İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycandakı İran casuslarını müdafiə etdi

1277 19.05.2023 14:32 Siyasət A A

Vaşinqtonun “Kərimə” dövləti qurmaq istəyənləri müdafiə etməsinə sərt reaksiyalar; Dövlət Departamentinin “Ümumerməni Xeyriyyə İttifaqı”nın iftiralarına istinad etməsi hesabatın qərəzli olduğunu sübut edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti bugünlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. “Yeni Müsavat” yada salır ki, hesabatı dövlət katibi Entoni Blinken təqdim edib. Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır. Qeyd edilir ki, Azərbaycanda ötən ilin sonuna olan məlumata görə, 22 nəfər dini inanclarına və ya ibadətlərinə görə həbsdə olub. Yerli hüquq müdafiəçiləri və digər təşkilatlar bildiriblər ki, hökumət “dini fəallara qarşı fiziki zorakılıq tətbiq etməyə, onları müvəqqəti olaraq xarici dünya ilə rabitədən məhrum etməyə, həbs etməyə davam edib və bir çox dini fəalların həbsi, o cümlədən narkotik saxlamaq ittihamı ilə aparılan həbslər siyasi motivli olub”, - deyə hesabatda bildirilir.

İl ərzində Avropa İnsan Hüquqları Məhkəməsi yeddi nəfər barəsində iki məhkəmə qərarında, o cümlədən şəxsi evdə ibadət üçün yığışan Yehova Şahidlərinin həbsi ilə bağlı bir işdə Azərbaycan hökumətinin şəxsi din və ya etiqad azadlığını pozduğunu təsdiq edib. Sentyabrın 16-da məhkəmə İranda təhsil alan şiə imam Sərdar Babayevin ilkin həbsini 2023-cü ilin martına qədər uzadıb. O, dövlətə xəyanətdə ittiham olunub. Hesabatda həmçinin xatırladılır ki, Azərbaycan hakimiyyəti “hökumətin ekstremist qrup kimi səciyyələndirdiyi və İrandan maliyyə yardımı almaqda ittiham etdiyi qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı ilə bağlı şəxslərə qarşı məhkəmə iddiaları qaldırmağa davam edib”. Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.

Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycanla bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir. Bu həm də hesabatı imzalayan Blinkenin Azərbaycanda din pərdəsi altındakı İran təxribatlarını müdafiə etməsi anlamına gəlir. Artıq Vaşinqtondan belə hesabatların olması adi hala çevrilib. Amma Blinken “Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır” bəyanatı verdikdən sonra Tehrana casusluq edənləri ifşa etməyimizə qarşı çıxırsa, hesabata imza atırsa, özü-özünü təkzib edir.

Çingiz Qənizadə: Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Bayden administrasiyasının qərəzi xirtdəyə qədərdir. Hüquq müdafiəçisinin sözlərinə görə, ABŞ Dövlət Departamenti ilk dəfə deyil ki, belə qərəzli hesabat yayır: “Bu, anti-Azərbaycan dairələrin hazırladığı materiallar əsasında olan hesabatdır. Təəssüf ki, Vaşinqton obyektiv ola bilmir. Yaxşı olar ki, Blinken Azərbaycana niyə səfir təyin edilmədiyini, eləcə də ABŞ səfirliyinin buradakı nümayəndələrinin Şuşaya səfər etmədiyini izah eləsin. Amerikalı diplomatlar azad edilmiş ərazilərdə müsəlman abidələrinə qarşı işğalçıların hansı vandallığı etdiklərini görə bilərlər. Ondan sonra bizimlə danışmaq olar”. 

Ç.Qənizadə vurğuladı ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir: “Dini icmaların birgə sülh şəraitində yaşadığı, ibadət etdiyi ölkədir. Bununla bağlı Azərbaycanda dəfələrlə müxtəlif beynəlxalq tədbirlər təşkil edilib. Belə olan halda, ölkəmizdə dini, mədəni abidələrə, irslərə münasibətin adekvat olmadığı iddiasının səslənməsi olduqca qərəzlidir. Bu cür hesabatın hazırlanması qurumun imicinə ciddi mənfi təsir edir. Rəsmi qurum Kornell Universitetinin, əslində isə erməni xeyriyyə ittifaqının və Ararat fondu kimi ekstremist təşkilatın maliyyəsi əsasında əldə olunan informasiyaya istinad edərək Azərbaycanda dini baxışlarına görə insanların həbs olunduğunu bildirən hesabat hazırlayırsa, bu, biabırçılıqdır. Yaxşı olardı ki, onlar yerində monitorinq aparsınlar. İşğal dövründə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına biganə yanaşılır. Buna baxmayaraq, Azərbaycana qarşı qərəzli iddialar səslənir”.

Ç.Qənizadənin sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktı da göstərdi ki, radikal dindarlardan istifadə etməklə ictimai-siyasi sabitliyi pozmaq, ölkənin ictimai-siyasi quruluşunu dəyişmək niyyəti ilə yönəldilən insanlar var: “ABŞ və digər ölkələrin İrana sanksiyalar tətbiq etdiyi dövrdə İrandan Azərbaycana gəlib demokratik ölkənin strukturunu dəyişdirmək, vəzifəli şəxslərə qarşı sui-qəsd törətmək şəxslərin həbsini dini inanca görə həbs kimi təqdim etmək və bunu tirajlamaq təəssüf doğurur. Rufulla Axundzadə kimi axtarışda olan və İrana sığınanların buradakı adamlarına təlimatlar verməsi, qarışılıq yaratmaq planları qurması, bu məkrli niyyətlərinin faş edilib həmin şəbəkənin ifşa olunması Dövlət Departamenti tərəfindən alqışlanmaq əvəzinə, belə qərəzli hesabat dərc edilir. Deməli, səbəb bizə təzyiq etməkdir. Bu hesabatların arxasında Azərbaycana qarşı ciddi siyasi təzyiqlərin elementləri görünür. Amma bizi müstəqil siyasətimizdən döndərə bilməz”.

Günel Səfərova \"Omicron\"a yoluxdu: “Maskanı çıxarmayın”

Günel Səfərova

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, hesabatla tanışdır: “Hesabatın əsl mesajı Qarabağda olan xristian abidələrinin təəssübünü çəkməkdir ki, Azərbaycan dövlətinin bu istiqamətdə fəaliyyətini tənqid edə bilməzlər. Qaldı ki, sekulyar bir ölkədə etiqad azadlığına, bizim qədər tolerant yanaşan az sayda cəmiyyət var. "Etiqad məhbusları" saydıqları insanların hüquqlarını qorumağı qabardanların yumor hissi güclüdür və ya Amerika siyasətində 2001-ci ildən sonra baş verən hadisələri bilmirlər. Bu arada, Azərbaycanda fəaliyyət göstərən fərqli dini icmalar bu hesabata tutarlı bir cavab verə bilər".

Emil SALAMOĞLU    
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR