İnsanlara hürriyət, millətlərə istiqlal!

“90 kvadratlıq mənzilə görə 1 milyon 200 min kompensasiya tələb edirlər” - VİDEO

2088 21.07.2023 16:31 Sosial A A

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yeni bina tikintisi ilə məşğul olan “İnvest M Construction MMC” şirkəti tərəfindən mənzillərinin sökülməsinə etiraz edən bir qrup sakinin iddialarına aydınlıq gətirilib.

Şirkətin vəkili, Vəkillər Kollegiyasının üzvü Yavər Yavərzadə “Qafqazinfo”ya bildirib ki, üç il olar ki, 2 hektara yaxın ərazidə 6 binadan ibarət yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi “İnvest M Construction MMC”yə həvalə olunub.

Şirkət bu illər ərzində həmin ərazidə yaşayan mülkiyyətçilərlə danışıqlar aparıb və 122 sakinlə razılıq əldə olunub: “Sakinlərin 39 nəfərinə pul şəklində kompensasiya verilib, 83 sakin isə kirayə mənzillərə köçülürüb və yeni mənzillər tikilib təhvil verilənədək orada yaşayacaqlarını öz öhdəmizə götürmüşük. Hazırda 80 faizdən artıq hissəsi ilə razılıq əldə olunsa da, bəzi sakinlər şirkətdən ağılasığımaz məbləğlər tələb edirlər. Bu da sakinlər arasında ayrıseçkiliyə səbəb olur və həmin yaşayış binalarının tikintisini qeyri-müəyyən müddətə uzadır. Razılaşmış sakinlərlə razılaşmayan sakinlər arasında da böyük narazılıq yaranıb. Razılaşanların şirkətə təzyiqləri başlayıb. Biz üzərimizə götürdüyümüz öhdəliyi vicdanla yerinə yetiririk. Hər ay 122 sakinin 83 nəfərinə kirayə pulu ödənilir. Lakin buna baxmayaraq, 3 ilə yaxındır ki, binanın inşasına başlanıla bilmir”.

Y. Yavərzadə şirkətlə bağlı edilən şikayətlərin əsassız olduğunu açıqlayıb: “Şirkətlə bağlı edilən şikayətlər tamamilə əsassızdır. Sakinlərlə razılaşdırdığımız, şirkətin mülkiyyətinə keçmiş evlər sökülür. Binanın inşanısına başlanılması üçün bütün cəhdlər edilir ki, razılaşmış 122 sakinin hüquqları bərpa olunsun”. 

Şirkət nümayəndəsi deyir ki, tikiləcək kompleksin bir hektardan artıq həyətyanı sahəsi var. Ərazidə yaşıllığın olması, uşaq əyləncə yerlərinin mövcudluğu, təcili yardım üçün giriş-çıxış qapılarının nəzərdə tutulması layihənin şəhərsalma normalarına uyğun olduğunu göstərir.

Bir ilə yaxındır ki, söküntü işlərinə başlanılan həyətə daxil oluruq. Bizi ərazi ilə tanış edən vəkilin sözlərinə görə yaşayış binalarının yaşı 100-ü ötüb. Çoxu qəzalı vəziyyətdə olduğundan burada yaşamaq təhlükəlidir. Lakin hələ də külli-miqdarda kompensasiya tələb edən 5-6 sakinə görə 20-dən artıq şəxslə də razılığa gəlinmir. Razılıq əldə olunmamış sakinlər həmin fantastik məbləğ tələb edən 5-6 nəfərlə bağlı hansı qərara gəlinəcəyini gözləyir: “Ərazidəki yaşayış binalarının 1920-ci illərdə inşa olunub və istismar müddəti keçib. Yaşamağa yararsız vəziyyətdədir. Birinci mərtəbədəki mənzilin təqribən 90 kv metrə yaxın sahəsi var və bizdən 1 milyon 200 min manat pul tələb edir. Yuxarı mərtəbədəki sakin isə 600 min manat kompensasiya tələb edir. Bu səbəbdən onlarla razılığa gələ bilmirik. Təkcə bu hissədə onlarla sakinlə razılıq əldə olunub və həmin 2 sakinə görə binanın inşası illərdir yubanır”.

Ərazi ilə tanış olarkən vaxtilə bu binalarda məskunlaşmış, lakin şirkətlə razılaşma müqaviləsi bağlayan bir qrup sakinlə rastlaşırıq. Onlar bir neçə sakinə görə illərdir kirayədə qalmalarından, bina tikintisinin yubanmasından narazıdırlar.

Arif Behbudov 2003-cü ildən bu ərazidə yaşadığını, 5 aydır müqavilə imzaladığını deyir: “Qarşılıqlı razılıq əsasında təyin olunan kirayə məbləğini hər ay alıram. Heç bir problem də olmayıb. İstəyərdik qalan sakinlərlə də razılıq əldə olunsun. Bina tez bir zamanda tikilsə, daha yaxşı olar”. 

Digər sakin Ceyran Ənsər isə tezliklə sakinlərlə şirkətin ortaq məxrəcə gəlməsini istəyir: “Mən 85-ci mənzildə yaşayırdım. Şirkət bizə normal təkliflə gəldi, biz də kirayə müqaviləsi bağlayıb köçdük. Çıxmayan qonşuları başa düşə bilmirəm, çünki onlar bir sakin kimi həm də bizə hörmətsizlik edirlər. Nə qədər tez köçsələr, şirkət də öz işini tez görər, ağ günə çıxarıq. Kirayələrdən canımız qurtarar. Mən qonşularımdan xahiş edərdim ki, şirkətlə ortaq məxrəcə gəlsinlər. Reallığa uyğun təkliflə gəlsinlər ki, şirkət də əminəm ki, normal təklifə hə deyəcək”. 

Bina sakinlərinin vəkili Rzaxan Muxtarov da sakinlərin şikayətçi olmadıqlarını deyir: “Şirkətlə vətəndaşlar arasında heç bir problem yoxdur. Sakinlərə kirayə pulu lazımi qaydada verilib. Bina hazır olanda evlər də təmir olunacaq. Sakinlərin xahişi ondan ibarətdir ki, bu bina tezliklə sökülsün və yerində yeni bina tikilsin, onlar mənzillərlə təmin olunsunlar. Reallıqda həmin binada yaşamaq çox çətindir, köhnə binadır. Şirkət verdiyi bütün vədləri yerinə yetirib və hazırda da yerinə yetirir”. 

Mehman İsmayılov isə şirkət əraziyə bina tikmək üçün gələn vaxtdan ilk razılaşıb çıxan sakinlərdəndir. O Sakinlərin əksəriyyətinin 60-dan yuxarı yaşda olduğunu və vaxtında yeni mənzilə köçmək istədiyini diqqətə çatdırıb: “2 il yarımdan çoxdur ki, hələ bir dəfə də bu şirkətdən şikayətim olmayıb. Kirayə pulunu vaxtında verirlər. Məni əsas narahat edən odur ki, biz nə vaxtadək gözləməliyik? Hamı hər şeyin qiymətini bilir. Şəhərin ən prestijli yerində o qiymətə mənzil yoxdur. Bu şirkət də “bankrot” olmağa gəlməyib ki? Biz nə qədər gözləməliyik? 2,5 ildir hələ tikintiyə başlanılmayıb. 100-dən çox sakin çıxıb, bəs bunlar sayılmır? Biz hara gedək? Qiymətin həddi-hüdudu var da? Bəzi sakinlər sanki bu söküntünü gözləyirdilər ki, bununla milyonçu olsunlar. Bizi bu qədər niyə saxlayırsız? Hərəmizin 60-dan çox yaşı var, biz də istəyirik vaxtında evimizə köçək, şəraitimizi quraq”. 

Qeyd edək ki, tikintiyə icazə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, ərazi tam boşaldılandan, binanın yeri hazır vəziyyətə gətirildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə sənədi təqdim edilir. (“Qafqazinfo”)


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR