İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yoloman” Maşaripovun yolu

2699 18.01.2017 09:10 Yazarlar A A

Tutulmazdan öncə yayılmış şəklinə baxırdın, adam soyuqqanlı bir qatil boylanırdı.
İndi tutulub, tutularkən möhkəmcə döyülüb, amma sifətindəki soyuqqanlı qatil ifadəsi çəkilməyib. 

Söhbət 2017-ci lin ilk gününün ikinci saatında Türkiyədə,İstanbulun mərkəzindəki gecə klubunda dəhşətli qətliam törədərək 39 nəfəri öldürən, 100 civarında adamı yaralayan Abdulqadir Maşaripovdan gedir. 

O, böyük yazıçı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanından tanıdığımız manqurt Yolomanın özüdür. Adı başqa ola bilər, mahiyyətcə o adam Yolomandır, manqurtdur. 
Necə ki düşmənlər Yolomanın daz başına dəvə dərisi sarıyıb, yavaş-yavaş beynini xarab eləmişdilər, eləcə də fanatik terrorçular  Abdulqadirin beynini yavaş-yavaş yuyub xarab edərək manqurta çeviriblər.

Milli kimliyindən xəbərsz bu adam heç özbək türkü olmaya, hətta doğulma-böyümə istanbullu da ola bilərdi, amma beyni zəhərlənməyə məruz qaldığından bu əməli törədəcəkdi. 

O, asanlıqla kamikadze də ola, özünü qurbanları ilə birlikdə partlada da bilərdi. Ancaq ona tapşırılmış rol kütləvi qətl törətməkdən ibarət olub.

Görünür, Maşaripovun döyüşçülük, killerlik qabiliyyəti üstün olub deyə, sonrakı əməliyyatlarda istifadəsinin daha “faydalı” olacağını nəzərə alıblar. Gözünü qırpmdan 140 nəfəri güllələyən soyuqqanlı terrorçu hər saat ələ düşmür.

Kamikadzelər isə bir dəfəlik istifadə üçün  nəzərdə tutulurlar. Onların hərəsi “dünya müsəlmanlarının vahid xilafəti” ideyasının gerçəkləşməsi yoluna yalnız bir dəfə “töhfə” verirlər. 

Onlara baxanda Maşaripov usta qatildir, bacarıqlıdır, ondan dəfələrlə yararlanmaq olardı. 
Gələn xəbərlərdən aydın olur ki, tutulan zaman terrorçunun 4 yaşlı oğlu da yanında olub. Adam nə qədər düşüncəsiz və məsuliyyətsiz ola bilər ki, danışmağı yeni-yeni öyrənən körpə uşağı öz yanında gəzdirsin, təhlükənin içinə atsın. 

Öz doğma balasının arxasında gizlənərək polisə müqavimət göstərən bir manqurt başqa insanlara heç bir mərhəmət göstərə bilməzdi və o, belə də edib: yeni il gecəsi məsum insanları gülləsi qurtarana qədər güllələyib, daha çox insan öldürməyə çalışıb. 

Belə adamlarla tək-tək mübarizə aparmaq effektli olmayacaq. Çünki zəngin ərəb dövlətlərinin maliyyələşdirdiyi terror təşkilatları 50-dən artıq ölkədə Maşaripov kimi adamları müqəddəs yola inandırır, illərlə hazırlayır, təlim keçir, güzəranlarını təmin edir və bir gün hansısa əməliyyata sövq edir.

Manqurta çevrilmiş, borclandırılmış bu adamların geriyə dönüş yolu yoxdur. Onlar sonu faciəvi ölümlə, ən yaxşı halda ömürlük həbslə bitəcək bu əməliyyatdan boyun qaçıra bilməzlər, çünki geridə körpə oğullar-qızlar, gənc qadınlar var və onlar böyük terror təşkilatının yerli hücrələrinin əlində girovdur. 

Bu, dövriyyəsində milyardlarla dolların dolandığı bir dəyirmandır. Dünyanın az qala üçdə birində yeni tipli müharibə aparan bu təşkilatlar silsilə terror aktlarını böyük pullar hesabına hazırlaya, həyata keçirə bilirlər. 

Arxalarında zəngin dövlətlər olmasa, heç bir terror təşkilatı böyük dövlətlərlə vuruşa, onların daxilində bu qədər səs-küylü terror aktları həyata keçirə bilməzlər. 

Ona görə də əsas mübarizə Maşaripov kimi manqurt qatillərə, hətta onları hazırlayan terror təşkilatlarına qarşı aparılmalı deyil, əsas mübarizə terror təşkilatlarını maliyyələşdirən, milyardlarla ölçülən pul vəsaiti və silah-sursatla təmin edən dövlətlərə qarşı aparılmalıdır. 
Onların kimliyini bütün maraqlı dövlətlər bilirlər. Bu barədə başqa ölkələrin müstəqil mediasında da tutarlı, daşdan keçən arqumentlərə və faktlara dayanan yazılar yazılır. Fəqət dünyada belə bir tendensiya var: ABŞ və digər ölkələr eləcə İŞİD, “İslam dövləti” deyib durublar, bu təşkilatı ayrıca götürülmüş, qanunsuz, amma “müstəqil dövlət” kimi qələmə verir, özlərini onunla mübarizə aparırmış kimi göstərirlər.

Ancaq fakt budur ki, sabah İŞİD bir terror təşkilatı kimi sıradan çıxsa da, yerində bir başqası peyda olacaq. Necə ki “Əl-Qaidə”nin əvəzinə meydana İŞİD, bin Ladenin yerinə Bağdadi çıxdı.
Terroru dəstəkləyən, terror vasitəsilə dünya düzənini dəyişdirməyə, nüfuz dairəsini genişləndirməyə nail olacağını düşünən dövlətlər durduqca Maşaripov kimilərin tapılması və əllərinə silah verilməsi həmişə olacaq.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR