İnsanlara hürriyət, millətlərə istiqlal!

Partbiletim sol cibimdə...

2749 22.01.2017 01:38 Yazarlar A A

20 yanvar faciəsinin hər ildönümündə sosial şəbəkələrdə əsas iki akta aid fotolar paylaşılır. Gəncədə insanların tankları durdurmaq üçün yolu kəsməsi, bir də Bakıda partiya biletlərinin yandırılması. 

Hər dəfə partiya biletlərinin yandırılmasını görəndə düşünürəm ki, görəsən, həlak olan insanların neçəsi partiya üzvü olub? Bu statistikaya əlim çatmadığı üçün konkret nəsə deyə bilmirəm. Bəli, meydan hərəkatında hər kəs vardı, çünki məsələ partiya sərhədləri ilə məhdudlaşmayacaq qədər önəmli bir məsələ idi. Ölkəyə təcavüz olunmuşdu və insanlar buna etiraz edirdilər. 

Azərbaycanlılar tarix boyu hansısa ideologiyaya sədaqətli olmayıblar. Azərbaycanlı çox praqmatik və mənfəətcil bir kimlikdir. Çox nadir hallarda özünü ideya üçün qurban verər. Əksər hallarda bunu eləyən adamlara axmaq kimi baxarlar. 

SSRİ-nin get-gedə zəiflədiyi bir dövrdə partiyaya üzv olmağa çalışan adamların bunu nə məqsədlə istəməsi aydın məsələdir. Partiyaya üzvlük sıravi sovet vətəndaşları üçün bir sıra imkanlar açırdı. O, bununla karyerasında irəliləyiş əldə edə, vəzifəsində qalxa bilərdi. Partiyaya üzvlük həm də tapılmayan ərzaqlara və mallara çıxış demək idi, sırasız mənzil demək idi. Partiyaya üzv olan insanlar maşın ala bilirdi, sanatoriyalarda dincələ bilirdi, birliyin digər ölkələrinə rahat səyahət eləyə bilirdi.

Qətliamdan sonra çoxluğu mənfəətpərəstlərdən ibarət olan bu adamlar birdən-birə milli təəssübkeş oldular və partbiletlərini yandırdılar. Aralarından özlərini artistliyə vurmuş şairlər çıxdı, özlərindən hekayələr uydurub qəhrəmana çevrildilər. Bu gün də hamı elə hesab edir ki, onlar qəhrəmandır.

90-cı illərin ortalarından etibarən isə bu kütlə başqa bir fəaliyyətlə gündəmə gəldi. Böyük bir imperiya dağılmışdı və geriyə içərisi qiymətli əşyalarla, metallar və s-lə dolu olan idarələr, zavodlar, fabriklər qalmışdı. Torpaqlar boş idi, mənzillər alınmırdı və həddən artıq ucuz idi. O zaman bu adamlar həm bazarda, həm siyasətdə özlərinə yer elədilər. Keçmiş partiya üzvləri artıq biznesmen, deputat, şöbə müdiri, alverçi idi. Və onlar başladılar yeni sistemin qayda qanunları ilə yaşamağa, ona uyğun hərəkət eləməyə. Bir çoxları köhnə partiyadan heç bir əlamətinə görə fərqlənməyən yeni partiyaya üzv oldu və bu üzvlük onlara köhnənin belə verə bilmədiyi bir çox imkanlar verdi.

İndi bu adamlar siyasətə qarışmırlar və hər şeydən razıdırlar. Bir çoxu dövlətdən inanılmaz dərəcədə çox imtiyaz alıblar. Bəziləri həyatda yoxdu, amma övladları yaxşı vəzifələrdə çalışır. Keçmiş partiya üzvləri ölkədə hansısa dəyişiklik eləmək istəyən adamlara başıxarab kimi baxırlar.  Çünki ikincilər artıq bir neçə dəfə məğlub olublar. Çox təəssüf ki, tarix həmişə mənfəətpərəstləri doğru çıxarır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR