İnsanlara hürriyət, millətlərə istiqlal!

33 ilin dövlət qulluqçusu - “Yeni Müsavat”ın doğru seçimi  

1310 10.11.2022 15:06 Ölkə A A

İnsanlar 33 ildir “Yeni Müsavat”ı oxuyur. Sovet hökumətinin lap qəddarlaşdığı, qırğınlar, müharibələr başlatdığı, informasiya blokadasını daha da möhkəmlətməyə çalışdığı bir vaxtda Rauf Arif oğlu Abbasovun fədakar bir neçə gənclə birlikdə “samizdat” ərsəyə gətirdiyi “Yeni Müsavat” bu gün də köşklərdədir.

1989-cu ilin noyabrından bu yana davamlı olaraq nəşr edilib və hazırda oxunun 8100-cü sayı oxucuların görüşünə gəlir.
Bəlkə də sadə, asan iş görünə bilər. Ancaq Azərbaycanda dayanmadan 33 il qəzet nəşr edə bilmək, gerçək bir qəhrəmanlıqdır.

585740f1397acc47e5b044dda74a8341.jpg (118 KB)

Məsələn, 33 il ərzində sərasər, hər gün dirsəklənib, çay, kofe içə-içə qəzet oxuyan, bu qədər səbr edən adamı indi bəlkə də tapmaq mümkün deyil. Ancaq təsəvvür edin ki, ən ağır şərtlər altında olduğu dövrlər də daxil 33 il əzmlə, davamlı olaraq o qəzeti nəşr edən, mövcudluğunu qorumağı bacaran bir redaksiya var.
33 il ərzində “Yeni Müsavat” böyük bir yol keçib və mətbuatda xüsusi iz qoyub, məktəb yaradıb. Ölkənin əksər məşhur imzaları, sayt baş redaktorlarının, redaktorlarının çoxu bu məktəbdən keçib gedib, burada püxtələşib. Hətta burada püxtələşib hazırda dövlət vəzifələrində yüksək peşəkarlıq göstərən kadrlar da var...
Məmnunam ki, bu 33 ilin düz 17 ilini “Yeni Müsavat” ailəsi ilə birgə addımlamışam və belə bir ciddi, nüfuzlu media qrupda redaktor vəzifəsinə layiq görülmüşəm.
“Yeni Müsavat”ın redaksiya heyəti zaman-zaman yeniləndikcə, oxucu kontingenti də fərqlidir. Gizlin deyil, təxminən 15 ilə yaxındır ki, “Yeni Müsavat”ın özünün yeni konsepsiyası, dövlətimizin, ölkəmizin siyasi dəngələrinə, reallıqlara uyğun bir kursu, siyasəti var. Hər kəsin üzünə açıq elan edilib. Burada hər bir siyasi tərəf yer alır.
Təbii, yarandığı ilk gündən və xüsusilə son 10 ildə əsas hədəfi, məqsədi Qarabağ, Azərbaycan həqiqətlərini ölkə və dünya ictimaiyyətinə çatdırmaq olub.
5-6 il öncə biz yazanda ki, Qarabağın işğalı çox çəkməyəcək, Azərbaycan müharibə yolu ilə torpaqlarımızı azad edəcək, hətta bəzi özünü vətənpərvər, Qarabağsevər adlandıranlar sosial şəbəkələrdə, yazıların altında şərh bölümündə ironiyalar ifadə edirdilər.
Nəticə isə göz önündədir. Bəli, biz siyasi kursu, gedişatı təhlil edərək, gələn, sızan informasiyaları da nəzərə alaraq, bu həqiqətlərə cəmiyyəti hazır tutmağa çalışır, müjdə verir və bu əhvalı formalaşdırırdıq. Yəni bütün maraqları kənara ataraq, iqnor edərək, dövlət və Qarabağın azadlığı üçün informasiya cəbhəsində sonadək vuruşduq.
Zaman da bir daha göstərdi ki, “Yeni Müsavat” düz yoldadır, bu gəminin kapitanı Rauf Arifoğlunun yön aldığı istiqamət tam doğru olub və doğrudur.
Bəzilərinin haqsız tənqidlərinə görə üzr istəmələrinə də ehtiyac yoxdur indi. Çünki son 15 ildə məhz Qarabağın azadlığına hədəflənən siyasəti, Qarabağ məsələsini özümüz üçün prioritet, namus məsələsi sayaraq addımladığımıza, töhfələrimizi verdiyimizə hər kəs şahid oldu.
                       

                                              ***

Özündə Musavat.com, rusdilli Minval.az, Minval.info saytlarını, “Yeni Müsavat” qəzetini, Musavat.tv-ni birləşdirən, sosial mediada böyük seqmenta malik olan media qrupumuzu daha da inkişaf etdirmək üçün bacardığımız qədər çalışacağıq.

Bu arzular içərisində həm də onu xüsusi vurğu ilə qeyd edirəm ki, “Yeni Müsavat” qəzeti – çap variantımız da hər zaman oxucuların görüşünə gələ bilsin. Çünki qəzet, qəzet aurası, qəzetçilik tamamilə başqa aləmdir, məktəbdir. Əminliklə deyə bilərəm, ən yaxşı oxucu məhz qəzet oxuyan oxucudur.

Əvvəllər çox sadiq qəzet və imza oxucuları vardı. Bir məqaləni oxuyar, ya tənqid, ya da tərif etmək üçün redaksiyaya zəng edər, hətta müəllifə məktub yazardılar...
İndi təbii ki, dövr də, redaksiyaya, müəllifə çatımlılıq da fərqlidir. Sirr deyil, çox adam xəbərləri, təhlilləri, müəllif yazılarını saytlardan oxuyur. Ya məqalənin şərh bölümünə, ya da sosial şəbəkə üzərindən hansısa bir mövqeyini bildirir.
Şübhəsiz, texnologiyalar inkişaf etdikcə, qəzet oxuyanlar lap azalacaq.
Ancaq çoxalsa yaxşıdır və vacibdir!

Həmçinin, təcrübə göstərir ki, ən yaxşı jurnalistlər, qələm sahibləri də məhz qəzetçilikdən addımlayanlardır. Qəzet üçün yazmaq, qəzet yazısı yazmaq başqa bir məsuliyyətdir və ona görə daha peşəkar qələm sahibi formalaşdırır.

Və nəhayət mövcud, oturuşmuş qəzetləri qorumaq, yaşatmaq ona görə lazımdır ki, bir gün - 30, 50, 100... il sonra - tarixçilər 21-ci əsrin əvvəllərində, xüsusən 2020-ci ilin payızında və bunun ardınca ölkədə, bölgədə baş verən böyük, tarixi hadisələri araşdırmaq, faktlar, açıqlamalar, bəyanatlar tapmaq istəyəcəklər. Saytları tıklayacaqlar, baxacaqlar əksərinin bu illərə aid arxivi yoxdur; ya saytı nə vaxtsa hakerlər dağıdıb, ya nə vaxtsa portalı bağlayıb açıblar, hər şey itib-batıb. Üz tutacaqlar qəzet arxıvlərinə, kitabxanalara, çap mediasının nüsxələrinə. Vay o günə ki, qəzet də tapmayalar...

Qəzet dövlətin itməyən, qoruna bilən arxividir. Bizdən xeyli irəlidə olan ABŞ, Avropa ölkələri qəzetləri nahaqdan qorumur ki...
Qəzet həm də bir kültürdür, dünya boyunca və dünya var olduqca.
Qəzet oxumağın ayrı bir rahatlayıcı aurası var.
Nə yaxşı ki, qəzetçiliyin onurğa sütunu olan “Yeni Müsavat” var!

313376793_5974578515908674_6871623601453904861_n.jpg (20 KB)
Onu qoruyan, yaşadanlara, oxucularına – əlbəttə ki, ilk növbədə Rauf Arifoğluna təşəkkürlər və təbriklər!

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR