İnsanlara hürriyət, millətlərə istiqlal!

“O, komitə sədri olanda başı biznesə qarışmışdı” - sabiq DQİDK rəhbərindən şok açıqlamalar

3736 07.03.2024 15:46 Müsahibə A A

Hidayət Orucov: “Mən 12 il bundan qabaq komitədən getmişəm, Rafiq Əliyev özü isə 17 il qabaq gedib, hələ də bu məsələləri həzm eləyə bilmir”

Şair, naşir, dramaturq, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucov “Yeni Müsavat”a müsahibə verib.

Müsahibəmiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci sədri Rafiq Əliyevin Bakupost.az saytına açıqlamaları, daha da konkretləşdirsək, Hidayət Orucov haqqında dedikləri ilə bağlıdır. R.Əliyev deyib: “Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük. Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O, nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu”. Bu kimi fikirlərin “Yeni Müsavat”da dərcindən sonra Hidayət Orucovun fikirlərini öyrəndik. Sabiq komitə sədri “Yeni Müsavat”a sensasion açıqlamalar verdi. Müsahibəninin ikinci hissəsini təqdim edirik:

(Əvvəli ötən sayımızda)

Həmsöhbətim komitəyə sədr təyinatını aldıqdan sonrakı işlərdən bəhs edir. Bizim sualımız:

- Nə kimi dəyişikliklər etdiniz?

 

- Əvvəla, müəyyən kadr dəyişiklikləri oldu. Xaricə, ya başqa istiqamətlərə baxanlar, dövlət qulluqçusu kimi yaramayanlar komitədən kənarlaşdırıldı. Mən hamının işdən çıxarılmasının əleyhinəydim. O adamlar ki, günahları yox idi, mən hesab etdim ki, onlar səhvə yol veriblər, qalıb işləyə, səhvlərini düzəldə bilərlər, əlbəttə, mən onları saxladım, onlar da yeni şəraitə, konsepsiyaya, Dövlət Komitəsinin yeni fəaliyyətinə tam uyğun olaraq fəaliyyət göstərməyə başladılar və ora  yeni kadrlar gəldi. Mən bu gənc, savadlı kadrların hamısını yalnız BDU-nun İlahiyyat fakültəsinin məzunlarından götürdüm. Onlar da fəaliyyət göstərməyə başladılar. Mən ora getdikdə Dövlət Komitəsinin 40 nəfər əməkdaşı var idi. Qısa müddət ərzində orada ştatda olan işçilərin sayı 80 nəfəri keçdi. O zamankı baş  nazir Artur Rasizadə mənə dedi ki, onun fəaliyyətində ilk dəfədir ki, Dövlət Komitəsinin ştat cədvəlindəki işçilərin sayı qısa müddət ərzində 100 faizdən çox artır, belə olmamışdı ümumiyyətlə, amma biz bunu bacardıq. Yeni şöbələr açıldı, yalnız dini mərkəzlərlə yox, dini icmalarla da iş getməyə başladı, regionlarda şöbələrin fəaliyyəti qüvvətləndirildi. Əsl dini dəyərlər təbliğ olundu, böyük region müşavirələri keçirildi, demək olar ki, bütün Azərbaycan təmsil olundu. O sahə elədir ki, mən çox şeyi açmıram, müəyyən məsələləri bəlkə sonra açmaq olar. Çünki dini qurumlar üzrə Dövlət Komitəsinin fəaliyyəti, ümumiyyətlə, belə olmalıdır.

- Amma bunlardan danışılmır. Bəlkə o istəyirdi daha çox orada çalışsın və sizin gəlişiniz bu istəyin qarşısını aldı?

- Bilirsiniz, mən demişdim, əvvəl də atmaca atdı, mən bunlara fikir vermədim, amma indi istəyirəm bu bərədə ictimaiyyət də bilsin. Deyir ki, Hidayət Orucov ədəbiyyatşünasdır. Hidayət Orucov ədəbiyyatşünas deyil, yazıçıdır. Humanitar sahənin professoru ədəbiyyatşünasla yazıçının fərqini bilmir. Hər ikisi ədəbiyyatla bağlıdır, amma bunlar başqa-başqa məfhumlardır. Onda olan qərəz, kin o qədər coşub ki, adi məsələləri də qarışdırır. Deyir “Hidayət Orucov 9 il Dövlət Komitəsinin sədri işlədi”. Mən 6 il Dövlət Komitəsinin sədri olmuşam, sonra diplomatik işə keçmişəm. Deyir son iki sədrin dini savadı yox idi. Əvvəla, məndən sonra iki sədr olub. Onun dediyinə görə, mən həmin siyahıda deyiləm. Bu dərəcədə primitiv, qərəzli...

- Yeri gəlmişkən, Rafiq Əliyev Mübariz Qurbanlı haqqında yüksək fikirlər söyləyib...  

- Ümumiyyətlə, Mübariz Qurbanlı bizim islahatları normal davam elədi, bu barədə mənə də dedi. Mən işlədiyim illərdə istər qanunçuluqda, yəni "Dini etiqad azadlığı haqqında" Qanunla bağlı, istər digər məsələlərin həlli ilə əlaqədar çox məsələlər qaldırıldı, onların bir hissəsi həll olundu, digər hissəsininsə həllinə vaxt çatmadı. Amma həmin məsələlər Mübariz Qurbanlının vaxtında həyata keçirildi.

“O, bunun əvəzinə düşünməlidir ki, Dövlət Komitəsindən nə üçün çıxarıldı?”

- Rafiq Əliyev onu da bildirib ki, Hidayət Orucov komitə sədri olarkən yazı-pozu ilə məşğul olub. Maraqlıdır, həmin illərdə neçə kitabınız nəşr olundu, nələr yazdınız?

- O dövrdə mənim mətbuatda çap olunmuş və ya yeni əsərlərimdən ibarət nəşr edilmiş bir kitabımı göstərə bilməz. Əvvəla, “yazı-pozu” yox. Bu da onun “səviyyəsini”, qəzəbini, kinini, qərəzini göstərir. Yazıçıya “yazı-pozu ilə məşğul olur”, demək olmaz. Yazıçı bədii yaradıcılıqla məşğul olur. Bundan əlavə, o, dediyim kimi, mənim həmin illərdə mətbuatda çap olunmuş bir bədii yazımı göstərə bilməz. Digər tərəfdən, yazıçılıqla məşğul olmaqda qəbahətli nə var ki? O illərdə mənim başım Dövlət Komitəsinin işlərinə elə qarışdı ki... Qarşımızdakı məsələləri yoluna qoymaq üçün gecə-gündüz orada işləmişəm. O, nə istəsən, deyir. Deyir yazı-pozu ilə məşğul idi. Axı onun “İrşad” hotelində xüsusi texnikası vardımı, yaxud biznesdən başı açılırdımı, vaxtı olurdumu ki, baxıb görsün Hidayət Orucov komitədə nə ilə məşğul olur? Onun məşğul olduğu iş məlum idi: “İrşad”ı tikirdi, biznes qururdu və ilaxır. Bu, absurd şeydir, onun başı belə işlərə qarışmışdı.

- Siz özünüz necə, o illərdə haradasa hotel tikintisi, yaxud bizneslə məşğul olmağı düşünmədiniz ki?

- Yox, o işlər mənlik deyil. Mənim fəaliyyətim, təfəkkürüm... Amma mənim təmiz bizneslə məşğul olan insanlara münasibətim çox normaldır. Mənim, ümumiyyətlə, hotel yox e, bir balaca köşk tikmək... - o işlər mənlik deyil. Yazıçı, ümumiyyətlə, ziyalı gərək bir Tanrının hüzurunda təmiz olsun, bir də öz vicdanının. Mən yazıçıyam, siyasətçiyəm, diplomatam, necə gedib o işlərlə məşğul ola bilərəm? Mən gənclik illərindən məsul vəzifələrdə olmuşam, amma heç vaxt biznes barədə düşünməmişəm.

- Bildiyimizə görə, küsülü deyilsiniz, eləmi?

- Mən heç onu görməmişəm.

- Vəzifəyə təyinat alanda da görmədiniz?

- Yox, onda da görmədim. Mən çox nadir hallarda istirahətə gedirəm. Amma o il istirahətə getmişdim, cənab Prezidentin xeyir-duası ilə. Ailə ilə Şimali Qafqazda dincəlirdim. Mən orada olanda onu işdən çıxartdılar. 20-25 gün sonra məzuniyyətdən qayıtdım. Cənab Prezident məni dəvət elədi, bu barədə göstəriş verdi. Onunla (Rafiq Əliyevlə-red.) da üz-üzə gəlmədik. Mən komitədə fəaliyyətə başlayandan 2-3 gün sonra təbrik etmək üçün zəng elədi. Təbrik elədi, mən də dedim ki, məni işə saldınız. O da güldü. Hər halda, oradakı vəziyyəti bilirdi. Sonrakı vaxtlarda mənim onunla nə telefon əlaqəm, nə görüşüm olub. Özü də bunda kinə, qərəzə bax! Dövlət Komitəsinin qurulması illərində, yəni 2006-cı ildən 2012-ci ilədək o proseslər ki, orada getdi, o uğurları həzm edə bilməməsinə bax! Mən 12 il bundan qabaq komitədən getmişəm, o özü isə 17 il qabaq gedib, hələ də bu məsələləri həzm eləyə bilmir.

- Təəssüf ki, münasibətlər bu həddədir... Həm də yaş o yaş deyil axı...

- Onun özü anlamalı və təəssüflənməliydi. Bundan əlavə də, bilirsiniz, bəlkə də mən yenə də bu məsələyə münasibət bildirməzdim. Çünki heç vaxt onun səviyyəsinə özümü endirməzdim. Amma bu, fəallıq edir, “Dövlət Komitəsinin sədri dini bilən olmalıdır”, nə bilim, nəyi bilən olmalıdır. Bir az sonra deyir ərəb dilini bilən olmalıdır. Xahiş edirəm, bu yeri də verəsiniz, mənim ümumi müşahidələrimə görə, Dövlət Komitəsində indi çox maraqlı kollektiv var. O vaxt mən təyin elədiyim adamların hamısı orada işləyir. Bəzən onlar mənə rast gəlirlər, bayramlarda təbrik edirlər. Onlar unutmurlar, deyirlər ki, siz o vaxt bizi gətirdiniz. Mən adlar çəkmirəm...

- Hazırda komitə sədrinin səlahiyyətlərini Səyyad Aran icra edir. Onu necə xarakterizə edərdiniz?

- Səyyad Aran məndən sonra gəldi. Səyyad Aranı mən çoxdan tanıyıram, yaxşı münasibətlərimiz var.

- Ola bilərmi növbəti sədr elə o olsun?

- Yox, o məsələ barədə fikir söyləmək mənlik deyil. Belə məsələlər yalnız cənab Prezidentin müstəsna səlahiyyətindədir. Sonra Ulu öndər də, cənab Prezident də bu məsələyə xüsusi diqqət yetirib. Mən 10 il Ulu öndərin rəhbərliyi altında işlədim, onu hiss elədim, duydum. O vaxt hələ Dövlət Komitəsi yox idi, din mənim kurasiyamda idi. Həmin illərdə Nazirlər Kabinetinin yanında bir idarə var idi. Ulu öndər çox böyük işlər gördü. Cənab Prezidentlə də əvvəlcə dövlət müşaviri olaraq işlədim, sonra da 6 il Dövlət Komitəsinin sədri kimi işlədim. Çox gərəkli qərarlar oldu, qanunlarda dəyişikliklər edildi, mən bilirəm ki, cənab Prezidentin təşəbbüsü, onun xeyir-duası ilə olmuşdu. Yenə deyirəm, orada maraqlı, gözəl kollektiv var. Mən təyin etdiyim adamlar hamısı işləyir, bəzilərinə yüksək vəzifələr veriblər, bəzilərini daha yuxarı aparıblar. Açığı, mən bilmirəm indi Dövlət Komitəsinin sədri məsələsi mətbuatda niyə hallanır? Bu məsələ aydın deyil. İkincisi də bu nə məsələdir ortaya salıblar ki, komitə sədri dini bilməlidir? Bəlkə Rafiq Əliyev özü təzədən guya dini bilən kimi gəlmək istəyir. Ümumiyyətlə, Rafiq Əliyevin hansı ilahiyyat təhsili var? Deyir mən dini bilirəm, ərəb dilini bilirəm. Ərəb dilinin dini bilməklə nə əlaqəsi var?

- Siz də bir neçə dil bilirsiniz, elə deyilmi? Tərcümələriniz kifayət qədərdir...

- Əlbəttə, dillər bilirəm. Şekspirdən başlamış tərcümələrim... Mənim 10 cildliyim hələ on il bundan qabaq çap olunub. Onun iki cildi mənim tərcümələrimdir. Əsasən rus dilindən. Başqa dillərdən də mənim çox tərcümələrim olub. Amma söhbət dildən getmir. Bu, nə məsələdir ortaya atıblar? Son vaxtlar bu barədə çox yazırlar. Bəlkə hansısa namizəd var. Ya bəlkə Rafiq Əliyev özüdür, ya bir başqası... O, bunun əvəzinə düşünməlidir ki, Dövlət Komitəsindən nə üçün çıxarıldı? Rafiq Əliyev bunu bilmir, çünki dövlət qulluğunda gördüyü vəzifə Dövlət Komitəsində 5 il işləməsidir. Amma mən gəncliyimdən nomenklatur vəzifələrdə olmuşam. Üstəlik, 30 il siyasi və diplomatik vəzifələrdə çalışmışam, özü də yüksək səviyyələrdə. Dövlət müşaviri, Dövlət Komitəsinin sədri işləmişəm, fövqəladə və səlahiyyətli səfir olmuşam. Bunu yalnız Prezident müəyyənləşdirir. Prezident ora sədr təyin edəndə özü hər şeyi nəzərə alır. Yəni onun səviyyəsini, dövlətə münasibətini, sədaqətini, dövlət siyasətini nəzərə alır və təyin edir.   

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR