Neft Fondumuz gəlir-çıxarı haqda məlumatları indən belə rüblük açıqlayacaqdır. Sən demə bu xəbərlər indiyədək gündəlik, hətta saatbasaat açıqlanırmış. Neft-qaz sənayemizdəki şəffaflığa, təmizliyə, dürüstlüyə kim şübhə edər ki? Ağzımız əyilər, gedər durar Kürdəxanıda.
Şəxsən mən fonddan olduqca razıyam. Etiraz etmirəm, qoy mənim neft gəlirlərimi rüblük bildirsinlər. Ermənistanda, yeri gəlmişkən, heç neft gəlirləri kökündən yoxdur. Bizə yaradılan bu şərait üçün hökumətə minnətdarıq. Yay gəlsin, inşallah, hovuza su da buraxacaqlar.
Sözgəlişi, keçən ilin yayına olan rəsmi məlumata görə yarandığı vaxtdan bizim Neft Fondumuzda 202 milyard dollar toplanıbmış. Ancaq keçən yay o pulun “kassada” qalanı 58 milyard dollar idi. Qalan 144 milyard dollar hardadır? Ay sağ olasınız: bizim cibimizdə!
Şəxsən mən neçə illərdir Neft Fondundan aldığım faizləri xərcləyirəm. Ona görə də kartofun kilosu 1 manat 50 qəpiyə yox, lap 15 manata olsun, vecimə almıram. Bu arada Norveçin oxşar neft fondunda 1 trilyon 200 milyard dollar vəsait yığılıbdır. Bədbəxt ölkədir. Vermirlər camaat xərcləsin. Yazıq Halland bunun əlindən İngiltərəyə qaçıb orda top qovur. Osloda yaşamaq çox çətindir. Bəzən gecə də düşmür. Meşəyə gedirsən, orda da vəhşi heyvan yoxdur. Nəsə, Norveçin dərdi bizə qalmayıb...
Dünən bir maraqlı iqtisadi rəqəmə də rast gəldim, yazmışdılar ki, şəkər xəstələrimizin sayı azalıbdır. 2023-cü ildə xəstəxanalarda qeydiyyatda olan şəkər xəstəsi sayı 385 min nəfər imiş, 2024-ün axırına bunlardan 322 min nəfəri qalmışdır. 63 min şəkərli yoxa çıxıbdır. Elə qəzet də bu cür başlıq qoymuşdu: “Filan qədər şəkər xəstəsi yoxa çıxıb”.
Bəs bu adamlar hara gediblər? Azərbaycandakı şirin-şəkər həyatdan bezib dadsız-duzsuz, dietik ölkələrəmi köçmüşlər? Yoxsa YAP-ın rəhbərliyi altında dinc kommunizm quruculuğu yolunda iri addımlar atmaqdan yorulub ömürlərinin yerdə qalan hissəsini səhiyyə xidmətlərimizə bağışlayıblar?
Burada sosial müdafiə nazirliyinin əlillik vəsiqələrini qılıncdan keçirmək tədbirlərinin də təsiri mümkündür, axı xeyli adam da şəkər xəstəsi adıyla əlillik təqaüdü alırdı. Mən pis fikirə düşmək istəmirəm, ona görə şəkərli xəstələrin qeyb olmasını daha çox “sobesin” hücumları ilə əlaqələndirirəm.
Hətta ola bilər burda hansısa mistik-dini köklər vardır – adamlar könüllü qeybə çəkilir. Ancaq insanların inancına qarışmayaq. Xüsusilə son çağlar bu inancda artım hiss edilir, hətta yol polisi dözülməz tıxacları xalqın birdən, elliklə iftara çıxması ilə bağladı. Yeri gəlmişkən, qoy mollalar, din xadimləri pərvanə olub hökumətin başına dolansınlar, çünki bu iqtisadi siyasət davam etdikcə əlini göyə qaldırıb o biri dünyaya ümid edənlərin sayı həndəsi silsilə ilə artır. Bu dünyanın nemətlərindən əlimizi üzmüşük, barı o tərəfdə mer-meyvə yeyərik.
Bəzən də uca millətimiz əsas mövzunu qoyub böyür-başını döyəcləyir. Tipik örnəyini yazacam.
Hər il 8 mart münasibətiylə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəmiz qış yuxusundan oyanır, qadınlar haqda danışır. Buna da şükür. İldə bir dəfə də danışmasalar, nə edəcəyik guya? “Məhsul” stadionu belə qalmayıb. Bu il komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova maraqlı açıqlamaları ilə gündəm yaratdı. Ancaq bütün media və cəmiyyət onun bir cümləsindən sallaşdı: “Boşanmaların 70 faizi qadınların təşəbbüsü ilə olur”muş. Halbuki, İbrahimova qorxunc və dəhşətli rəqəmlər səsləndirmişdi. Sitat: “Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiya ilə doğulanlarda isə 86 faiz artım var”.
Tutaq ki, talassemiya qohum evliliyinə bağlıdır, bəs anemiya? Niyə ana və uşaqlarımız qan azlığından əziyyət çəkir, normal böyüyə bilmir? Bəlkə bunun səbəbi kilosu 20 manata çıxan ətdir? Niyə norveçli uşaqlarda anemiya yoxdur? Bu barədə bir nəfər də danışmadı.