İnsanlara hürriyət, millətlərə istiqlal!

5 nəfəri işə “düzəldən” dələduz zabitə hökm oxundu

1338 12.08.2023 10:50 Kriminal A A

Bakı Hərbi Məhkəməsində baş leytenant Vahid Əşrəflinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Vahid Əşrəfli 5 nəfərə qarşı dələduzluqda təqsirli bilinib. Məhkəmədə bəlli olub ki, Vahid Əşrəfli zərərçəkənləri güzəştli mənzilə sahib olmaq, DTX-də işə düzəlmək adı ilə aldadaraq pullarını alıb.

Yaşı 40-a yaxınlaşan Vahid Əşrəflidən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət olunub. Şikayətdə göstərilib ki, o, DTX-nin Kadrlar İdarəsinə işə düzəltməkdən ötrü 10 min manat istəyib və ilk mərhələdə bu məbləğin yarısını alıb. Üstündən uzun müddət keçsə də, nə işdən xəbər çıxıb, nə də pul geri qayıdıb. İstintaq dövründə başqa zərərçəkənlər də ortaya çıxıb. Onların arasında Vahid Əşrəflinin özünün ailə sürücüsü də olub.

İstintaq zamanı məlum olub ki, Vahid Əşrəfli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin baş əməliyyat müvəkkilidir. O, aldatdığı şəxslərə metronun “20 Yanvar” stansiyasının yaxınlığında güzəştli mənzillər tikiləcəyinə söz verib. Verilən vədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə o ərazidə köhnə binalar sökülməli, yerində yeni binalar tikilməliymiş. Həmin binalardan kim güzəştlə ev sahibi olmaq istəyirsə, ikiotaqlıdan ötrü 10 min, üçotaqlıdan ötrü 15 min manat verməliymiş...

Zərərçəkənlərin sözlərinə görə, onlara deyilib ki, binalar tikilərkən kirayəpulu da ödəniləcək. Bundan ötrü kart verilməli, kirayəpulu da o karta köçürülməliydi. Vahid Əşrəflinin ailəsinin sürücüsü olmuş zərərçəkmiş deyir ki, özü də bilir, avtomobilini satıb, gətirib pulunu ona vermişdi. Ev sahibi olmaq istəyirdi, amma son nəticədə aldadıldığını anladı.

Musavat.com dəqiqləşdirib ki, Vahid Əşrəfli hələ bu araşdırmalaradək DTX-nin müvafiq strukturunda işləyərkən yol verdiyi pozuntulara görə həmin strukturda işdən azad edilib.

Qeyd olunan əməllərinə görə isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi cinayət işi başladaraq ona qarşı dələduzluq, rüşvətə təhrik ittihamlarını irəli sürüb. O, həbs olunmasa da, Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb. Baş leytenant özünü təqsirli bilib, əməllərindən peşman olduğunu ifadə edib. Məhkəmə zamanı zərərçəkmiş 5 nəfərin heç biri ondan şikayətçi olmayıb. Dələduzluq yolu onlardan alınan pulları isə V. Əşrəflinin özü və valideynlərinin geri ödədiyinə dair ifadə veriblər.

Məhkəmə Vahid Əşrəflini təqsirli bilsə də, ona 10 min 500 manat cərimə cəzası kəsməyi yetərli sayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR