İnsanlara hürriyət, millətlərə istiqlal!

11 aprel təxribatı - məsuliyyəti kim daşıyır? - ŞƏRH VİDEO VACIB

805 14.04.2023 12:56 Gündəm A A

“Qarşında erməni kimi düşmən varsa, boşluğa yol verməməlisən. Əlisilahlı, xain düşmənlə ehtiyatlı davranmaq lazımdır”.

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a 11 aprel tarixində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində baş verən təxribatı şərh edərkən bildirib.

d51eecb91f1e4e47d311b2761efca810.jpg (304 KB)

Ekspert qeyd edib ki, bəzi hallarda zabitlərin, əsgərlərin özünə arxayınlığını düzgün hesab etmir: “Nə qədər güclü, hazırlıqlı olsan da, düşmənin silahlı olduğunu unutmaq olmaz. Mən bu məsələ ilə bağlı fikirlərimi Müdafiə Nazirliyinin rəhbərliyinə bildirmişəm. Televiziya vasitəsilə müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersaya görüş üçün müraciət etmişəm ki, həm 11 aprel təxribatı, həm də əsgərlərimizin azması və s. ilə fikirlərimi ifadə edim. Sonuncu hadisə zamanı ciddi boşluqlar var idi. Yol verilən boşluq göründüyü kimi, ciddi itkiyə səbəb oldu. Bunun əksini sübut edəcək kimsə varsa, buyursun, arqumentlərini səsləndirsin. Biz bir əsgərimizin belə burnunun qanamasına yol verməməliyik. Biz onları qorumalıyıq. Ciddi, düşünülmüş qərarlar olsa idi, sonuncu hadisə baş verməyə bilərdi. Hərbi sahədə yol verilən boşluqlar təhlil edilməlidir. İndiyə qədər edilən səhvlərdən nəticə çıxarılmalı idi. Verilən qərarların, əmrlərin məsuliyyəti dərk edilməlidir”.

Üzeyir Cəfərov bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi və s. zamanla həllini tapacaq. Hərbi ekspert hesab edir ki, düşmən təxribatına hər vəziyyətdə hazır olmaq lazımdır: “Səngərlərin qazılması, postların qurulması, əsgərlərin yerləşdirilməsi, təhlükəsizlik tədbirlərinə əməl etməklə onların hərəkəti, ərzaq və silah-sursat təminatı və s. nəzərə alınmaqla diqqətli olmaq lazımdır”.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Azərbaycan ordusu üç şəhid verib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR