İnsanlara hürriyət, millətlərə istiqlal!

Yoqa təlimçisi: “Soyuq havada dənizə girməyin bir mexanizmi var, o da... “ – Reportaj, fotolar

1723 15.12.2018 12:05 Son xəbər A A

Yoqa günümüzə qədər gəlib çatan ən güclü mistik cərəyanlardan biri hesab olunur. Sevindirici haldır ki, artıq Azərbaycanda da yoqa təlimi ilə məşğul olmaq istəyənlərin sayı durmadan artmaqdadır. Əvvəllər daha çox məşhurların, tanınmışların bu təlimə böyük maraq göstərdiyinin şahidi olurduqsa, hazırda adi vətəndaşlar, yaşlılar, evdar xanımlar, hətta uşaqlar da həvəs göstərməyə başlayıb. Səbəb isə budur ki, yoqa insanda özünə inam, fiziki sağlamlıq yaradır, əsəbdən, gərginlikdən azad edir. Bu xüsusiyyətinə görə bəzən yoqanı insanın qurtuluşunu ruhun təkamülündə görən qədim fəlsəfi sistem adlandırırlar.
Beləliklə, yoqa təlimi ilə yaxından tanış olmaq üçün təlimçi Səid İsmayılzadənin dərsində olduq. Geniş, işıqlı, sakitlik bəxş edən ab-havalı otaqda, təbiəti xatırladan həzin melodiyanın sədaları altında təlimçi ilə birlikdə biz də xatxa növündəki hərəkətləri təkrarlamağa çalışdıq. Əl-ayaq barmaqlarına qədər bütün əzalarımızı hərəkətə gətirərək, bədənimizi tanımağa, düzgün nəfəs almağa çalışırıq.

Yoqada düzgün nəfəs almaq əsas şərtdir. Havanın burnumuzdan və ağzımızdan necə keçdiyini, ciyərlərimizə necə dolub-boşaldığını, bədənimizdə gedən prosesləri hiss edirik. Sonradan öyrəndik ki, bu cür təlim daxili orqanları möhkəmləndirir, onları daha da sağlam edir.

Təlimin sonunda gözlərimizi yumur, təlimçinin pozitiv, xoş sözlərini təkrarlayır, təbiətə bizə verdiyi Günəş, istilik, hava üçün təşəkkür edirik. Bu insanda bir rahatlıq, özünə inam yaradır.

Nəhayət, təlimçi ilə söhbətə başlayırıq. S.İsmayılzadənin sözlərinə görə ümumiyyətlə yoqanın məqsədi ağıl, bədən və ruh sistemini balabslaşdırmaq, onları bir araya gətirməkdir:
“Əgər ağlımız narahatdırsa, bədənimizi idarə edə bilmərik. Həmçinin bədənimiz narahat olarsa, ağlımızda da narahatlıqlar baş verər. Beləliklə, yoqanın məğzi ağlımızı, fikirlərimizi rahat hala gətirməkdir.

Artıq 7 ildir ki, bu təlimlərlə məşğulam. Təlimlər həm insanın özünə, həm də ətrafına qarşı münasibəti dəyişir. Eyni zamanda insanın öz həyatına, arzularına, vaxtına olan münasibəti dəyişir. Beləliklə yoqa emosiyaları idarə etmək üçün çox yaxşı vasitədir. Hirsi, paxıl emosiyalarını Yoqa ilə məşğul olub aradan qaldırmaq olur. Əgər sən əvvəllər hansısa hadisəyə müəyyən bir reaksiya verirdinsə, təlimlərdən sonra artıq məsələyə münasibətin dəyişir. Diqqət etsək görərik ki, dünyada ən uğurlu şəxslər yoqa və yaxud nəfəs texnikası ilə bağlı təlimlərlə məşğuldur. Çünki bu texnikanı bilmək sağlamlıqdır”.

S.İsmayılzadədən təlimdə göstərdiyi duruşların anlamını soruşduq. O, bildirdi ki, yoqada heyvan adları ilə olan duruşlar “asana” adlanır və onların elmi cəhətdən anlamı var. Məsələn, “Başıaşağı it” kimi məşhur olan poza, daha çox, 18-ci əsr yoqa əlyazmalarında adı keçən, eyni zamanda, Hindistan milli güləşinin tərkib hissəsi olan “Fil pozası”na yaxındır”.
Bu arada xatırladaq ki, soyuq qış mövsümündə tez-tez yoqa təlmçilərinin dənizdə, çayda çimdiklərinin şahidi oluruq.

S.İsmayılzadədən bunun mexanizmini soruşduq. O, qeyd etdi ki, əslində bu məsələdə hansısa mexanizm elə də əsas deyil:
“Yoqa enerjimizi yüksəltmək üçün bir vasitədir. Təlim zamanı bizim bədənimizdə enerji yüksəlişi baş verir. Əgər daimi yoqa ilə məşğul olarıqsa, bu zaman bədənimizdəki enerji də daimi olaraq yüksəlmiş olur. Məsələn, siz diqqət edə bilərsiniz ki, soyuq havada ətrafımızdakılara nisbətən biz daha yüngül paltar geyinirik, bizə soyuq deyil. Şəxsən mən vaxtaşırı tez-tez bu cür soyuq havada dənizə girirəm. Ümumiyyətlə, hər birimizin daxilində istilik mənbəyi, sanki bir Günəş var. Yoqa vasitəsi ilə biz bu mənbəni oyadırıq, enerji bütün bədənimizə yayılır”.

Təlimçidən Hindistan səfərindən, oradakı yoqa təlimlərinin fərqindən söz açmağı xahiş etdik. S.İsmayılzadə Hindistanın bir çox şəhərlərində olduğunu dedi:
“Səfərim zamanı orada Avropadan, Avstraliyadan, digər müxtəlif ölkələrdən təlimçilər gəlmişdi. Sonradan anladım ki, artıq uzun müddətdir ki, təlimçi olmağıma baxmayaraq, bildizklərim hələ cüzidir. Təməl Hindistandadır”.

Təlimçidən daha çox kişilərin ya qadınların yoqaya maraq göstərdiyini soruşduq. S.İsmayılzadə sualımıza bu cür cavab verdi:
“Əsasən qadınlar yoqa təlimlərinə maraq göstərir. Onların bir qrupu arıqlamaq, bir qrupu isə bədənindəki ağrılardan azad olmaq üçün bu təlimə qoşulur. Digərləri isə əzələlərini möhləmləndirməyə çalışır. Eləcə də uşaqlar və yeniyetmələr də artıq yoqaya böyük həvəs göstərməyə başlayıb. Onlar üçün ayrıca yoqa təlimləri var”.

Yoqa təlimləri zamanı səsləndirilən xusisi melodiyalar haqqında da soruşduq. S.İsmayılzadə qeyd etdi ki, yoqa musiqiləri daha çox, ruhla, mənəviyyatla bağlı, hansısa münasibətlərdən bəhs etməyən musiqilərdir:
“Mən özüm yoqa ilə bağlı bir neçə mahnı yazmışam. Ümumiyyətlə isə mahnı yazmağım yoqa ilə məşğul olmağımla bağlı oldu. Təlimlərdən sonra bir neçə mahnılar yazdım. Bir haşiyəyə çıxaraq qeyd edim ki, yoqa ilə məşğul olmaq daxilimizdə olan imkanları üzə çıxarmaq üçün çox yaxşı vasitədir. Məsələn, mən musiqiçiyəm, amma heç vaxt musiqi yazmırdım. Yoqa ilə məşğul olduqdan sonra fikirləşdim ki, yaza bilərəm.

Mahnılarda hər bir alətin öz təsiri var. Xüsusi seçilmiş musiqi insanı bir qədər də rahatlada, təcrübələndirə bilər. Amma bu da individualdır. Yoqa Hindistandan gəldiyindən musiqisində də daha çox hind alətlərindən istifadə edilir. Amma bu şərt deyil. Burda əsas olan ahəngdir. Əgər daxildən hiss etdiyin musiqi ilə ifa olunan musiqi uyğun gəlirsə, bu, çox böyük təsir yarada bilir”.

Qeyd edək ki, bədən dini inanclı müsəlmanlar bu təlimi qəbul etmir, yaxşı qarşılamırlar. Təlimçi bu barədə də danışdı:
“Hər şey birinci dərsdəcə məlum olur. İlk dərsə gəldikdə başa düşürlər ki, bu bədən və beynimiz, rahatlanmaq üçündür. Məsələn, mən Gəncədə də təlimlər keçirəm. Orada inanclı, namaz qılan bir tələbəm var. Təlimlərin birində mənə dedi ki, “yoqa ilə məşğul olduqdan sonra mən namazın məqsədini daha yaxşı anlamağa başladım. Əvvəllər namaz qılanda bəzən fikrim yayınırdı. Amma indi namazı tam anlayaraq qılıram”.

Sonda yoqa təlimi keçən Natella Əliyevanın da fikirlərini öyrəndik. O, qeyd etdi ki, 4-5 ildir ki, yoqa ilə məşğul olur:
“Yoqa təlimlərinin 5 min illik tarixi var. Etdiyimiz aerobrika hərəkətləri elə yoqaya dayanb.

Yoqaya başlamazdan əvvəl sağlamlığında bəzi problemlərim var idi. Lakin hazırda onlardan azad olmuşam. Ümumiyyətlə hər bir şəxs yoqa ilə məşğul olmalıdır, bu onlar üçün vacibdir”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR