İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata Abdullayevə azadlıq!

“Həyasızın üzünə tüpürdülər, dedi, yaz yağışıdır”
(əsl ata sözü)

Ünlü videobloqqer Ata Abdullayev neçə gündür zindanda çürüyür, lakin nə “Sərhədsiz reportyorlar” təşkilatı, nə Avropa Şurası bir cupbulu etiraz bəyanatı verməyibdir. Bu da onların ikili standartla çalışdığını göstərir. Mən zarafat eləmirəm. Adam sırf, hətta deyərdim zır siyasi məhbusdur. Gəlin onun azadlığı üçün dəyərli ziyalılarımızdan imza toplayaq. Bəyəm o kimdən əskikdir? Bəlkə hansısa deputata qulbeçəlik edən və indi nəyəsə görə özünü yandırıb türməyə düşən həmkarından? Yalan-palandan, böhtan-iftiradan özgə cızmaqara etməmiş onlarla “zurnalist” sadalayaram ki, bizim cəmiyyət, müxalifət, ziyalı-miyalılar, beynəlxalq dairələr həmin tiplərin azadlığı üçün əlli müraciət eləyiblər.

Buyurun, birini də Abdullayev üçün edin. Çünki onun həbsi sırf Bibliya əhvalatıdır. Bunu, maşallah, bizdə hamı əzbər bilir: bir gün İsa peyğəmbər küçədə gedəndə görür camaat yığışıb, fahişəni daşqalaq eləməyə hazırlaşır. İsa müəllim də qənbərin birini əlinə alır, deyir, ey insanlar, sizin hamınızı İsa Qəmbərin Milli Strateji Düşüncə Mərkəzində düşünməyə çağırırıam... Yox, belə olmur, deyir kimin günahı yoxdursa, ilk daşı o atsın. Camaat dağılıb gedir, çün, hər kəsin nəsə zibil işi varmış. Bu məqamda şair də böyürdən əlində saz ilə çıxır, aləti sinəsinə basıb bəyan edir: “Hamı günahkardır dünyada amma, Dünyada bir Anarın günahı yoxdur”.

Sözümü müxtəsər eləsəm, bu Abdullayevi kim üfürüb şisirtmişdi? Təbii, hökumətin özü. Bir vaxtlar bu axmaq, mənasız tip müxalifətin etiraz aksiyalarını dağıtmaqda istifadə edilərdi. Mülki geyimli tülkü şəklində. Görürdün camaat harasa toplaşıb, polis onlardan dağılışmağı tələb edir, kimlərisə tutub aparırlar və aparanlardan biri... Ata Abdullayevdir. Hələ imkan eləyib sürüdülən adamlara bir-iki təpikdən, yumruqdan vurardı. Soruşan yox idi, axı bu kimdir, nə üçün dövlətin funksiyalarını (həddini aşmış şəkildə olsa da) mənimsəyibdir. Ritorik yazdım, əlbəttə, soruşan vardı, jurnalistlər araşdırmışdılar, məlum olmuşdu Abdullayev “28 may” tərəflərdə internet-klub işlədir. Belə çıxırdı asudə vaxtlarında da hüquq-mühafizə orqanı olur. Nəsə, ay ötdü, il dolandı, Abdullayevi bu dəfə jurnalistə çevirmək qərarına gəldilər. Özü də lap belə bər-bəzəklisindən. Bir növ, Səyavuş Novruzovun media aləmində obrazıydı: sinəsində, pencəyində yarlıkdan, nişan-mişandan yer olmurdu. Az qala şalvarının balağınacan “Videobloqqer”, “Pressa”, “beynəlxalq ictimai-siyasi-hüquqi jurnalist”-filan yazıb yapışdırmışdı. Məhkəmələrdə hakimdən və prokurordan bərk qışqırır, hökumətin basmaqəlib, xalaxətrinqalmasın üslubunda keçirdiyi brifinqlərdə, yolüstü, qəbirüstü, ziyarətqırağı mətbuat konfranslarında (bunlar bizdə hökumətin şəffaflığının əsas istiqamətləridir) Ata Abdullayev fenomeni yaşanırdı. Yalnız qalstuk, tuman, diktofon və mikrofondan ibarət, müstəqilliyi sıfırdan aşağı jurnalistlərimiz əlacsız şəkildə, yazıq-yazıq məmura “başqa nə deyə bilərsiniz” anti-sualını verəndə Abdullayev dadımıza yetişir, gur-gur guruldayırdı. Düzdür, onun sualları “Allah sizdən razı olsun, hökumətimiz bizi düşünür”dən artıq olmazdı, ancaq başqa nəyə ümid edə bilərdik? Atadan danışırıqsa, mütləq atalar sözü ilə fikrimizi qüvvətləndirməliyik: “Pişik olmayanda, siçan ova çıxar”. Başqa variantı da var: “At olmayanda, eşşək də özünə görə atdır”.

Son dövrlər isə Abdullayevin sırtıqlığı bütün sərhədləri aşmışdı. Artıq milli təhlükəsizlik məsələsinə çevrilmişdi (bəlkə onu məlum orqanların tutması buna işarədir). Restoranlara, şəxsi mülklərə soxulur, “baxın, əziz tamaşaçılar, bunlar karantində tort yeyirlər” deyərək öz kamera və mikrofonunu lazım gələn və gəlməyən hər yerə dürtürdü. Görünür bu kimi hallar artıq kimlərinsə səbrini daşdırıb, “ünlü videobloqqeri” cəzalandırmaq qərarı alınıb. Mavr işini görüb, mavr gedə bilər.

Hərçənd, mən bu görkəmli, istedadlı, milli şəxsiyyəti (zarafat eləmirəm) dəfn eləməyə tələsənlərə azacıq səbir etməyi məsləhət görərdim. Ondakı həyasızlıq potensialı bu cür sürətlə bitə bilməz.

Məsələn, bir gün görəcəksiniz, türmədən çıxdı gəldi və insan hüquqları üzrə komitə qayırdı.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022