İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a müharibə elan edəkmi?

2088 06.01.2024 14:57 Yazarlar A A

Rəsmi Bakı ilə Vaşinqton arasında əslində nə baş verdiyini anlamaq bir az çətindir; Amerika qapıdan keçə bilmədiyi yerə həmişə ya pəncərədən, ya bacadan girməyə çalışır...

7 fevral prezident seçkisi yaxınlaşdıqca Azərbaycana beynəlxalq təzyiqlərin artacağını qeyd etmişdik. ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin “qara siyahı”sına salmasının ölkəmizdə belə ciddi reaksiya doğurduğunun səbəbi daha çox bir ay sonrakı seçki ilə bağlıdır. O da iddia olunur ki, Blinkenin bu qərarı potensial olaraq ABŞ hökuməti tərəfindən sanksiyalar üçün yol açır. Entoni Blinken ötən ilin “qara siyahı”sında olan 12 ölkənin hamısının - Birma, Çin, Kuba, ÇXDR, Eritreya, İran, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanı siyahıda saxladığını qeyd edib.

BLİN .png (332 KB)

“Bundan başqa, Əlcəzair, Azərbaycan, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnamı dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələr adlandırdım”, - deyə Blinken bəyanatında lovğalanıb.

Amerikanın dini etiqad azadlığı üzrə qurumu - USCIRF öz bəyanatında Azərbaycanın nəzarət siyahısına daxil edilməsini “alqışlayıb”. Ötən ay USCIRF yeni hesabat dərc edib. Hesabatda deyilir ki, “Azərbaycan hökuməti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini pozan qanunlarda və siyasətdə islahat aparmaqda maraqlı deyil”. (Mənbə: “Turan” agentliyi)

Amerikalılar nədənsə Allah tərəfindən seçildiklərinə əmindirlər və inanırlar ki, məşhur senator Con Makkeynin sözləri ilə desək, “Birləşmiş Ştatlar dünyada xeyirxahlıq mənbəyidir”. “Gallup” bir müddət əvvəl 113 ölkədə aparılan sorğunun nəticəsini açıqlamışdı və məlum olmuşdu ki, rəyi soruşulanların əksəriyyəti ABŞ-ı sevmir. Səbəb əslində aydındır: ABŞ hegemonluğunu saxlamaq üçün bütün dünyada sabitliyi pozmaq siyasəti yürüdür, rəqiblərini zəiflətmək üçün hər pisliyə əl atır. Biz bunun nümunələrini Yaxın və Orta Şərqdə, Avropada, keçmiş sovet respublikalarında görmüşük. Dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların isə bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək...

QALDİ.jpg (325 KB)

Rəsmi Bakı ilə Vaşinqton arasında əslində nə baş verdiyini anlamaq bir az çətindir. Görünən səbəblər haqda çox danışılır: ABŞ Azərbaycan hakimiyyətinin Qarabağda qətiyyətli addımlarından qəzəblidir, hətta guya Bakı ermənilər üçün hansısa komfortlu şərait vəd edib, amma onu yerinə yetirmədiyi üçün Amerika özünü aldadılmış hesab edib. ABŞ adətən keçmişə takılıb siyasət yürütmür, Qarabağ problemi isə artıq keçmişdir, bunu bu gün olmasa da, sabah qəbullanacaqlar. Bəs bunların iki dövlət arasında gərginliyi bu həddə gətirə biləcəyinə səbəb ola bilərmi? Məncə, bizim bilmədiyimiz daha ciddi səbəblər var. Məsələn, Rusiya faktoruna vurğu etmək olar, Azərbaycanın Moskva ilə balanslaşdırılmış siyasətinin Vaşinqtonu məmnun etməməsi anlaşılandır. ABŞ-ın Avropada ən sadiq müttəfiqi Fransaya qarşı Azərbaycanın sərt ifşa siyasəti, Bakıda Parisin Afrikadakı sümürgən siyasətinə həsr olunmuş bir neçə beynəlxalq tədbir keçirilməsi də Vaşinqtonun qıcıqlı reaksiyasına səbəb ola bilərdi. Nəhayət, “Amerika uşaqları”nın Azərbaycanda “əl-qolunun” bağlanması da Vaşinqtonun narazılığı üçün ciddi səbəb ola bilər. Bunları toparlayanda Blinkenin Azərbaycan siyasətində “buz adam” roluna həvəslənməsi təəccüb doğurmur.

Daha bir ciddi səbəb isə ABŞ-ın Azərbaycana müdaxilə imkanlarının faktiki qalmaması ola bilər. ABŞ səfirlərinin bundan əvvəlki illərdə Azərbaycandakı fəallıqları bəllidir, burada hansı oyunlar qurulurdu, onları xatırlayırıq. Necə fəal idilər, hər yerdən vurub çıxırdılar, hər yerə burunlarını soxurdular. İndi uzun aylardan sonra Bakıya səfir göndəriblər, amma münasibətlərdəki gərginlik səbəbindən onun etimadnaməsini Prezident hələ də qəbul etməyib.

ABŞ isə o siyasətə öyrəncəlidir ki, həmişə başa keçsinlər, onların diplomatik nümayəndələrinə xüsusi diqqət göstərilsin. Hətta bir düymə ilə hansısa ölkədə qarışıqlıq, gərginlik yaratsın. Məsələn, son olaraq Rusiyanın Avropadakı ən sadiq müttəfiqlərindən olan Serbiyada küçələrdə hakimiyyət dəyişikliyinə cəhd edildi ki, bunun arxasında Vaşinqtonun dayandığı şübhə doğurmurdu. Amma kənar müdaxilə alınmadı. Amerika qapıdan keçə bilmədiyi yerə həmişə ya pəncərədən, ya bacadan girməyə çalışır. O səbəbdən biz “qapı”nı bağlamışıq, pəncərə və bacalarda da “təmizlik” aparılıb, bu isə Vaşinqtonu məmnun etmir.

Bizim ABŞ-ı sevmək və ya sevməmək kimi dərdimiz yoxdur. Bizə qarşı qərəzli münasibətinə görə Amerikaya müharibə elan edən deyilik. Amma dəfələrlə qeyd etmişik ki, ABŞ xüsusilə Qarabağ məsələsində heç vaxt ədalətli orbitr olmayıb.

DEMOKİ.jpg (188 KB)

2024-cü ilin noyabrında ABŞ-da da prezident seçkisi olacaq. Öz gözlərində “tir”i görməyib, başqa ölkələrdə “çöp” axtaranlar unudurlar ki, demokratiya da, insan haqları da ənənəvi qəlibindən çıxıb, hansısa məqsədlərin reallaşması üçün vasitəyə çevrilib. 2020-də ABŞ-da prezident seçkisinin nəticəsinə etiraz olaraq Kapitoliyə hücum, eks-prezidentə cinayət işi, Ağ Evin hazırkı başçısının adının korrupsiya qalmaqalında hallanması ABŞ-dakı siyasi böhranın getdikcə dərinləşdiyini göstərir. Arada biz də ABŞ-dakı vəziyyətlə bağlı narahatlığımızı bildirək.

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR