İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızının əlli çaları

1254 05.04.2024 11:01 Yazarlar A A

Fransa, Avstraliya və yanılmıramsa Yeni Zelandiyadan olan 3 əcnəbinin Bakı metrosunun “Depo” stansiyasına girməsi, orda vaqonu rəngləyib dövlət büdcəmizə 4 min manat ziyan vurmağı haqda yəqin xəbəriniz vardır. Lakin nədənsə hökumət  bu informasiyanı uca millətimizə xəsisliklə, damcı-damcı verdi. Üstündən bir həftəyə qədər vaxt keçsə də biz həmin yoldaşların harda həbsdə saxlandığını, rəsmlərin özəlliklərini, janrını, əhvalatın məna və məzmununu - uzun sözün qısası, faktiki heç zad bilmirik. Halbuki haqqımız vardır. Öyrənmək istəyirik. 

Bəlkə elə Fransadan gələn o başabəla rəssam Pikassonun, Van Qoqun, Qogenin, nə bilim, Matissin irsini xalqımız arasında yaymaq məqsədi güdmüşdür? Çünki bizim metroda rəsm əsəri çoxdur. Stansiyaların keçidlərində ünlü rəsmlərin reproduksiyaları asılmışdır, bunu alqışlayıram. Bəlkə məktəb idarəsi də belə şeylərdən ibrət götürər, uşaqlara rəsm, təsviri incəsənət dərsləri adam balası kimi keçilər. Yoxsa indi çox dırnaqarası dərsdir. Məktəbli tanıyıram, təsviri incəsənətdən guya 5 alıb, ancaq Günəş şəkli istəsən sənə qarpız çəkir. (Əlbəttə, avanqardizm baxımından bunun əsaslandırması mümkündür, lakin andıra qalmış avanqardizmi də öyrədəsən gərək). 

Üç xaricinin qraffiti üçün Bakı metrosunu seçməsi reklam məqsədiylə də istifadə edilə bilərdi. Məsələn, Benksinin dünyada belə işləri vardır. Gizli şəkildə hansısa ölkədə daşa-divara bir şey çəkir, sonra həmin rəsm aləmdə məşhur olur. Turistlər gedib baxır, hətta “rəsmi” əkişdirənlər yaranır. Hansısa ölkədə Benksi-nin qraffitisi olan bina sökülməliydi, divarın o hissəsini xüsusi üsulla kəsib saxladılar, qorudular. 

Sözümün canı odur ki, rəssamlıq ciddi sənətdir. Bu istiqamətdə şair də yaxşı ərz eləmişdir: “Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidür. Məscidü meyxanə rəng, eyşü ibadət rəngidür”. Adi həyatdan bir misal çəkəcəm, onda rəngin nə qədər önəm daşıdığını anlayacaqsınız. 

Bax, təzəlikcə hökumət qərar verib, yaydan taksilər qırmızı və ağ rəngdə olmalıdır. Əla, xub, bravo, fısqırıq. Nə sözümüz ola bilər? Hökumətlə hökumətlik eləmək olmaz. İstəsə dovşanı qırmızı araba ilə tutar. Ancaq həmin NK-da bir nəfər ağıllı adam tapılmayıb ki, desin: “Əziz yoldaşlar, qırmızı olsun e, amma hansı qırmızı olsun?”

Elmi və fiziki baxımdan yanaşsaq, bu saat dünyada qırmızı rəngin 50-dən artıq çaları var. Çəhrayı, mərcanı, xoruzpipiyi, nə bilim, qan rəngi, alma rəngi, qızılgül rəngi və sairə... Ona görə də beynəlxalq aləmdə rənglərin konkret sistemləşdirilmiş adları, bir növ rəng etalonları var. Pantone, RGB və sairə sistemlər. Örnək üçün, bizim qanuni dövlət bayrağımızın qırmızısı Pantone kataloqunda “032 C” adıyladır. Rusiyanın bayrağındakı qırmızı isə “485 C”. İkisinə də dildə qırmızı deyirik, lakin yanaşı qoy, fərqi görərsən.

Sözgəlişi, Fransa bayrağındakı qırmızı 032C-dir, bu baxımdan Fransa ilə müttəfiq sayıla bilərik. 

Eyni problem ağ taksi seçməklə bağlı da ortaya çıxacaq. Ağ deməyə baxma, bunun çaları qırmızı qədər olar. Süd kimi ağla qar kimi ağ eynidirmi? Gümüşü ağ var, qatıq kimi ağ var, ağ yalan var və sairə. İndi biz bunun hansını maşınımıza vurmalıyıq? Yol polisi bizi saxlayanda deyə bilərmi ki, vətəndaş Mamed, sənin avtomobilin əslində qırmızı deyil, qıpqırmızıdır, ona görə basıram cərimə meydançasına. Di get, ağla. Ya da qırmızıla. Yəni, gözündən qan axsın. Üstəlik, şair demişkən, həbibim, fəsli-güldür bu, gözümdən qanlı axar su. 

Dövlətin qanun-qaydaları dəqiq, mübahisəsiz olmalıdır. Mənim bu yazım kimi. (Oxucular fikirləşir: “Ağ eləmə görək”). 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR