İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərin burnunda əməliyyat

4867 22.05.2015 08:08 Yazarlar A A

“Ağa, bir sözümə qulaq as! Mən bu yaxınlıqda ov gəzirdim. Gördüm ki, bir çığırtı gəlir, yalvarır, kömək istəyir. Yüyürdüm yaxına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. Mən bundan başqa bir zad etməmişəm” 
(Mirzə Fətəli Axundov,

“Hekayəti-xırsı-quldurbasan” əsərindən)

Sən demə, yanan binanın, üstəlik, qalan 14 binanın da yanar üzlüklərlə örtülməsi işləri... müqaviləsiz olubdur. Bunu baş prokuror söylədi. Əcəbdir. Sanki penoplast sexinin müdiri yoldan keçirmiş, baxıb Azadlıq prospektindəki binalara, fikirləşib bunları müftə üzləsəm yaxşı olardı. Sonra fəhlələri, materialları yığıb gəlibdir, işi görüb çıxıb gediblər. Müqavilə də buna görə yoxdur. Xeyriyyəçiliyə nə müqavilə? Sağ əlin üzlədiyi binanı gərək sol əl bilməsin. Dinimiz-filan təxminən bu cür deyirmiş. O cümlədən, 16 mərtəbə yananda gərək 9 mərtəbə bilməsin. 

Ya da ola bilsin binaların yanan üzlüklə örtülməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin başçısı, zindana salınan İntiqam Əliyevin əməli olmuşdur. Axı onu da hansısa xarici qrantları müqaviləsiz-filansız yeməkdə suçlayırdılar. Kim bilir, bəlkə də İntiqam müəllim Leyla Yunusla əlbir olaraq prospekti penoplastla üzləyibdir. Rauf Mirqədirov da nərdivanı tuturmuş. 
Bilirsiniz, bunları siz zarafat, qara yumor, kinayə kimi oxuyarsınız, amma bunlar bizim acı həyat gerçəkliyimizdir. Biz ironiya ilə “hər binanın böyrünə bir yanğınsöndürən qoyulsun” yazarıq, amma pəncərədən baxıb görərik ki, doğrudan da binanın tinində qırmızı maşın bərq vurur. Biz kədərlə “yiyəsiz ölkədir, kim nə istəsə eləyir” mızıldanarıq, amma ən yüksək səviyyədə bir gün etiraf olunar ki, doğrudan ölkədə çoxlu yiyəsiz villalar var imiş. Ermənilər, diversantlar, qara qüvvələr, con kerrilər gəlib Bakının qulağının dibində, Şıx çimərliyinə baxan əla mənzərəli yerdə villalar tikibmişlər. Lənətə gəlmişlər. Ağ eləyiblər. Nə yaxşı cənab prezident bunu görüb, villaları uçurub, ədalət yerini tapıb! 
Binaya vurulan üzlük də həmçinin qabaqlar yaxşı imiş, sonradan zayı çıxıb. Bəlkə saxlama müddəti keçib? Yox, əşşi, içinə qatılan sehrli maddəni oğurlayıb satıblar! Penoplasta qatılan o maddə Koka-Kola-nın düsturu kimi bir zad imiş, cəmi 2 nəfər tərkibini bilir, onlardan da biri Miryusifdir, o biri isə Balıq Hafiz. Rəvayətə görə manıs Miri Yusif də bilir, amma demir. Həmin sehrli maddənin tozundan bir çimdik kabinetdə kresloya səpəndə icra hakimi prokurora çevrilə bilirmiş. Polis rəisinin burnu uzanıb Marsa çatırmış. Məktəb direktorları təzə “Prado” alırmış və sairə. 

Bəzən deyirlər ki, xarici ölkələrdə də faciələr olur, fəlakətlərdən insanlar ölür, bizə şükür, qırğın azdır, Danabaş TV demişkən, “faciələrimiz külək kimi əsir, unudun getsin”. Ancaq bu çox uğursuz müqayisədir. 

Məsələ ondadır ki, xaricdə əsasən təbii fəlakətlər olursa Azərbaycanda süni, texnogen, insan amilinə dayanan faciələr olur. Bizim bəxtimiz onda gətirib ki, ölkəmizin çox rahat, unikal dərəcədə insan yaşayışına uyğun təbiəti, iqlimi var. Mülayim qurşaqdayıq, nə sərt qış, nə sərt yay görmərik. Çaylarımız it ilində bir dəfə daşa, ya daşmaya. Dəniz-gölümüz də həmçinin - sunamisi yox, tayfunu-zadı yox. Fağır dənizdir, hasarın içində quzu kimi oturub mələyir. Zəlzələ ocaqlarımız yerin elə dərinliyindədir ki silkələnmə yuxarı çatmır. Meşələrimiz keçəl baş kimi seyrək olduğundan yanğın təhlükəsi azdır. Vulkanımız palçıq şəklində, sürüşmələrimiz də yekəqarın məmurların hərəkət sürəti kimi. O üzdən adam yanıb-tökülür ki, nəyə görə körpə uşaqlar saxta penoplast üzlük gözəlləşdirməsinin qurbanı olmalıdır? Nəyə görə bu qudurğanlıq bu dərəcəyə çatıb? Təbii fəlakətlər də olsa biz nə kökə düşərik? 

Hansısa həkim bir qızın burnunda estetik əməliyyat düz aparmamışdı, qız ölmüşdü. Deyəsən, həkimə buna görə cəza verildi. Amma şəhərin, ölkənin üzərində estetik əməliyyat aparıb insanları kütləvi qıranlar azad dolaşırlar.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR