İnsanlara hürriyət, millətlərə istiqlal!

"Abituriyentlərin intiharına səbəb repetitor və hazırlıq kurslarının yalan vədləridir" - Təhsil eksperti

930 28.07.2022 18:01 Təhsil A A

Hər il qəbul imtahanları zamanı xeyli gənc abituriyent psixoloji sarsıntılar yaşayır. Hazırda da abituriyentlər üçün ən ağır dönəmdir, imtahan nəticələri elan olunur, ixtisas seçimlərı bir neçə gün sonra başlayacaq. Təəssüflə qeyd etməliyik ki, artıq iki abituriyent intihar edib. İddialar var ki, uğursuz olan gənclərə daha çox valideyn tənəsi, onların etimadını doğrultmamaları təsir edir.

Amma intiharlardakı amillər yalnız valideyn təzyiqi - tənəsi deyil. Prosesin ağırlığı, ətraf mühit, pandemiya dövründə normal tədris, təhsil ala bilməmələri səbəbindən gənclərin depressiyaya düşməsi də ciddi faktorlardır.

Təhsil eksperti Kamran Əsədov Musavat.com-a mövzu ilə bağlı belə şərh verib: "Artıq 2022-2023-cu tədris ili üzrə ali məktəblərə qəbul imtahanı prosesi yekunlaşmaq üzrədir. Ölkədə ənənəvi üsulla keçirilən test imtahanı bu il təkcə rekord sayda maksimum bal toplayan abituriyentlərlə yadda qalmadı, eyni zamanda bu il intihar edən abituriyentlərin də sayı təəssüf ki, çox oldu. Yaz imtahan sessiyasından sonra dörd abituriyent bu acı taleyi yaşadı. Yay imtahan sessiyasının nəticələri də xoş olmayan xəbərlərin yayılması ilə davam edir.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA ​ - YouTube

Vacib bir məsələni qeyd edim ki, orta statistik hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır. Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər kəs bacarmır. Nəticədə uşağı ali təhsil müəssisəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə itirir. Uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Bu gün əlbəttə ki, intiharların, xoşagəlməz hadisələrin böyük faiz günahkarı valideynlərdir. Amma valideynlər tək günahkar deyil. Bu kimi hadisələrdə günahkar birinci valideyn, ikinci orta məktəb, üçüncü repetitor və kurslar, sonda isə mühit gəlir. Təəssüf ki, hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra 16-17 yaşlı abituriyentlərin intiharı xəbərini oxuyuruq. Onlar birinci valideynlərinin təzyiqindən, ətrafın qınağından çox qorxurlar. Bütün valideynlərə üz tutub deyirəm ki, anlayın ki, uşaqların təhsildə uğursuzluqla üzləşməsi normaldır. Siz özünüz bütün həyatınız boyu ancaq uğurmu qazanmışınız? Dəhşətlisi isə odur ki, bəzi hallarda valideynlər çox təhlükəli ifadələrdən istifadə edirlər.  "Oxuya bilmirsən, ölsən bundan yaxşıdır". Bu kimi kəlmələr əlbəttə, abituriyentləri intihara təhrik edə bilər".

Əsədov valideynlərə çağırış edib: "Əziz valideynlər, abituriyentlər, sizə əminliklə deyə bilərəm ki, ali məktəbə qəbul olmamaq həyatın sonu deyil! Ali məktəbə qəbul olmaq xoşbəxt olmaq demək deyil. Həyatda uğur qazanmağın yolu təkcə ali təhsil almaq deyil. Təəssüf ki, intiharlara repetitor və hazırlıq kurslarının yalan vədləri də səbəb olur. Belə ki, bu qruplar valideynlərə uşaqların nəticəsi ilə bağlı yalan məlumatlar verirlər. Nəticədə valideynlər ümidli olur. Sonda isə imtahan nəticələri çıxanda ortaya xoşagəlməz mənzərə yaranır. Orta məktəblərdə psixoloji xidmətin də zəif təşkil olunması bu halların sayının artmasına səbəb olur.

Əlbəttə, abituriyentin intihar etməsində DİM-i günahkar hesab etmək olmaz. Çünki onlar imtahanların bərabər şəraitdə, əlçatan olmasını təmin etməyə çalışırlar. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşması və yüksək nəticə əldə etməsi üçün DİM tərəfindən bütün resurslar çap olunub və imkanlar yaradılıb.

İmtahanda iştirak edən abituriyentlərin, onların valideynlərinin nəzərinə çatdırım ki, əgər onlar ali məktəbə daxil olmasalar, orta ixtisas təhsili müəssisələrinə - kolleclərə müraciət etsinlər. Artıq 2019-cu ildən etibarən bu pillədə təhsilini başa vuranlar imtahansız, birbaşa ali məktəblərə qəbul ola bilirlər.

Bundan başqa, əgər onlar Azərbaycanda ali məktəblərə qəbul ola bilməsələr daha ucuz və keyfiyyətli ali təhsil üçün xarici ölkələrə üz tuta bilərlər.

Bununla yanaşı, əmək bazarında daha tez iş tapmaq üçün Peşə təhsilinə üz tuta bilərlər. Ali təhsil alanların heç də hamısı işlə təmin olunmur".

Ekspert əlavə edib ki, bu gün ölkənin 54 ali məktəbində təhsil alan 164 min tələbənin yalnız 42 faizi işlə təmin olunur: "Amma peşə təhsili alanların işlə təmin olunma faizi və gəlirləri daha yüksəkdir. Sanki, imtahan verən abituriyentlər təkcə qəbul imtahanından kəsilmirlər, həm də həyat imtahanından kəsilirlər. Bu kimi halların baş verməsinin əsasən 3 günahkarı var. Birincisi məktəb – müəllimlər. İkincisi valideynlər, üçüncüsü ətraf.

Xoş olmayan tendensiya odur ki, əksər gənclər həyatının uğura gedən yolunu ali təhsil almaqda görürlər. Düşünürlər ki, həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdadır. Əlbəttə ki, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxslər var. Təəssüf ki, orta məktəblərdə psixoloq xidməti yetərincə deyil. Onlar valideyn və şagirdlərlə mütəmadi olaraq işləməli, onları çətin situasiyadan çıxarmaq istiqamətində formalaşdırmalıdırlar.

Danılmaz faktdır ki, bu gün ali məktəblərə sənəd təqdim etmiş hər bir abituriyent ya repetitor yanında, ya da hazırlıq kurslarında hazırlaşır. Lakin bir çox hallarda repetitor müəllimlər, hazırlıq kursları şagirdin real vəziyyəti ilə bağlı valideynə düzgün məlumat vermirlər. Şagirdlər də  iştirak etdikləri sınaq imtahanlarının nəticəsini gizlədir və ya şişirdirlər. Valideynlər də  müəllim və şagirdlərin yalanlarına inanıb övladından yüksək nəticə gözləyir. Sonda qəbul imtahanları gəlir və məlum olur ki, heç də hər şey deyilən və gözlənilən kimi deyil.

Valideynlər uşaqlarına hazırlıq üçün kifayət qədər vəsaitlər sərf edirlər. Şagirdlər aşağı nəticə əldə edəndə hirs və hayıflarını övladlardan çıxırlar. Zəif psixoloji dözümlülüyə malik olanlar bu çətin situasiyadan çıxış yolunu intiharda görürlər. Hələ bu intihar edənlərdir. İnanın ki, yüzlərlə zəif bal toplayıb valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan abituriyentlər var.

Bu tip xoşagəlməz hadisələrdən yeganə çıxış yolu ali təhsilin əlçatan olması ola bilər. Belə ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, ali məktəblərin qəbul qapıları geniş açılmalı, amma buraxılış, çıxış qapıları ilə daraldılmalıdır. Bunun üçün ilk növbədə ali məktəblərin keyfiyyətli təhsil verməsini təmin etmək lazımdır.

Bundan başqa, valideynlər və şagirdlər bilməlidir ki, bu hələ son deyil. Qarşıdan ikinci imtahan gəlir. Birinci imtahan ilə hər şey bitmir. İkinci imtahanda nəticələrini yaxşılaşdıra bilərlər. Bundan əlavə, orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə qəbul ola bilərlər. Bu da olmasa təhsili Azərbaycandakı universitetlərdən daha yüksək, təhsil haqqı aşağı olan qardaş Türkiyədə və digər ölkələrdə ali təhsil ala bilərlər və bunun üçün hansısa imtahana ehtiyac yoxdur.

Təəssüf ki, az bal toplayan şəxslər qohum, qonşu və ətrafın münasibətindən qorxur. Cəmiyyət olaraq diqqətli olmaq lazımdır".

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR