İnsanlara hürriyət, millətlərə istiqlal!

YEVLAĞIN İCRA BAŞÇISI ONDAN ŞİKAYƏT EDƏN SAHİBKARLARI DÖYDÜRÜR

4220 14.02.2013 09:51 Ölkə A A
Dövlət başçısı bu olaylara görə birmənalı şəkildə məmurları suçladı. Dedi ki, icra başçılarının sahibkarları incitməsindən, işlədib pullarını verməməsindən, onlardan qeyri-qanuni pul toplanmasından məlumatlıdır. Prezident çıxışında bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini də bildirdi: “Burda oturan bütün icra başçılarını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Çünki etimadımı doğrultmayıblar. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxır. Onları saymır, onları təhqir edir, qudurğanlıq edirlər”.
Ölkə başçısı məmurlardan regionlarda sahibkarlığın inkişafına maneçiliyin aradan qaldırılmasını da tələb edib: “Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Amma bəzi hallarda onları məcbur edirlər. Onlar böyük həcmdə xərc çəkir. Sonra da pullarını vermirlər. Belə olmaz! Əgər onlar fikirləşirlərsə ki, mənə bu məlumat çatmır, səhv edirlər. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər ki, sahibkarları incidənlər cəzalandırılacaq”.
Prezident konkret məmur adı çəkmədi. Amma əgər ad çəksəydi, yəqin ki, Yevlağın icra başçısı Qoca Səmədovun adı da ilk “10-luq”da olardı. Elmar Vəliyev Gəncəyə icra başçısı təyin ediləndən sonra onun yerinə Q.Səmədov təyin edilib. Bundan sonra rayonda sahibkarların vəziyyəti daha da ağırlaşıb. Yeni başçı söküntü işlərinə start verib. E.Vəliyevin dövründə inşa edilən tikililər, sosial obyektlər, dayanacaqlar sökülməyə və yerlərində ticarət obyektləri tikilməyə başlanıb.
Son günlər isə Yevlaxda bu sahədə daha dözülməz vəziyyət yaranıb. İcra başçısı yerli sahibkarlara şiddətlə divan tutmağa başlayıb. Bu barədə “Yeni Müsavat”a rayondakı mənbələrimiz məlumat verib. Onların sözlərinə görə, sökülən obyektlərin altındakı torpaqlar icra başçısının yaxın ətrafına daxil olan şəxslərin adına sənədləşdirilir. Bundan başqa, Yevlax bulvarının və küçələrinin yenidən qurulması adı ilə sahibkardan hər ay zorla xərac yığılır. Pulu icra başçının köməkçisi Zahid Qarayev yığır. Bu hərəkətlərə etiraz edən iş adamları həbs olunacaqları ilə hədələnir. Q.Səmədovun qanunsuz əməllərindən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub yazanlar isə cəzalandırılır.
Yevlaxdan olan iş adamları deyir ki, rayonun mərkəzində gedən proses Yevlağın ən böyük kəndlərində də davam etdirilir. Xaldanda yol kənarındakı obyekt sahiblərindən də zorla xərac toplanır, pulu verməyənlərə zor tətbiq olunur, başçıdan şikayət edənlər onun göstərişi ilə döyülür. Polis və prokurorluq orqanlarına şikayət edən sahibkarların şikayətləri rəsmiləşdirilmir. Sahibkarlara icra başçısının onun adamlarından olan şikayətlərin rəsmiləşdirlməməsini tapşırıldığı deyilir.
Qaynağımız bildirib ki, Xaldan yolunun kənarındakı mağazaların əksəriyyəti icra başçısının özünə məxsusdur. Bu səbəbdən digər sahibkarların obyektlərinə, “rəqib” mağazalara tez-tez vergi yoxlamaları göndərilir. Yersiz müdaxilələrdən bezən sahibkarların bir çoxu obyektlərini dəyər-dəyməzinə Q.Səmədovun adamlarına satıb rayonu tərk edirlər.
Mənbəmiz deyir ki, prezidentin son müşavirədə söylədiyi fikirlərdən sonra sahibkarlar bir qədər ümidləniblər. Onlar Q.Səmədovun obyektlərinin siyahısını hazırlayıb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriblər.
P.S. Yazıda səslənən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR