İnsanlara hürriyət, millətlərə istiqlal!

70-ci illərdəki təhlükə yaxınlaşır: Putin sülhə getməsə... - ŞOK PROQNOZ

2839 07.10.2022 09:15 İqtisadiyyat A A

"Rusiya-Ukrayna savaşı başlayandan türk lirəsi 30 faizədək dəyər itirib. Amma lirənin ucuzlaşmasına sadəcə müharibə təsir etməyib. Xüsusilə ABŞ Mərkəzi Bankının faizləri ard-arda artırması dünya valyutalarında itkiyə səbəb oldu".

Bunu Musavat.com-a Akdeniz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin professoru Mustafa Yıldıran deyib. 

mustafa_yildiran.jpg (39 KB)

Professor bildirib ki, Rusiya-Ukrayna müharibəsi əmtəə qiymətlərini, buğdanın, neftin qiymətini sürətlə yüksəltdi:

"Türkiyənin liderliyi ilə taxıl böhranı həll edilənə qədər ərzaq qimətlərində çox ciddi artım oldu. Avropa ölkələrində, ABŞ və Türkiyədə inflyasiya artımı qeydə alındı. Türk lirəsi 1989-cu ildən bəri beynəlxalq valyutadır. Dolayısı ilə, lirə tez-tez dəyərini dəyişir. Bu hal qlobal dominant valyutada faiz dərəcələri, inflyasiya dərəcələri dəyişəndə özünü xüsusilə göstərir. Lirənin stabil vəziyyətə gələ bilməsi üçün enerji ehtiyacının azalması, iqtisadi sabitlik lazımdır. Türk lirəsinin dalğalanmasının aradan qalxması üçün xarici ticarət kəsirinin və cari hesab kəsiri rəqəmlərinin azalması gərəkdir. Türkiyənin xarici maliyyə ehtiyacları azaldıqca lirə daha stabil valyuta halına gələcək. Eyni zamanda türk lirəsi beynəlxalq ticarətdə daha çox yayıldıqca onun dəyəri sabitləşəcək. Türk lirəsi güclü valyutadır, amma avro kimi hər zaman dalğalana bilər. Çünki Türkiyə iqtisadiyyatı 1 trilyon dollarlıq güclə lirənin arxasındadır. Amma qısa zamanda lirənin dalğalanmasının dayanacağını deyə bilmərik. Özəlliklə Federal Ehtiyat Sisteminin faiz siyasəti, yüksəliş trendi, Türkiyədəki cari hesab kəsiri və inflyasiya trendi davam etdikcə lirənin dalğalanmasının davam edəcəyini söyləyə bilərik".  

Mustafa Yıldıran Türkiyə-Rusiya iqtisadi əlaqələrindən də danışıb: 

"Türkiyə Rusiyadan xüsusilə neft və təbii qaz alır. Bura taxıl da aiddir. Türkiyə Ukraynadan da böyük miqdarda taxıl alır. Türkiyə isə Rusiyaya meyvə-tərəvəz ixrac edir. Türkiyədəki turizm xidmət ixracı şəklində Rusiya vətəndaşlarına yönləndirilib. Xüsusilə Antalya, Alanya və Fethiye bölgəsində rus turistlər üstünlük təşkil edir. Rusiya-Ukrayna savaşı başlayandan sonra onların sayı daha da artıb. Türkiyənin neft və qaza tələbatı artdığı üçün Rusiya ilə münasibətlərdə ticarət kəsiri verdiyini görəcəksiniz. Rusiya ilə ticarət balansına nail ola bilmək üçün Türkiyə ixracatının artması lazımdır. Müharibə davam etdiyi müddətcə Türkiyənin Rusiyaya ixracındakı artımlar davam edə bilər".

"Dünya iqtisadiyyatını nə gözləyir" sualına ekspert belə cavab verib:

"Qarşıda dünya iqtisadiyyatını ən ağır dövrlərdən biri gözləyir. Çünki bütün dünyada faiz artımlarına gedildiyi üçün durğunluq gözləntisi var. Xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda – Avropa İttifaqı ölkələri, ABŞ və Çin iqtisadiyyatında bir durğunluq var. Faiz artımları inflyasiya artımlarından sonra meydana gəldi. Bu durğunluq artdıqca böhran ssenariləri də artır. Xüsusilə Aİ ölkələri ilə Rusiya arasındakı münasibətlərdə gərginliyin artması dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Savaş başlayanda neft qiymətləri 120 dollara yüksəldiyi halda bu ərəfədə 88 dollara qədər düşüb. Dünya iqtisadiyyatında enerji üzərindən yaşanan rəqabət və gərginliklərin davam edəcəyini deyə bilərik. İnflyasiya, durğunluq, enerji qiymətlərində gərginlik bizi 1970-ci illərdəki neft böhranı vəziyyətinə aparır. Bu isə staqflyasiyaya yol açır. Staqflyasiya inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir. Bu da iqtisadi təhdiddir. Rusiya-Ukrayna savaşı atəşkəslə, yaxud barış görüşləri ilə sonlanarsa, bu, dünya iqtisadiyyatındakı durğunluğun şiddətini nisbətən azalda bilər. Amerika Mərkəzi Bankının faiz artımını dayandırması da dünya iqtisadiyyatındakı durğunluğun aradan qalxmasına kömək edə bilər. 2023-cü ilin ilk rübünə qədər durğunluq gözləntisi yüksəkdir".   

Aytən Novruz
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR