İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da 4 universitet qazanan Rəşad hansı zənginin oğludur?

4649 15.04.2022 17:09 Gündəm A A


Son bir neçə gündə sosial şəbəkələr, saytlar ondan çox yazdı. ABŞ-da eyni vaxtda 4 universitet və 90 min dollar təqaüd (tam təhsil xərcləri) qazanan Rəşad Əhmədovdan.

Hər bir azərbaycanlı balasının qazandığı böyük təhsil uğuru əslində hamımızın, dövlətimizin başucalığıdır. Dünyaya yüksək zəka, bilik, savadla, intellektlə qaynayıb-qarışırıq. Uzaq Amerikada Azərbaycanı belə gənclərlə tanıyacaqlar həm də.

Sosial şəbəkələrdə Rəşadla bağlı minlərlə şəxs öz profilində, onlarla böyük səhifələr paylaşım edib.
Əksəriyyət “əhsən” deyir, heyranlığını bildirir.

Bəzi düşündürücü və əslində bu yazının yazılmasına səbəb olan şərhlərə də rast gəldim. Bir neçə nəfər yazmışdı ki, görəsən hansı milyonerin, hansı məmurun, zənginin oğludur? Görəsən, hansı illik ödənişi 20-30 min manat olan liseyi bitirib?..

Rəşadı lap balaca, 4-5 yaşlarından tanıyıram. Ailə dostlarımız Bəxtiyar bəy və Zülfiyyə müəllimin övladıdır. Ucqar bir qəsəbədə - Ceyranbatan qəsəbəsində qonşuluqda yaşayırıq. Anası Zülfiyyə müəllim illər öncə oğlumun sinif rəhbəri oldu. Beləcə, qonşuluq münasibətlərimiz daha da yaxınlaşdı, ailə dostluğuna qədər inkişaf etdi...
Bəli, Rəşad mənəvi zəngin bir ailənin övladıdır. Atası Bəxtiyar bəy sadə bir zəhmətkeşdir, yüksək əxlaqlı, sakit təbiətli bir insandır. Anası Zülfiyyə müəllim yüksək intellektə malik pedaqoqdur. Bundan da vacibi odur ki, şagirdlərini o qədər vətənpərvər ruhda yetişdirir, heyran olmamaq mümkün deyil.
Belə bir mənəvi zəngin, halal zəhməti ilə dolanan ailənin Rəşad Əhmədov kimi zəkalı övladı olması təbiidir.
Əlbəttə, Rəşad gecəsini gündüzünə qatıb oxumaqla bu zirvəyə yüksəlib. Bircə dəfə də olsun Rəşadı küçədə boş-boş gəzişən, vaxtını boşuna xərcləyən görməmişik...
2017-ci ilin avqustunda o, ilk böyük nailiyyətini göstərmişdi: Buraxılış imtahanında 677 bal toplayaraq, Bakı Ali Neft məktəbini seçəndə sevinclə ailə dostları, qohumları onun başına toplaşıb, qeyd etmişdik. O zaman facebookda da bir təbrik statusu yazmışdım, dolayısı ilə gəncləri təhsilə səsləyərək.

eses status.jpg (206 KB)

Bəli, ən sevincli və ürək açılan məclis təhsil uğuruna görə yığışılan məclisdir.

Rəşad indi Bakı Ali Neft Məktəbinin V kurs tələbəsidir, ABŞ-ın 4 universitetinin birbaşa doktorantura pilləsinə tam təqaüdlə (məbləğ: 90.000 dollar) qəbul olub.

Qazandığı 4 ali məktəbdən ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə qərarlaşan “Roçester” Universitetini seçib, orada təhsilini davam etdirəcək.
Səsin daim uca zirvələrdən gəlsin, Rəşad. Dünyadakı fəxr edilən ünlü azərbaycanlılardan biri olacağına da əminik.

Elşad MƏMMƏDLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR