İnsanlara hürriyət, millətlərə istiqlal!

2013 –cü ilin ən mühüm günü – (mitinqə qədər və ondan sonra...)

5698 18.08.2013 14:34 Son xəbər A A
Bu gün Azərbaycanın birləşmiş müxalifətinin mitinqidir.

Milli Şura formatında bir araya gələn ölkənin ən ciddi müxalifət komponentləri, ziyalılar və siyasət xadimləri yeni rəhbərləri Rüstəm İbrahimbəyovun uğursuz gedişləri nəticəsində düşdükləri böhrandan çıxış yolu kimi mitinq variantını seçdilər. Bir sıra ekspertlər bu addımı riskli bir gediş kimi dəyərləndirsələr də, əslində yaranmış vəziyyətdən ən doğru çıxış yolu məhz böhranı yarıb, kabinetlərdən, iclas zallarından meydanlara enmək idi. Beləliklə, seçki kampaniyası çərçivəsində Bakıda ilk müxalifət göstərisi 18 avqust tarixinə təsadüf etdi.

Mitinqə icazə  verilib; indiyə qədər 20-ci sahədəki mitinq yerini özlərinə təhqir bilən ənənəvi müxalifət liderləri, çətin də olsa, sözlərini basıb, xalqı məhz bu meydana dəvət ediblər. Müşahidələr onu göstərir ki, mitinqin bütün yükü əslində iki təşkilatın -  Müsavat Partiyası və AXCP-nin üzərindədir. Son günlər bu təşkilatların fəallarının apardıqları təşviqat kampaniyası sosial şəbəkələrə və müxalifətə yaxın olan mediaya yansıyıb. Birinci baxışla görünən  bir detalı qeyd edək. Hər iki müxalifət təşkilatı ictimaiyyətə və geniş, narazı kütlələrə deyl, daha çox özlərinin daxili resurslarına istinad edərək, təşviqat apardılar. Proses əslində bir növ operatv inventarlaşdırma xarakterli idi.

Yalnız sosial şəbəkələrdə  -  daha çox da facebookda - kənar elektorata xitab olundu. Bunun da hər hansi bir ciddi nəticə verə biləcəyini bəri başdan söyləmək çətindir.

Əslində, Müsavat və AXCP qısa müddət ərzində öz daxili ehtiyatları sayəsində 10—15 minlik etiraz aksiyası təşkil edə bilər. Lakin buna iki səbəb mane olur: 1. Maliyyə çatışmazlığı; 2. İqtidarın kobud müdaxilələri.

1-ci bəndlə  bağlı onu deyə bilərik ki, Rüstəm İbrahimbəyov hər nə qədər iddia etsə də ki, o, Moskvada oturub, hərəkatın müvəffəqiyyəti üçün maliyyə toplayır; hələ  ki, heç bir hada bu arqument özünü doğrultmayıb. Ola bilər, Rüstəm müəllim Eldar Namazova və 3-4 yaxın tərəfdaşına maaaş verir. Lakin son dərəcə həlledici, mühüm bir nöqtə olan 18 avqust aksiyası üçün əsas aparıcı təşkilatlara 1 manat, hətta 1 qəpik də olsun, kənardan pul verilməyib! Müsavatçı-Cəbhəçi tandemi ancaq öz məhdud imkanları ilə aksiyaya hazırlaşırlar və bunu da adı fədakarlıqdır. Lakin fədakarlıq da elə bir kateqoriyadır ki, onun belinə 100 nəfəri mindirib, hansısa X rayonundan Bakıya gətirmək olmur. Bu baxımdan, əlbəttə ki, hər iki təşkilat imkanlarının yarısından da aşağı səviyyədə meydana adam çıxaracaqlar.


Fədakarlıq da elə bir kateqoriyadır ki, onun belinə 100 nəfəri mindirib, hansısa X rayonundan Bakıya gətirmək olmur




Hakimiyyətin müdaxiləsi isə, hər dəfə olduğu kimi, bu dəfə də ciddi və aqressivdir. Hələ mitinq başlamamışdan fəalların həbsləri başlayıb. Bölgələrdən sanksiyalı aksiyaya gəlmək istəyənlər durdurulur. Mitinq meydanına aparan yollardakı marşrutlar məhdulaşdırılıb; əgər axın çox olarsa, yəqin ki, tamamilə kəsiləcək. Bundan əlavə, meydanın girişinə poils dəhlizi qurub, gələnlərdən yaş kağızı tələb etməyi planlaşdırıblar. Kim 18 yaşından az yaxını, tanışı ilə gəlibsə, onları mümkündür ki, meydana buraxmayacaqlar. Bir sözlə, Azərbaycan iqtidarında müxalifətə mane olmaq üçün kifayət qədər “çarə” tapılır.

Lakin istənilən halda, xalqın əhəmiyyətli kəsiminin belə bir aksiyadan xəbəri var. Əgər “xalqın 90 faizi bu hakimiyyətdən cana doyub, dəyişiklik istəyir” iddiaları  doğrudursa, bu gün ölkəimizdə siyası atmosfer dəyişəcək -  xalq 20-ci sahəyə axışacaq və belə olsa, onu heç nə durdura bilməyəcək. Mili Şuranın Bakıdakı rəhbərliyi əslində riskə gedərək, sözü xalqa buraxaraq, seçkilərə az müddət qalmış, siyasi səhnəni də yoxlamaq, yaxın gələcəyin xəritəsini görmək imkanı qazanıblar.

Mitinqə real olaraq 5 min nəfərin qatılması yetər ki, müxalifət iddiasını  davam etdirsin, aksiyaları seriyalaşdırsın; aksentini daha da tələbkarlaşdırsın. Lakin həm də boykota hazırlansın -  bu rəqəm o deməkdir ki, yaxın elektorat seçki variantına isti baxmır... 10-15 min vətəndaş qatılarsa, bu o, deməkdir ki, fəal elektorat  Milli Şuraya onu  seçkilərin sonuna qədər siyasətdə təmsil etmək üçün mandat verməyə hazırdır. Lakin həm də bunun şifrəli anlamı var – bu rəqəmdə xalq yoxdur-  ona arxayın olub, gələcəyə planlar qurmamaq lazım.  Bundan yuxarı rəqəmlər (20 min və daha artıq) isə o deməkdir ki, xalq siyasət meydanına daxil olub, bundan belə söz onda olacaq, proseslərin gedişatı yaxın günlərdə dəyişəcək. Beynəlxalq qurumların Azərbaycan müxalifətinə, onun gələcəyinə münasibəti də dəyişəcək. Bütün strateji planlamalara əlavələr ediləcək...

 Əlbəttə, əgər Milli Şuranın rəhbəri Tiflis əvəzinə Bakıya gəlsə idi; indi də Bakıda (ya da Kürdəxanıda) olsa idi, vəziyyət də, gedişat da tamamilə fərqli olacaqdı. İnsanlar hətta öz liderlərinin həbsxanaya düşməsindən də impuls alacaqdılar; şüarlar daha konkret, daha praktik, daha olumlu olacaqdı. Ancaq cənab İbrahimbəyov  bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı -  sübut elədi ki, o, lider deyil, siyasətçi heç deyil; sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar.


Rasim Balayev nə qədər Babək, ya da Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar



Yekunda onu deyək ki, 18 avqust 2013-cü ilin ən önəmli, kritik tarixlərindən biri, bəlkə də birincisidir. İlk növbədə Milli Şuranın taleyi, daha sonra isə seçki prosesinin ssenarisi bu gün müəyyən olunur. Gün uğurlu olsa, bərəkətli olsa, sabahkı Milli Şura sessiyası ruh yüksəkliyi ilə keçəcək -  başqa bir vahid namizəd tapa bilməsələr də, birlik davam edəcək. Tərsinə olsa da, Milli Şura bir müddət davam edəcək. Lakin olması ilə olmaması arasında heç bir fərq görülmədən.

Və hakimiyyət namizədinin yolunu açan, təmizləyən xüsusi layihə kimi də  tarixə düşəcək.

Bundan beləsi dualara qalmış. Birini də biz edək -  Allahım, sən bu fədakar müsavatçıların, hərəkatçıların, cəbhəçilərin əməyinə qıyma, onlara xatir günümüzü uğurlu və bərəkətli et...  

(18.08.2013, saat 14.31)
Mitinqdən sonra: Müsavat və AXCP-nin, eyni zamanda NİDA-çı gənclərin  sayəsində Milli Şura meydana bir neçə min insan toplaya bildi. Vəziyyət xilas oldu -  amma iqtidarı bu kütlə ilə dəyişmək mümkünsüz!  Bizim rəqəmlərdə göstərdiyimiz birinci plankaya uyğun bir nəticə söyləmək olar, iştirakçı sayı ilə bağlı. Xalq gəlmədi -  heç Müsavat və Cəbhənin daxili resurslarının maxsimumu səviyyəsində də deyildi. Çətin olacaq -  amma bu düşərgə 20 ildir ki, daha çətin şərtlər altında müqaviməti təşkil edə bilir. Bu baxımdan, iddialar və mitinqlər  davam edəcək, Milli Şura da qalacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR