Papaqdan, necə deyərlər, təzə qafiyə çıxıb. Ancaq yox, mövzumuza məna baxımından daha çox “kəndə kinoçəkənlər gəlib, davalı kino olacaq” metaforası uyğun gəlir. Və həmişəki kimi, yenə dava sənət, yaradıcılıq, bədiilik, zövq, səviyyə kimi mövzular üstündə deyil, pul üstündə düşübdür. Kino İttifaqı dövlətin kinoya ayırdığı pulun qəribə şəkildə gizlədildiyini, xərclənmədiyini söyləyir, Kino Agentliyi isə deyir, elə şey yoxdur, bu dəqiqə azı 3 kinoya pul axıdırıq.
Bir məşhur aforizm var: “İnsanlar üç halda daha çox yalan danışırlar - seçkidən əvvəl, ovda və müharibədən sonra”. Tərslikdən, bunun üçü də bizim vəziyyətimizə uyğundur, ona görə kinoçəkənlərin hansı yalan danışır, hansı düz danışır, müəyyən edə bilmirik. Əslində heç lazım da deyil. Çünki bu dava “O olmasın, bu olsun” kinosunda hambalın 1 abbası istəməyinə oxşayır. Şanlı hökumətimiz neçə illərdir həmin o 1 abbasını kino adamlarına göstərir, ancaq axırda vermir.
Misal üçün, hər il dövlət büdcəsindən bizim milli kinoya cəmi-cümü 5-6 milyon manat pul ayrılır. Halbuki təzəlikcə “Oskar” mükafatı almış Latviya cizgi filmi “Axın”ın büdcəsi elə bu qədər idi. Yəni bizim yeddi (misal üçün) yetim bədii filmə ayırdığımız büdcə bir multikin büdcəsi qədər deyil. Hərçənd heç multikimiz də çəkilmir. Dərd çox, həmdərd yox, rejissor qəvi, aktyor zəbun - şair demişkən...
Yenə bu yaxınlarda Londonda məhkəmə həmyerlimiz, Beynəlxalq Bankın əski müdiri Cahangir müəllimin zövcəsi Zamirə xalanın qolf klubu və malikanəsini satışa çıxardı. Orada belə qanun vardır, Londonda əmlak alanda mənbəyini göstərməlisən. Əgər oğurluqdursa, qapazlayıb alırlar. Ancaq qəribədir ki, oğurlanan yerə qaytarmırlar. Yəni bizə. Bu ingilislər qazanmağın yaxşı üsulunu tapıblar, vallah. Nəsə. Zamirə xaladan əldə edilən vəsait 20 milyon funt sterlinqə yaxın idi. Toplasan, 6-7 il kino çəkməyə bəs edərdi. Buyur. Əri döyən arvadı, it də tutdu bir yandan.
Milli sərvətlərimiz orada-burada beləcə çax-çux edilir, biz isə qəpik-quruş üstündə qırışırıq. Məsələn, bu yaxında bir mövzunun da tozunu silmişdilər, sən demə, haçansa dövlət “Dədə Qorqud” serialı çəkmək üçün 1 milyon manat ayırıb, lakin o pul hara gedib, bilən yoxdur. Ssenariçi əkişdirib, yoxsa rejissor, ya Şöklü Məlik dəstəsi ilə “Azərbaycanfilm”i basıb, yağmalayıb, sirri-xudadır. Şükür, heç olmazsa qırx incəbelli qız yerində cağbacağ durur. Toylara, xınayaxdılara, efirlərə çıxırlar, sənəti ölməyə qoymurlar.
Yaxşı yadıma düşdü, QHT-lər üzrə dövlət agentliyinin mətbuat katibi də ötən günlərdə gözəl bir müsahibə vermişdi, deyir, bizə layihə göndərənlərin içində çoxlu mənasız sənədli film ssenariləri olur. Beş-on nəfəri stulda otuzdurub, zəvzədirlər, məsəl üçün, Zəngəzur dəhlizi haqqında guya sənədli kino qayırırlar. Maşallah, müstəqillik dövrümüzdə “sənədli” kinomuz bu cür zir-zibillə doludur. Yarısı patriotizm temasındadır, yarısı da guya kiminsə portretidir. Sovet TV-si üslubunda çəkilən bu karikatur sənədli filmlərə baxanda adamın qusmağı gəlir - ən yaxşı halda.
Patriot demişkən... Təzəlikcə bir gülməli hadisə də oldu kino aləmimizdə: Kino Agentliyi nəzdində ekspert şurası qayırdılar. Guya oradakı yoldaşlar filmlərə baxıb qiymət verməlidir. Hansını harada, kimə, saat neçədə göstərmək olar və sairə - belə başa düşdüm. Tragikomediya isə o idi ki, həmin ekspertlərdən biri özü də rejissordur və 90-cı illərdə çəkdiyi Qarabağ temalı filmi heç kim ekranda göstərmir, çünki filmdə erməni və azərbaycanlı əsgər saxta şəkildə qardaşlaşırdılar. (Bircə Zeynəb xanımın məşhur saundtreki çatışmırdı: “Kür, Araz, Ararat” və s. - ardını özünüz bilirsiniz).
Bayaqkı söhbətə qayıtsam, Dədə Qorqud serialını Vaqif Mustafayevə vermək lazım idi. O, bunu əla çəkərdi. Məsəl üçün, 1 milyon manat itir, Dədə Qorqud pulu axtarır, pul Dəli Domrulun körpü tikintisindən çıxır və sairə.
Niyə də çəkməsin? Guya “Dədə Qorqudu kim görüb ki”?