İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pirr qələbəsi” və 7 həmrəy erməni

2997 31.12.2016 08:20 Yazarlar A A

Köhnə ildən qalma problemlərimizin çoxu yenidən təzə ilə adlayır - bəziləri əfsus ki, həm də daha qəlizləşmiş formada. Onların hamısının başında söz yox ki, Qarabağ dərdimiz gəlir. Amma iş ondadır ki, bu problem avtonom xarakterli deyil və bir sıra daxili və xarici amillərə həssas və çulğalaşmış vəziyyətdədir.

Məsələn, yada salaq ki, Qarabağ problemi ən əvvəl insan haqları problemidir. Ermənilərin bizə qarşı təbliğat savaşında istifadə elədiyi əsas tutarqa nədir? Odur ki, Azərbaycanda insan haqları pozulursa, orada siyasi dustaqlar varsa, o zaman erməni etnik azlığın hüquqları ümumiyyətlə, qoruna bilməz. Bunu təkcə düşmən tərəf iddia etsəydi, boş vermək olardı. Ancaq mötəbər insan haqları təşkilatlarının hesabatları da deyirsə, o zaman dolayısyla işğalçının mövqeyi güclənmiş olur...

Düşmənlə mübarizə əlbəttə ki, təkcə hərb meydanında getmir. Biz hətta bircə həftəyə 5 rayonu işğaldan azad eləməyə hazır olsaq belə, öncə vacibdir ki, qələbənin təbliğati bazasını hazırlayaq, dünyanı buna hazır edək. Yoxsa, “Pirr qələbəsi”nə tuş gələ bilərik. Bu isə uğurlu informasiya-təbliğat savaşı aparmaqdan, ölkə daxilində özümüzdən asılı problemləri təcili yoluna qoymaqdan, Azərbaycanın beynəlxalq imicini yaxşılaşdırmaqdan keçir. 

Bütün bunlar həm də milli vəhdət məsələsidir və hərbi qüdrətimizdən əsla az önəm kəsb eləmir. Çünki istəsək də, istəməsək də, Azərbaycan Avropa ailəsinin tərkib hissəsi sayılır və Qarabağ probleminin həllində bu faktor həmişə öz sözünü deyəcək. Əfsus ki, bu yöndə gecikirik. Halbuki, heç kim mane olmurdu ki, məsələn, Azərbaycan növbəti ilə siyasi məhbus problemi olmadan girsin. 

Yeri gəlmişkən, adətən 31 dekabr Həmrəylik Günü müəyyən sayda məhbus, o cümlədən bir neçə siyasi məhbus azadlığa çıxırdı. Bu il o da olmadı. Demək, ötən illə müqayisədə indi biz daha az həmrəyik - nə qədər şablon səslənsə də.

Halbuki, əksi olmalıdır. Nədəni bəlli: dövlət və millət olaraq biz gerçəkdən, taleyüklü bir ilə qədəm qoyuruq. Söhbət təkcə gözlənilən yeni bahalaşma dalğasından dolayı mümkün ola biləcək ictimai təlatümlərdən və sosial kataklizmlərdən getmir. Həm də Qarabağ məsələsinin olduqca təhlükəli bir fazaya girməsi və müharibə riskinin xeyli artmasından gedir. Bu isə vətəndaş barışını ikiqat-üçqat zəruri edir. 

Sözü ona gətirik ki, müharibə vəziyyətində olan ölkədə milli vəhdətə xələl gətirən amillər ola bilməz. Müharibə vəziyyətində olan ölkədə siyasi məhbus da ola bilməz. Zira, məntiq diktə edir ki, dövlət, millət, hakimiyyət olaraq nifrətimizi yalnız işğalçıya qarşı yönəldək - özümüzə qarşı yox!.. 

Biz nəinki özümüz özümüzə qarşı tolerant olmalıyıq, eyni zamanda bunu həm də Qarabağ naminə başqa etnoslara qarşı etməyi bacarmalıyıq. Nə yaxşı ki, artıq presdent də var və bu, 2016-cə ilin mühüm olaylarından hesab oluna bilər. Sərkisyan rejiminin təqibindın qurtulub xaricə qaçan ermənilərin bir qrupunun - ictimai fəalın noyabrda Bakıya gəlişi və burada onların Bakı Platformasını imzalamasını nəzərdə tuturuq. 

Bəllidir ki, konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan sənədə 7 erməni qoşulub. Saya baxmayın, bu, işğalçıya, onun təbliğat maşınına aprel döyüşləri qədər zərbə vuran ikinci mühüm hadisədir. Hərçənd, Sərkisyanın kriminal rejimi bunun əhəmiyyətini azaltmağa çalışır, ancaq aydındır ki, 22 illik atəşkəs dövründə ilk olan bu hadisə erməni toplumunda Qarabağla bağlı İrəvandan prinsipial fərqli yanaşmanı ortaya çıxarıb, “buz” tərpənib.

Hər halda, bircə azərbaycanlı tapılmaz ki, gedib İrəvanda Dağlıq Qarabağın “müstəqilliyini” tanıyan sənədə imza atsın. Bu - istisnadır. Amma ermənilər arasında ərazi bütövlüyümüzə sayğılı ermənilər var və əminik ki, onların sayı qat-qat çoxdur. Sadəcə, Qarabağ məsələsində bizimlə həmrəy olan ermənilərin üzə çıxmasını sürətləndirmək üçün mümkün hər şeyi etməli, onların əlindəki anti-İrəvan dəlillərini gücləndirməliyik, onları Ermənistan hakimiyyətindəki qırğılara qarşı mübarizədə uğursuz vəziyyətdə qoymamalıyıq. 

Yolu deyildi - ölkədə təməl insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq, Azərbaycanın demokratik imicinə nail olmaq, siyasi dustaq probleminə birdəfəlik son qoymaq. Əks halda, belə platformaların təbliğati kəsəri böyük olmaya bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR