İnsanlara hürriyət, millətlərə istiqlal!

1993-cü ildə Türkiyədə Ərdoğan kimi lider olsaydı...- Heydər Əliyev dövründən baxış

4467 07.05.2022 16:55 Gündəm A A


Həlledici dönəmdə Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdı və “xilas planı”nı icra etdi, o zaman qardaş ölkənin də indiki kimi rəhbəri olsaydı...

Dövlətlərarası münasibətlər əsasən siyasi, iqtisadi strategiyalara, maraqlara, hədəflərə uyğun qurulur. Ona görə “əsasən” deyirik ki, dünyada təmənnasız olaraq dost, qardaş münasibətləri quran, saxlayan dövlətlər barmaq sayı qədər olsa da, mövcuddur. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətləri örnək olmaqla yanaşı, dünya tarixində bir ilkdir. Türkiyə-Azərbaycan yalnız de-fakto deyil, həm də artıq de-yure “Bir millət, iki dövlətdir”. Son illərdə Azərbaycanla Türkiyə arasında imzalanan sənədlər, atılan addımlar, görülən işlər, İkinci Qarabağ Savaşı zamanı qardaş ölkənin dəstəyi, nəhayət Şuşa Bəyannaməsi bunun sübutudur.
Bəzən belə fikirlər də səslənir ki, siyasi və dövlətlərarası münasibətlərdə şəxslərin rolu o qədər önəm daşımır, dövlət və xalqların ümumi maraqları prioritet olur və s. Ancaq bu yanaşma ilə razılaşmaq mümkün deyil.
Ümumiyyətlə, dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, liderlərin şəxsi xarakterləri, davranışları, keyfiyyətləri, mərdlikləri, cəsarətləri, uzaqgörənliyi də münasibətlərdə ciddi rol oynayır.

Bunu ən azı 3 nümunədə görmək mümkündür: Mərhum Prezident, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında şəxslərin fərdi keyfiyyətlərinin, iradəsinin, səmimiyyətinin həm daxili siyasətdə, həm xarici siyasətdə, həm idarəetmədə, həm də dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini, hətta həlledici faktorlardan biri kimi önə çıxdığını söyləyə bilərik.

erdogan heydar aliyev.jpg (54 KB)

Prezident İlham Əliyevin hər kəslə münasibətdə səmimi və verdiyi vədlərə birmənalı şəkildə əməl edən, Azərbaycanın və Türk dünyasının maraqları üçün gərəkən fədakarlıqları edən, ümumiyyətlə bütün dünya dövlətlərinə münasibətdə sözübütöv və möhkəm iradəli, cəsur mövqeli olmasını zaman-zaman müşahidə etmişik. İkinci Qarabağ Müharibəsi zamanı onun davranışları, açıq bəyanatları bunun əyani sübutudur.

Heydər Əliyevin Azərbaycanın tarixində və inkişafında, bugünkü səviyyəyə çatmasında rolundan danışmaq əlbəttə bir yazı ilə tamamlanacaq iş deyil. Həmçinin, bunlar yaxın tarixdə baş verdiyi üçün hər kəsin özünün müşahidə, təhlil aparmaq imkanları mövcuddur.
Qısacası, zaman keçdikcə - indi hər kəs daha yaxşı başa düşür ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkəni böyük bəlalardan xilas etdi. Zaman-zaman Heydər Əliyevə, YAP hakimiyyətinə müxalifətdə olmuş, müəyyən dönəmdə sərt tənqidlər etmiş şəxslər də sonralar etiraf etdilər ki, ona qarşı ədalətsizliklər ediblər. Əksinə, həmin dönəmdə Azərbaycan naminə Heydər Əliyevə dəstək verməli idilər...

Heydər Əliyev həlledici, böhranlı vəziyyətdə Azərbaycana liderlik etməklə həm dünya ilə münasibətlərini tənzimlədi, həm də ayrıca türk dünyası ilə mühüm əlaqələr quruldu. “Bir millət, iki dövlət” konsepsiyası da məhz Heydər Əliyevə məxsusdur, bu fikri ilk dəfə o səsləndirib.
Aydındır ki, Heydər Əliyev Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün bütün mümkün addımları atdı. Təbii, o, bunun nə qədər vacib və gələcəyə yönəlik strategiya olduğunu bütün detalları ilə bilirdi.

Ancaq etiraf edək ki, həmin dövrdə Türkiyədə buna adekvat davranacaq lider hakimiyyətdə yox idi. Pafossuz-filansız, əgər 1993-də, o illərdə Türkiyə rəhbərliyində Ərdoğan kimi lider olsaydı, daha böyük nailiyyətlər əldə olunardı. Bəlkə heç Qarabağ o zaman işğal edilə də bilməzdi...
Ərdoğanın türk dünyası, xüsusi olaraq Azərbaycanla qurduğu münasibətlərin bugünkü səviyyəsi haqda danışmağa ehtiyac yoxdur. Əlbəttə, bu münasibətlərdə Azərbaycan tərəfdə Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev dayanır. Prezident İlham Əliyev Türkiyə ilə münasibətlərə dair Heydər Əliyevin arzularını da gerçəkləşdirmiş oldu. Bu proses 1990-cı illərdə Türkiyənin Ərdoğan kimi bir lideri olmadığı üçün baş tutmasa da, günümüzdə İlham Əliyev və Ərdoğan nümunəsində reallaşıb.

ilham-erdogan.jpg (82 KB)

Fakt ondan ibarətdir ki, Türkiyə-Azərbaycan bütün dünyanın heyranlıqla izlədiyi bir qardaşlıq münasibətlərindədir, xarici siyasət tamamilə uzlaşmış şəkildə həyata keçirilir. Biz artıq “bir dövlət, bir millət” olaraq davranırıq. Bu, bütövlükdə Türk dünyası üçün böyük perspektivlər vəd edir.

Bu baxımdan yuxarıda qeyd etdiyimiz bir fikrin üzərinə qayıdırıq: dövlətlərarası münasibətlərdə xalqla, dövlət siyasəti ilə yanaşı, şəxslərin fərdi keyfiyyətləri, səmimiyyətləri və iradələri də mühüm rol oynayır. Bu danılmazdır.
Məsələn, 1993-cü ildə dövlət olaraq Türkiyənin Azərbaycana münasibətdə siyasəti də qardaşlıq münasibətləri çərçivəsində olub. Xalqların da münasibətləri indikindən fərqlənməyib. Ancaq iki dövləti ən yüksək və ən yaxın strateji müttəfiqlik, birgə addımlamaq səviyyəsinə qaldırmaq üçün yeganə çatışmayan amil o dövrdə Türkiyə rəhbərliyində Ərdoğan kimi iradəli, səmimi liderin yoxluğu olub.

Əgər bu amil da o zaman olsaydı, indi bölgə tamam başqa bir reallıqlar içərisində olardı. Bu gün qazandıqlarımızı, indiki yaxınlığı, stratejiləri 29 il öncə əldə etsəydik, ötən müddətdə həm siyasi, həm iqtisadi, həm geosiyasi baxımdan daha böyük nailiyyətlər əldə olunardı.
Bütün bunları təhlil edəndə fərqinə varırıq ki, Ərdoğan Türkiyə, türk dünyası üçün əvəzsiz bir liderdir. Onun qarşıdakı seçkilərdə də namizədliyini irəli sürüb, Türkiyə rəhbərliyini davam etdirməsi vacib görünür. Çünki qurulan dəngələr üzrə addımlamaq və bunu məntiqi ardıcıllıqla inkişaf etdirmək üçün Ərdoğan amili mütləqdir.

Elşad MƏMMƏDLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR