İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycana niyə səfir göndərmir - İlginc səbəb

1376 25.02.2023 10:02 Siyasət A A

Problem, yoxsa Vaşinqtonun Bakıdan arxayın olması - 2 rəy

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kuinninin etimadnaməsinin surətini qəbul edib. Bu barədə qonşu ölkə XİN-in mətbuat xidməti xəbər yayıb.

Səfiri məsul vəzifəyə başlaması münasibətilə təbrik edən Mirzəyan Ermənistan və ABŞ arasında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. “Ümumi demokratik dəyərlərə əsaslanan gündəlik kontekstində Ermənistan-ABŞ strateji dialoq formatının zəruriliyini” vurğulayıb.

Qeyd edək ki, xanım Kuinni öz sələfi LinnTresini qısa müddət, cəmi 2 ay sonra əvəzləyib. Azərbaycanda isə 1 ilə yaxındır ABŞ-ın köhnə səfiri Örl Litzenberq getsə də (səlahiyyət müddəti 2022-ci ilin martında bitib), yeri hələ də boş qalır. Bəs səbəb nədir? Vaşinqton nədən Ermənistana dərhal səfir təyin edir, ölkəmizə isə yox? Bu, “ikili” münasibətin, Bakıdan narazılığın təzahürüdür, yoxsa Ermənistana, “sorosçu” Paşinyana özəl münasibətin?

Yada salaq ki, Birləşmiş ştatların MDB məkanında ən böyük səfirliyi (həm ərazicə, həm də əməkdaşların sayına görə) məhz Ermənistandadır.

Hələlik ABŞ-ın Örl Litzenberqin yerinə kimi səfir göndərəcəyi məlum deyil. Artıq bir neçə dəfədir ki, bu ölkənin Azərbaycana göndərdiyi diplomatların səlahiyyət müddəti başa çatanda sanki “səfir böhranı” yaşanır. Yeni diplomatın təyinat məsələsi bu və ya digər səbəbdən uzun müddət yubanır. Gah ABŞ prezidentinin səfir seçimində baş sındırması vaxt aparır, gah da Amerika rəhbərinin təyin etdiyi şəxsi Konqres təsdiqləmir. Bu isə ortaya suallar çıxarır.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ keçmiş illərdə də Azərbaycana səfir təyinatını ləngidib. İndiki hal yeni deyil: “Əvvəlki səfirlər Rino Harniş, xanım Enn Dörsi, Metyu Brayza, eləcə də Robert Sekutanın təyinatı məsələsində də yubanmalar olmuşdu. Hətta 2012-ci ildə ən uzunmüddətli ”səfir böhranı" yaşanmışdı. O vaxt 4 illik “böhranı” həll edən ABŞ Azərbaycana Riçard Morninqstarı təyin etmişdi. Bəzən isə hətta belə olub ki, səfir təyin ediləndən sonra Konrqesdə ermənipərəst qüvvələr təyinatın təsdiqlənməsini əngəlləmə çalışırdılar, təyin olunan səfiri sıxışdırırdılar.

Elxan Şahinoğlu: “Azərbaycanın mövqeyi həmsədrlərə çoxdan bəllidir ”

Elxan Şahinoğlu 

Ermənistana isə səfir təyinatları bir qayda olaraq gecikdirilmir, səfir postu uzun müddətə boş saxlanmır. Lakin mən deməzdim ki, bu, ABŞ-ın balansı pozmasıdır və Ermənistana xüsusi münasibətinin təzahürüdür. Amerika-Azərbaycan münasibətləri də inkişaf edir, əməkdaşlıq var. Rəsmi Bakı da bunda maraqlıdır. Fransadan fərqli olaraq ABŞ rəsmi qurumları Konqresi çıxmaq şərtilə açıq ermənipərəst mövqedən çıxış etmir. Vaşinqton sanki Azərbaycandan arxayındır. ABŞ Ermənistanın Rusiyanın uzun illərdir forpostu olduğunu bilir. Ermənistanda səfir postunun uzun müddətdə boş saxlanmamasında bu məqam da rol oynayır.

Ancaq Vaşinqton gərək diqqətli olsun. Ona görə ki, Azərbaycanla Ermənistan arasında gərginlik var. Səfir təyinatında Vaşinqton balansı qorumalıdır. Ermənistana qısa müddətdə səfir təyin olunursa, Azərbaycana səfir təyinatını da çox uzatmamalıdır. Çünki təyinatın çox uzanmasından Rusiya istifadə edə bilər. Regionda Rusiya ABŞ-la mübarizə aparır. Məsələn, fevralın 27-də Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. Bir gün sonra ABŞ dövlət katibi Qazaxıstana səfər edəcək, 5+1 formatında müzakirələr aparacaq. Hesab edirəm ki, Blinken geri qayıdarkən Azərbaycana da səfər edə bilər.

Budəfəki səfir təyinatının nə qədər çəkəcəyini isə zaman göstərəcək".

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli isə bildirdi ki, ABŞ-dakı prosedura görə, bu və ya digər ölkədə səfirin səlahiyyət müddəti başa çatırsa, diplomat ölkəsinə qayıtmadan əvvəl onun yerinə təyin olunacaq adam müəyyən edilir: “Bu baxımdan yanaşsaq, Amerikanın yeni səfiri sələfinin işlədiyi vaxtda təyin olunmalı idi. Amma buna rəğmən, Amerika hələ də Azərbaycana göndərəcəyi səfirin adını açıqlamayıb. Kimi göndərəcəyi bəlli deyil. Nədənsə, ABŞ Azərbaycana səfir təyin edərkən yüz ölçüb, bir biçir. Eyni zamanda, təyinat müddətini həddindən artıq gecikdirir. Yeni səfirin təyinatında da eyni vəziyyət yaşanır. Prosesin yubadılmasının, gecikmənin əsas səbəbinin erməni lobbisi olması heç də inandırıcı deyil. Erməni lobbisi Amerikanın Azərbaycan kimi mühüm ölkəyə səfir təyinatının bu qədər gecikməsinə təsir edə bilməz. Səfirlərin təyinatı prezidentdən və Konqresdən asılıdır. Bu və ya digər ölkəyə səfir prezidentin təqdimatı əsasında olur. Yəni prezident səfiri təyin etdikdən sonra Konqres də həmin şəxsi təsdiqləyir. Məsələ burasındadır Azərbaycana yeni səfiri hələ prezident Bayden təyin etməyib”.

Xatırladaq ki, ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub. ABŞ-ın Azərbaycana göndərdiyi ilk səfir Riçard Mayls olub.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR