümayəndələr dəvət etməməklə də qərəzli olduğunu nümayiş etdirir: “Ermənilər İslam dininə aid dini abidələri məhv ediblər. Ermənistan monoetnik dövlətdir. Bu dövlətin ərazisində yaşayan bütün qeyri-xristian millətlər oradan zor gücünə deportasiya edilib. ABŞ heç də uzaq tarixdə olmayan bu real faktları görməməzlikdən gəlir. Əgər azacıq da olsa ədalətli, qərəzsiz olsaydılar, ilk növbədə bu məsələlərlə bağlı müzakirələr aparılmasını təmin etməliydilər. Bunun üçün də ilk növbədə o sammitə azərbaycanlılar dəvət edilməlidir. 

Azərbaycan dövləti dini azadlıqlara, bütün dinlərə mənsub insanlara hörmətlə yanaşan, onların fəaliyyətinə şərait yaradan çoxdinli, çoxmillətli ölkədir. Azərbaycan dünyada tolerantlıq nümunəsidir. Eyni zamanda Azərbaycan haqlı mövqedədir. Ona görə də Azərbaycan dövləti hansısa ölkədə qərəzli, adı ilə əməli uyğun gəlməyən sammitlərə, forumlara, oradan çıxan hansısa bəyanatlara əhəmiyyət verən, ondan çəkinən, qorxan dövlət deyil. Bu cür çirkin yollarla, təzyiqlərlə Azərbaycanı haqq yolundan döndərə bilməzlər". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR