“Azəriqaz” İstehsalat Birliyi “Təmiz Qaz” QSC ilə bağladığı xidmət müqaviləsində dəyişiklik edərək göstərilən xidmətlərin sayını kəskin azaltması qərarı verməsi haqda yazmışdıq.
Bu barədə Musavat.com-a daxil olan məlumatda deyilirdi ki, sözügedən qərardan sonra “Təmiz Qaz” QSC-də kütləvi ixtisarlar gözlənilir.
Məsələ ilə bağlı işçilərə müvafiq bildiriş təqdim olunur. Həmin bildirişdə qeyd olunur ki, “Azəriqaz” İB ilə bağlanmış 01.07.2021-ci il tarixli satınlama müqaviləsində nəzərdə tutulan yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın keçirilməsi xidmətləri Sifarişçi tərəfindən ləğv edilib. Bunun nəticəsində nəzərdə tutulan orta və aşağı təzyiqli (bir pillə iki pillə) yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması nəzərdə tutulur. Bundan sonra həmin işlər Sifarişçinin özü tərəfindən həyata keçiriləcək. Həmin işlərin Sifarişçi tərəfindən ləğv edilməsi “Təmiz Qaz”ın müqavilə üzrə əldə etdiyi gəlirin 1/2 hissəsinin itirilməsi ilə nəticələnəcək. Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsi səbəbindən “Təmiz Qaz”ın bilavasitə həmin xidmətlər üzrə işə götürdüyü işçilərə və bu xidmətlərin icrası ilə əlaqədar digər struktur və bölmələrdə işə götürülmüş işçilərə ehtiyacı qalmır.
“Təmiz Qaz” QSC artıq Bakı və rayonlarda çalışan 700 işçisinə 2025-ci il yanvarın 1-dən ixtisar edildikləri haqda xəbərdarlıq təqdim edib. Əsasən fəhlə sinfinə aid olan işçilərin orta yaş həddi 40 və üstündədir. Əksəriyyət isə ailəlidir. “Təmiz Qaz” QSC-nin bu qərarı 700 ailənin gəlirdən məhrum edilməsi deməkdir. İxtisara salınmış işçilər ölkə və SOCAR rəhbərliyindən baş verənlərə müdaxilə edilməsini, ixtisar edilmələrinin qarşısının alınmasını xahiş edirdilər. Bildirirdilər ki, yeganə gəlir yerlərindən məhrum edilmələri özləri və ailələri üçün acınacaqlı nəticələr verəcək.
İşdən çıxarılan, “Təmiz Qaz” QSC-də geniş təcrübə toplamış işçilərlə bağlı “Azəriaz” İstehsal Birliyinə müraciət olunub. Müraciətdə ixtisara düşən, illərlə təcrübə toplamış işçilərin işə qəbul edilməsi istənilib. Lakin İstehsalat Birliyi 700 təcrübəli işçini işə qəbul etməkdən imtina edib. Əvəzində yeni işçilər toplanıb, onlara onlara italyan mütəxəssisləri və italyan avadanlıqları ilə təlim keçir. İşdən çıxarılan ailə başçıları isə ölkə rəhbərliyinə müraciət edərək işlə təminat məsələlərinə baxılmasını xahiş edirlər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com