İnsanlara hürriyət, millətlərə istiqlal!

Zöhrab Mnatsakanyanla danışaqmı?

1746 21.05.2018 08:30 Yazarlar A A

Nikol Paşinyanın ardınca Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəldi. Ardınca Ermənistanın yeni müdafiə naziri Davit Tonoyan torpaqlarımızda peyda oldu, 5 gün davam edən birgə “Ermənistan-Artsax” (!) hərbi təlimlərinin yekunlarının müzakirəsinə qatıldı. Əslində erməni generallarının toplaşdığı o salona bircə dron bəs edərdi...

Ancaq bəlkə də Paşinyanı gətirən vertolyot hədəfə alınsaydı, nə Zöhrab Qarabağa gəlməyə cəsarət edərdi, nə də Davit. Təəssüf doğuran budur ki, bu aralar bizim xarici siyasət idarəmiz də gərəkəni etmədi, ənənəvi bəyanatlardan kənara çıxmadı. Xüsusilə də cənab nazir Elmar Məmmədyarovun “danışıqlara hazırıq” bəyanatı etiraz doğurdu. Azərbaycan prezidenti işğalçı ölkəyə və havadarlarına İrəvan və Zəngəzur xəbərdarlığı edir, Naxçıvandakı uzaqmənzilli raketləri xatırladıb düşməni ağıllı olmağa çağırır, nazirimizsə... Ölkənin birinci şəxsi işğalçıya savaş xəbərdarlığı edərkən “danışıqlara hazırıq” bəyanatının səsləndirilməsi qəbulolunmazdır. Özü də Paşinyanın başından böyük danışmasından sonra...

Rəsmi Bakı Ermənistan rəhbərliyini danışıqlara vadar etməlidir, beynəlxalq səviyyədə basqıları ilə, düşmənin təxribatçı hərəkətlərinə kəskin və operativ reaksiyaları ilə. Əks təqdirdə paşinyanların hakimiyyətdə olduğu dönəmdə də əvvəlkindən fərqli heç nəyə nail ola bilməyəcəyik Qarabağla bağlı.

Çox həssas bir mərhələyə adlamışıq. Dünənə qədər bəlkə də zaman bizim xeyrimizə işləyirdi. Amma indi bunu deyə bilmərik. Ermənistan əhalisinin 2050-ci ildə 300 min yox e, lap 1 milyon azalmasının da Qarabağ məsələsinə heç bir isti-soyuğu olmayacaq. Reallıq budur ki, məsələ ermənilik deyil, onu idarə edən güclər var. Qarabağ məsələsində eyni mövqeni paylaşan güclər.

Moskvanın Bakıya cavabını oxuduq. Rusiyalı diplomat Aleksey Pavlovskinin Qarabağ separatçıları ilə görüşünə bəraət qazandırdılar. Təbii ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Lavrovun rəhbərlik etdiyi qurumun nümayəndəsindən başqa mövqe gözləmirdik. Amma bu cavaba sərt təpki vermək hüququmuz varkən susmağımız separatçıların əl-qolunu açacaq. Qarabağ separatçıları ilə görüşləri adi hala çevirən Rusiya hökuməti 1 milyondan çox azərbaycanlını öz ətrafında birləşdirən diaspor təşkilatımızı qeydiyyata almır. Münasibət ortada. 

Digər həmsədr ABŞ-in münasibəti də bəllidir. Baş nazir seçiləndən 12 saat sonra qanunsuz olaraq Qarabağa gələn Paşinyana təbrik yolladı prezident Tramp. Üstəlik, ABŞ Konqresində Ermənistana yardımın artırılması müzakirə mövzusudur.

Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfərini və Konqresin inzibati binasında tədbir keçirməsini də unutmamışıq. Həm Moskva, həm də Vaşinqton davamlı şəkildə erməni separatçılarının “tərəf” kimi masaya qaytarılmasına çalışır. Paşinyanı danışdıran da onlardır.

Avropa Şurasında Azərbaycana qarşı hücum kampaniyası təsadüfə bənzəmir. Bu, Səməd Seyidovun məsələsi də deyil. Azərbaycanı Avropa qurumlarından uzaqlaşdırmağa çalışırlar. Xocalı qatillərinə alternativsiz söz demək imkanı yaratmaq üçün. Fələstin məsələsini “həll edən” dairələr indi də Qarabağla bağlı hərəkətə keçiblər. 100 il əvvəl Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakını aylarla əngəlləyən, erməniləri isə ağuşuna alan dairələrin varislərinin siyasəti dəyişməyib. Onda Ermənistanın yaradılmasına dəstək oldular, indi də ikinci erməni dövlətini qurmaq istəyirlər.

Bu durumda ermənilər çevik manevrlər edir, Rusiyanın dalanda olduğu şəraitdə “qərbyönümlü” görüntüsü yaradılır, Avropa İttifaqı ilə saziş imzalayıb əlavə yardımlar qoparır, Qərb təhsili almış kadrlar vəzifələrə təyin edirlər. Belə bir durumda bizim sadəcə “Ermənistanla danışıqlara hazırıq” mövqeyindən çıxış etməyimiz yaxşı heç nə vəd etmir. Bu gün danılması zəruri olan ünvanlar başqadır. Avropa, Amerika, lap elə Rusiya ilə açıq danışmaq zamanıdır. İndi danışmağa gərək olmayan tək subyekt Ermənistandır. Ermənistanın xarici işlər naziri (!) Qarabağdan bizi hədələyirsə, daha onunla nə danışasan, niyə danışasan?! Qarabağa getmək haqqı cənab Elmar Məmmədyarovundur, hər bir Azərbaycan vətəndaşı kimi. Bizim nazir beynəlxalq qurumlardan bu haqqın bərpasını tələb etməlidir. Uzaqvuran raketlərimiz varkən “uzaqvuran diplomatiya”ya malik olmalıyıq...

P.S. Yazı çapa hazırlanarkən Naxçıvanda bir hərbçimizin şəhid olduğu xəbəri gəldi. İki gün əvvəl Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan istiqamətinə getmişdilər. Belələri ilə yalnız silah danışmalıdır. Allah şəhidimizə rəhmət eləsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR