İnsanlara hürriyət, millətlərə istiqlal!

28 may və onun işığındakı milli gələcək - MƏRUZƏ

4790 28.05.2014 22:00 Gündəm A A
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu İsveçdəki Batı Yötaland Azərbaycan Evi Birliyinin təşkil etdiyi 28 may İstiqlal gününə həsr olunmuş toplantıda iştirak edir. R.Arifoğlunun toplantıda çıxışı da nəzərdə tutulub. Baş redaktorun çıxışının mətnini təqdim edirik. 

****

Giriş sözü

Əziz soydaşlarım, hörmətli qonaqlar sizlərlə belə bir təqvimdə görüşmək imkanı əldə etmək “Yeni Müsavat”ın rəhbərliyi üçün olduqca xoşdur. Son 25 ildə Azərbaycanın İstiqlal Günündə ən müxtəlif ünvanlarda, tədbir və aksiyalarda olmuşam. Onların sırasına Yötaland şəhərində soydaşlarım və bu böyük günün adına dəvət olunmuş qonaqlarla birgə anma törəninə qatılmamın əlavə edilməsindən çox məmnunam.

Yoxdan bir bayraq və dövlət

Əziz soydaşlarım. Bizdən əvvəlki Müsavat nəsli, böyük öndər Rəsulzadənin təbiri ilə desək, yoxdan bir bayraq, daha sonra isə dövlət yaratdı. Bu gün müstəqil Azərbaycan Cümhuriyyəti bu əmanətin, bu yaradıcılığın əsəridir. Onlar bu böyük işi görməsəydilər, müsəlman şərqində ilk dəfə olaraq Cümhuriyyət-Respublika modelli dövlət qurmasaydılar, Azərbaycanın əski Sovetlər İttifaqında 2-ci respublika kimi mövcud olması, daha sonra isə 1991-ci ildən başlayaraq, 3-cü Respublika olaraq müstəqil, suveren  dövlət kimi yaşamını davam etdirməsi mümkün olmayacaqdı. Ya da daha problemli olacaqdı.



Böyük öndər Rəsulzadə və Cümhuriyyətin qurulmasının digər memarları uzaqgörənliklə Azərbaycan dövlətinin Qərb-Avropa yönmünü bəlirlədilər. Bunu ideolojiləşdirib, bayrağımıza, milli strategiyamıza həkk etdilər. 28 may 1918-ci il elaniyyəsi ilə rəsmiləşən Azərbaycan Xalq Cümhuriyyəti dövlətimizin identifikasiya koduna çevrildi və bu gün də elədir. Rəsulzadə və silahdaşlarının çox böyük xidmətləri olub; onlardan biri də Avropalaşmağı, çağdaşlaşmağı, yəni Qərb yönümlü siyasi orientasiyanı dövlətimizin identifikasiyasına çevirməsidir. 

96 il bundan öncə, bu gün...



İndi biz burada, Azad Avropanın bir parçası olan İsveçdəyik. Millətimizin və dövlətimizin ən böyük dəyəri olan İstiqlal -  Respublika gününü qutlayırıq. 

96 il bundan öncə, bəlkə də elə bu saatlarda adları sonradan Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq soydaşlarımız Tiflis şəhərində, Qafqaz Canişininin keçmiş iqamətgahında Azərbaycanın İstiqlal Bəyannaməsinin mətini son dəfə gözdən keçirir, bu tarixi prosesi -  İstiqlalımız elan etmək üçün son hazırlıqları edirdilər. Və nəhayət, 28 may 1918-ci ildə Azərbaycanın qədərini və Azərbaycan türklərinin, eləcə də digər etnik qruplarının yönümünü müəyyən edəcək hadisə baş verdi. Azərbaycan Çar Rusiyasının çökməsi ilə siyasət meydanına çıxan övladlarının sayəsində bir dövlət olduğunu bəyan etdi. 

Nə vardı İstiqlal Bəyannaməsində? 

 O gözəl sənəddə yazılan 6 işığı orijinal olaraq oxuyalım: 

İstiqlal Bəyannaməsi



(1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilmiş iclasında qəbul olunmuşdur; “İstiqlal Bəyannaməsi” (həm “Əqdnamə”, həm də Misaqi-milli” adlandırılır:
“1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan  Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cumhuriyyəti olaraq tətəqərrür edir.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibatı-həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
5.Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan  idarəsinin başında areyiümumiyyə ilə intixab olunmuş şurayi milli və şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur”.
Qeyd edək ki, Azərbaycan istiqlalının elan olunması günündə Müsavat lideri M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə. Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında” Nəsib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istəmək zərurətini” bildirmişdi.

Tarixi mənbələrə görə iclasa Həsən bəy Ağayev sədrlik edib Altı bənddən ibarət olan bəyanaməni (bu sənədi o dövrdə Əqdnamə və ya “misaqi-milli”də adlandırırdılar) Azərbaycan Milli Şurasının aşağıdakı üzvləri imzalayıblar. 

      Həsən bəy Ağayev
      Fətəli xan Xoyski
      Nəsib bəy Yusifbəyli
      Camo bəy Hacınski
      Şəfi bəy Rüstəmbəyli
      Nəriman bəy Nərimanbəyov
      Cavad Məlik-Yeqanov
      Mustafa Mahmudov.


Azərbaycanın istiqlaliyyətinin elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə Nazirlər şurasının sədri Fətəli xan Xoyskinin adından mayın 30-da radioteleqrafla dünyanın əksər siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokholm və s. yerlərə rəsmi məlumat verilibMəhmməd Əmin Rəsulzadəsonralar bu barədə belə yazıb:
 “28 mayıs 1918 il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”


Milli Şuranın Rəyasət heyətində yer alan isimləri də burada xatırlayaq və onlara təşəkkür və dualarımızı bildirək:
 Məhəmməd Əmin Rəsulzadə (Sədr)
 Həsən bəy Ağayev (müavin)
 Məmməd Həsən Hacınski
 Nəsib bəy Yusifbəyli
 Xəlil bəy Xasməmmədov
 Məmməd Yusif Cəfərov
 Xudadat bəy Məlik Aslanov
 Camo bəy Hacınski
 Əkbər ağa Şeyxülislamov
 Xosrov Paşa bəy Sultanov

Adlarını səsləndirdiyimiz və səsləndirmədiyimiz bu şəxslər 20-ci əsrin başlanğıcındakı Azərbaycan üçün əsil ziyalılar, Allahın millətimizə bir lütfü idi. 


28 May istiqlalı Azərbaycana və regiona nə verdi?  



1-ci Cümhuriyyətin ömrü az sürdü. Lakin onun Azərbaycana və müsəlman şərqinə, türk dünyasına töhfələri böyük oldu. Tarixində ilk dəfə siyasi türkçülük Müsavatçılıq ideologiyası adı ilə bir formul, bir bayraq şəklində iqtidara gəldi, əhalisinin böyük çoxluğu türk olan bir dövlətin qurulub-idarə edilməsində ciddi rol aldı. Azərbaycan adına bir dövlət quruldu -  bu hadisə yalnız ölkəmizin quzey kəsimini deyil, İranda qalan güney qismini də indiyə qədər  də təsirləndirən və zaman – zaman yönəldən əsas faktordur. Çar Rusiyasının çöküşü ərəfəsində və ondan sonra Şimali Azərbaycanda milli demokratlar, sosialistlər və islamçılar fərqlənməyə başladılar. Əgər o zamanlar milli-demokratlar deyil, başqaları fəallıq və təşəbbüskarlıq göstərsəydilər, həmçinin böyük strateq Rəsulzadə Nuru paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun dəstəyini cümhuriyyətçilər üçün təmin etməsəydi, indi tarixin seyri, Azərbaycanın durumu tamamilə fərqli ola  bilərdi. Azərbaycanın inkişafını milli dövlətçilikdə görən milli-demokratlar, bir tərəfdə bolşevik rusların 23 ay sonrakı istilası altında qalan, digər tərəfdən də, İrandakı panfarsist rejimin təsirlərini yaşamağa məcbur olan çoxmilyonlu Azərbaycan türkləri üçün bir hədəf, bir brend yaratdılar. Rəsulzadə və onun silahdaşları bugünkü və gələcəkdəki Azərbaycan brendinin yeganə yaradıcısı, memarıdır.

“Stalinlə ihtilal xatirələri” adlı əsərində Rəsulzadə dünyanın ən qəddar despotu ilə söhbətindəki bir fraqmenti anladır. O, Stalinin “siz bu xalqa nə verdiniz” sualına cavabında deyir ki, biz bu xalqa azadlığı dadızdırdıq...
Zamanında ölümdən qurtardığı Stalin də bunu anlayırdı. Müsavatın, Müsavatçılığın, hürriyyətçi siyasi türkçülüyün nələrə qadir olduğunu bildiyinə görə də Azərbaycana sahiblənmək üçün öncə onların kökünü qazımağa başladı. Öz xilaskarını – Rəsulzadəni öldürmədi -  lakin onun bütün silahdaşlarını, qurub-yaratdıqlarını fiziki olaraq məhvə qalxışdı, Məhəmməd Əmini isə 4 il öz nəzarəti altında saxladı... 

Məhəmməd Əminin böyük qələbəsi 


Bu böyük və tarixi savaşı heç şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadə qazandı. Stalinin qanla qurduğu nə vardısa, çöküb dağıldı. Rəsulzadənın zəka, sevgi və demokratiya ilə qurduğu, yaratdığı nə vardısa, hamısı yaşayır, bu gün də bayrağımızın, dövlətimizin, millətimizin timsalında var olub, gələcəkdə isə daha böyük hədəflər istiqamətində qiymətlənməkdədir. Bugünkü Türkiyə Cümhuriyyətinin qurucusu, böyük lider Mustafa Kamal Atatürk də Rəsulzadə və silahdaşlarının təcrübə və ideya məktəbindən ciddi şəkildə bəhrələnmişdi.

Rəsulzadə böyük strateq olaraq Azərbaycan və azərbaycançılıq ideoloji xəttini də qurub. Bu da gələcək bütöv və böyük Azərbaycan hədəfi üçün önəmli faktorudur. İçində böyük iman işığı olan Rəsulzadə və onun silahdaşları inanclı olmaları ilə bərabər, qəbul etdilər ki, xalqını və ölkəsini ümmətçilik sferasından çıxarmasalar, fərqlilik yaratmasalar, nəticəyə nail ola bilməyəcəklər. Onlar iman əhli olmaqla yanaşı, siyasi türkçülüyün dövlət və bayraq modelinin banisi olmaqla bərabər, həm də böyük azərbaycançı idilər - onlar vətən anlamını coğrafi millətçilik həddinə qədər qaldırmaq istədilər ki, Azərbaycan adına qurduqları dövlət onun içindəki xalq tərəfindən bu ad ilə sevilsin və qorunsun.

Rəsulzadə və silahdaşlarının qurduğu Azərbaycan dövlətini Lenin Rusiyası, daha sonra Stalin Rusiyası və s. də yıxa bilmədi. Özül o qədər düzgün, ideya o qədər güclü idi ki,   İstiqlalımız devrilsə də, Cümhuriyyətimiz iflas etsə də, Azərbaycan dövləti “Sovet Sosialist Respublikası” adı ilə davam etdi. Yalnız identifikasiya kodu -  Qərb təmayülü 71 il fərqli oldu -  yönümüzü Moskvaya çevirdilər...

Elçibəy və 22 may hərəkatı


Əbülfəz Elçibəyin rəhbərliyi ilə başlayan milli –azadlıq hərəkatı Rəsulzadədən yarım qalan işlərin tamamlanması missiyası idi. Elçibəy və onun silahdaşları eyni ilə Rəsulzadə və onun silahdaşlarının baxışlarına malik idilər. Elçibəy yalnız AXC-ni  (Azərbaycan Xalq Cümhuriyyətini) abbreviatura olaraq bərpa etmədi -  Elçibəy AXC adlanan milli hərəkatın başına keçib,  Milli İstiqlalı bərpa etdi, qüsursuz bir strategiya sərgiləyərək, milli azadlıq hərəkatının üst qurumunu iqtidar etdi. Şimali Azərbaycan üçün həm ruslar, həm də ermənilərlə savaşa-savaşa, daha böyük hədəfin təməlini atdı -  Bütöv Azərbaycan Birliyinin, Azərbaycan türklərinin bir dövlətdə yaşama kimi təbii, lakin müşkül haqlarının bərpa olunmasının əsaslarını inamla hazırladı, elan etdi, ideyanın arxasında durdu. İndi mövzulandırdığımız 22 may Güney Azərbaycan Türklərinin Milli Hərəkatının  bu dərəcədə miqyaslı olmasının da bir səbəbi Elçibəyin əkdiyi toxumlardır. 22 may 2006-cı ildə milli kimliyi, dili, təhsili, hədəfləri uğrunda “Haray, haray mən türkəm” deyə bağıran Güney Azərbaycan türkləri dünya çapındakı hadisələrin seyrini, Şimali Azərbaycanın qədərini dəyişdirəcək gücdədirlər... 

Rəsulzadə və Elçibəy Cümhuriyyətləri – nələr dəyişib? 


Rəsulzadə Cümhuriyyətini təhdid edən bütün xarici və daxili faktorlar Elçibəyin 3-cü Cümhuriyyətini də təhdid edirdi. Lakin nə yazıq ki, Rəsulzadədən fərqli olaraq, Elçibəy Türkiyənin silahlı dəstəyini Rus-Erməni birliklərinə qarşı ala bilmədi. 2-ci Nuru Paşa yox idi – Türk Ordusu gəlmədi, əvəzində Türkeş – Baş Buğ vardı. Lakin o da Azərbaycana 50-dən bir az artıq könüllü, 5-6 uçaq dolusu silah verə bildi. Əlində başqa güc yox idi. 

Bu səbəbdən də İran, Rusiya, Ermənistan ittifaqı Elçibəy iqtidarını devirdi. İqtidardan getmədən öncə yaranmış unikal şansdan istifadə edərək rus ordusunun Azərbaycandakı 200 illik varlığını bitirə bildi Elçibəy. Bir də yerinə elə birini gətirdi ki, hakimiyyətini versə-versə, ancaq öz oğluna verərdi -  nə rusa, nə bir başqasına... Elçibəy üçün bu da kafi idi... 


Lakin bu dəfə dünyanın durumu fərqli idi. Bir tərəfdə Nuru Paşa yox idisə, o biri tərəfdə də Stalin yox idi. Elçibəy və silahdaşları özlərindən əvvəlki istiqlal nəslindən fərqli olaraq, ölkədən çıxmadılar. Bu, 3-cü Cümhuriyyətin qalması, bayrağın, xəttin, identifikasiya kodunun qorunması üçün həyati əhəmiyyətli məsələ idi. Əgər Rəsulzadə nəsli ümidsiz vuruşur, davamızı ən ağır şərtlər altında sürdürürdülərsə, Elçibəy komandasının ümid kriterləri xeyli fərqli və üstün idi.    

Heydər Əliyev və istiqlalçılıq

Heydər Əliyevin iqtidara Elçibəy tərəfindən gətirilməsinə baxmayaraq,  müsavatçlıq müxalifətçi duruma düşdü.  Lakin milli qüvvələr dirənişini və gücünü iki liderdən alırdı. Azərbaycanda, doğulduğu Kələki kəndində oturan və bütün məhrumiyyətlərə dözərək, statusundan, missiyasından imtina etməyən Elçibəydən;  ölümü və zindanı gözünün önünə alaraq Bakıda qalan, milli qüvvələri bir arada toparlayaraq, yenidən təşkilatlandıran İsa Qəmbərdən.  Müəyyən məqama qədər İstiqlal savaşı, daha sonra isə onun qorunması bu tandemlə davam etdirildi; lakin bir müddət sonra məlum oldu ki, müstəqillik Heydər Əliyevin də çox xoşuna gəlib və onu ruslara vermək fikrində deyil. 

Bundan sonra ölkənin demokratikləşdirilməsi, çağdaş dünyaya inteqrasiya, azadlıqların imitasiyasından özünə keçid uğrunda savaş başladı. Milli-demokratlar Azərbaycanda qalmağı bacarmışdılar; üstəlik onlar cəmiyyətdən dəstək də alırdılar; mətbuatları vardı, firqə qərargahları əllərində qalmışdı; cəmiyyəti 37-ci ilə qaytarmaq mümkün olmadı...

5 il sonra özlərinə gələn təşkilatlar ağır şərtlər altında olsalar da, bu dəfə iqtidar olmaq uğrunda hakimiyyətdəki Heydər Əliyevlə və bir-biriləri ilə mübarizə aparmağa başladılar. Sonra müxalifət o qədər rahatlandı ki, artıq bir-birinə savaş açmaq kimi lükslara da getdilər...

Yekun

Mövzumuzu toparlasaq, belə bir yekun deyə bilərik.  28 May Azərbaycan türklərini millət olaraq daim qürurlandıra biləcək, ölkəmizin Cümhuriyyət dövlət tipi ilə var olmasını və stratejidə bütöv Azərbaycan kimi təşəkkül tapmasını əsaslı şəkildə təmin edən bir tarixdir. 

28 May İstiqlal, yaxud da Respublika Gününə münasibət Azərbaycanın və Azərbaycan türklərinin gələcəyinə, var olma və inkişaf xəttinə münasibəti əks etdirir. İstiqlalımızı sevməyən, onu qəbul etməyən, ona ögey baxan  Azərbaycanı, Azərbaycan türklərini də sevmir, qəbul etmir, ögeyləyir.

Bizi, dünyanın harasında olursaq, olaq, bir araya, o da olmasa, eyni gündə bir mövzuya gətirən bu gözəl, müqəddəs təqvimə eşq olsun. Azərbaycanımıza, onun böyük və gözəl gələcəyinə salam olsun. İstiqlalımız uğrunda savaşan, şəhid düşən bütün vətən övladlarına Allah rəhmət eləsin.
****
Çıxışımı böyük Rəsulzadənin aşağıdakı misra-duası ilə bitirmək istəyirəm. 


Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

28 may 2014-cü il, Batı Yötaland, İsveç

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR