İnsanlara hürriyət, millətlərə istiqlal!

4 kənd var(dı), gözləri yol çəkir(di)...

2839 26.05.2024 12:45 Yazarlar A A

Möhtəşəm hadisələrə şahidlik edirik. Əsl həyat, əsl yaşamaq budur! Yoxsa 30 il ərzində yarımcan halda idik…

Dövlətimizin başçısı, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın şərəfli tarixinin qələbələr seriyası davam edir. Qazax rayonunun 4 kəndi də bir qərinəlik işğaldan sonra doğma sahiblərinə qaytarıldı!

Himnimizin sədaları altında azad olunmuş ərazimizdə bayrağımızın qaldırılması, tarixi torpaqlarımızın nəzarətə götürülməsi barədə Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin generalı tərəfindən məruzə edilməsini təkrar-təkrar izlədik, qürurla, fəxarətlə! Beləcə, “bir güllə atılmadan” azad olunan daha 4 kənd! Xatırlamaq yerinə düşər: 2020-ci ilin 9-10 noyabr bəyannaməsi imzalandıqdan sonra bəziləri işğaldakı 4+4 kəndi “axtarırdılar”. Əslində birilərinin məqsədi bəlli idi, zəfərlərimizə kölgə salmağa çalışırdılar, bəziləri səmimi yanılırdılar, bunun da fərqindəyik. Amma o zaman bəyannamədə Qazaxın kəndlərini və Sədərəyin Kərkisinin axtarışına çıxanlar 4 kəndin işğaldan azad olunmasından sonra özləri yoxa çıxıblar, dinib-danışmırlar. Azacıq ədalət hissi gərək idi ki, Prezident İlham Əliyevə təşəkkür etsinlər, təbriklərini dilə gətirsinlər. Amma bu susqunluqdan belə aydın olur ki, əslində onlara azad kəndlər gərək deyilmiş, ən azı indiki dönəmdə...

O gün Milli Məclisdə komitə sədri, Qazaxı təmsil edən deputat Səməd Seyidovla bu, xoş xəbəri bölüşəndə sevinclə bildirdi ki, tarixi günlər yaşayırıq. Bu illərdə Qazaxın işğaldakı kəndləri barədə çox söhbətimiz olmuşdu, nigaranlıqla yanaşı, böyük ümidlə gözləyirdik və budur, artıq 4 kənd azaddır. İlham Əliyev bizi qələbələrə o qədər öyrətdi ki...Bəzilərimiz sanki belə olmalı idi, düşüncəsindədir.

aciq-menbe50.jpg (176 KB)

Həm də Azərbaycan 200 illik işğala son qoyan qüdrətli ölkədir, Azərbaycan dövləti, ordusu şəhidlərimizin, qazilərimizin misilsiz igidliyi, cəsarəti, döyüş əzmi ilə Xankəndini xunta rejimindən əbədi təmizləyən, bu gün Xankəndinin Baş Planını hazırlayan qüdrət sahibidir. Bu mənada biriləri üçün 4 kəndin qələbəsi kiçik görünə bilər. Amma Vətənin hər qarış torpağı qiymətlidir, bunu unutmaq olmaz! Digər tərəfdən, ötən əsrin sonlarında Ermənistanın işğalçılıq siyasəti məhz bu kəndlərdən başlayıb. Odur ki, işğalçılıq siyasətinin təməlini təşkil edən bu ünvanda ədalətin bərqərar olması çox böyük hadisədir. 44 günlük müharibədən sonra Ermənistanın işğalı altında olan Ağdam, Kəlbəcər, Laçın döyüşsüz təhvil verildi Azərbaycana. Kapitulyasiya aktına imza atmış düşmən buna vadar edildi, əks halda, Ermənistanın mövcudluğu sual altına düşə bilərdi. Məhz bu reallığı anladığı üçün Nikol Paşinyan Qazaxın kəndlərindən zəli kimi yapışmağa çalışanları başa salmaq üçün çox çalışdı, Ermənistanın mövcudluğu üçün Azərbaycanın şərtlərinə əməl edilməsinin vazkeçilməz olduğunu söyləyirdi hər dəfə. Prezident İlham Əliyev bu ilin yanvarında da xəbərdarlıq etmişdi. Xatırıadaq: “O ki qaldı işğal altında olan kəndlərə, bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir. Orada (Qazaxın kəndləri nəzərdə tutulur – red.) bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil, 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”.

Qaytarıldı! Nikol Paşinyanın həyəcanla bölgəyə səfər edib, “kəndləri qaytarmasaq, müharibə olacaq”, deməsi də Bakıdan edilən xəbərdarlığın məntiqi nəticəsi idi. Ermənistan rəhbərliyi İlham Əliyevin xəbərdarlıqlarına əməl olunmamasının nəyə başa gəldiyini çox yaxşı bilir. Keçən ilin 28 Mayında, Laçında, yerli sakinlərlə görüşdə dövlətimizin başçısı “miatsum bitdi”, demişdi, Qarabağdakı xunta rejimi deyilənlərin mənasını anlamadığı üçün ”dərisi boğazından” çıxarıldı, liderləri qandallandı. Yəni kəndlərimiz qaytarılmaya bilməzdi.

Azad olunan kəndlərimizlə bağlı kiçik xatırlatmalar etməklə onların azadlığının nə qədər müstəsna əhəmiyyətə malik olduğunu bir daha diqqətə çatdıraq. Bağanıs Ayrım sıradan kənd deyil, 24 mart 1990-cı ildə, Ermənistan tərəfindən işğal olunan gün burada dəhşətli qətliam törədilmişdi, işğalçılar SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək (!) 7 mülki şəxsi öldürmüşdü, 2 nəfərsə yaralanmışdı. Erməni qaniçənlər 7 günahsız sakini ocağa ataraq yandırmışdı. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırmışdılar. Alməmməd Məhərrəmovu isə həyətindəki ot tayasına ataraq diri-diri yandırmışdı quduz düşmən. Həmçinin kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnmişdi. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük (!!!) Hafiz olub. Bu gün həyatda olan kənd sakinlərinin gözləri gülür, soyqırıma məruz qalanların isə ruhu şaddır. Belə bir qələbə əlbəttə ki, tarixi məna kəsb edir.

qazax-xerite1.jpg (108 KB)

Qızılhacılı kəndini ermənilər 11 may 1992-ci ildən işğalda saxlayırdılar. Evlər, qəbirlər dağıdılıb, yer üzündən silinib.

Xeyrimli kəndi 8 mart 1992-ci ildən Ermənistan ordusunun işğalı altında idi. Kənddən didərgin salınmış 300 nəfərdən çox sakin bu gün yurdlarına dönəcəkləri günü gözləyir.

Coğaz çayının sahilində, Qazançı dağın ətəyində yerləşən, füsunkaer mənzərəli daha bir kənd - Aşağı Əskipara nisbətən gec, 1992-ci ilin 14 iyununda işğal edilmişdi. Amma bu kəndlərin azı 32 illik işğal tarixi var idi. Geri dönüşə inanmayanlar da var idi, ola bilsin bu gün hələ də inana bilməyənlər qalıb.

Amma baş verdi, Azərbaycan dövləti növbəti zəfərlərə nail oldu, Prezident, İlham Əliyevin prinsipial siyasəti, dəmir iradəsinin nəticəsində Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində daha 4 addım atıldı! Bu müddətdə önümüzü kəsənlər az olmadı. Ermənistanı silahlandırıb, “raketləndirib” üstümüzə göndərməyə cəhd göstərdilər, sərhəd təxribatları oldu, sərhədçilərimiz atəşə tutuldu, cavabları qətiyyətlə verildi, atəş nöqtəsi məhv edildi. Qazaxın kəndlərinin qarşısını AŞ PA sanksiyası, Brüssel formatı ilə, daha nələrlə kəsməyə çalışdılar. Amma bacara bilmədilər, yenə də uduzdular, Avropa İttifaqının Ermənistandakı missiyası heç Qazaxın kəndləri səmtində görünmədilər də. Revanşistlər üstümüzə hansısa bir “Baqr(at)ı göndərdilər, ortada tullanıb-düşdü, meymunluq elədi, əlindən bir iş gəlmədi, kiridilər. Bilirik ki, revanşistlərin meydan sulamasına həm də İrəvandakılar şərait yaratmışdılar, Azərbaycandan nələrsə qoparacaqlarını zənn edərək. Arzuları suya düşdü, Paşinyan bir daha anladı ki, Ermənistanı qorumağın yolu onun sərhədlərini Azərbaycanla razılaşdırmaqdan keçir.

Azərbaycanın Qazax kəndinin kəndlərini “Tavuş”- Tovuzqala ərazisi sayanlar nəhayət, dərk etməyə başladılar ki, sirkənin tündü öz qabını çatladır. Günün birində Azərbaycan Qazaxın kəndlərini Tovuzqalaya birləşdirmək istəyənlərin cavabına “Tovuzqala Azərbaycandır və NİDA” deyə bilərdi. Beləcə, 4 kəndimiz Prezidentin bir kəlməsi ilə qaytarıldı!

eskipara-yeni.jpg (50 KB)

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə məhz Azərbaycan Prezidentinin 10 yanvar 2024-cü il tarixdə yerli televiziyalara müsahibəsində təqdim etdiyi yol xəritəsinə uyğun şəkildə razılaşma əldə olunmuşdu! Prezident demişdi razılaşma iki tərəf arasında olmalı, vasitəçiyə ehtiyac yoxdur, elə də oldu!

Qazaxın 4 kəndinin azad olunması əməliyyatı 44 günlük müharibənin və Qarabağdakı antiterror əməliyyatındakı qələbələrin davamıdır və olduqca mühüm əhəmiyyət kəsb edir.

Amma davamı olacaq. Yenə 10 yanvarda deyilənlərə qayıdaq: “O kəndlər ki, anklavdır, Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir”.

Bu, Prezident tərəfindən təqdim edilən yol xəritəsidir və icraya yönəldilməsinin alternativi yoxdur! Düşmən də bilir: İlham Əliyev dedisə, olacaq! Necə ki, demişdi Şuşasız işimiz yarımçıq qalar! Dediyi kimi oldu, işimiz yarımçıq qalmadı, Ali Baş Komandanın qətiyyəti, qəhrəman ordumuzun şücaəti sayəsində - artıq Şuşaya Böyük Qayıdış davam edir! Günün birində Zəngəzurdan da qatar və avtomobillərimiz maneəsiz Naxçıvana yol alacaq, ordan da Türkiyəyə və əksinə. Çünki Prezident sözünü deyib!

Əminik ki, Azərbaycanın maraqları təmin ediləcək, ən birinci – 1990-cı ilin 19 yanvarında – sovet ordusu Bakıda dinc insanları qanına qəltan edən zaman - işğal olunmuş Kərki kəndi və Qazaxın daha 3 kəndi də azad ediləcək! Başkənd məsələsinə gəldikdə...Ermənistanın Azərbaycana vurduğu zərbələrin kompensasiyası təkcə Başkənd ola bilməz, bunu İrəvanda da anlayanlar var!

Şairin şeirinə bəzi dəyişikliklər etməklə belə bir sonluğa gəldik: “Dörd kənd var(dı), gözləri yol çəkir(di). 4-ünün gözləri yollardan yığışdı, qovuşdu Ana Vətənə, qalan 4-ünün səmasını da üçrəngli bayrağımız bəzəyəcək və sərhədçi general Ali Baş Komandana zəfər məruzəsi edəcək. Dövlətimizə güvənirik!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR