İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin etibarlı qarantı - Rusiya...

2302 20.12.2016 09:40 Yazarlar A A

“Qarabağ probleminin həll açarı Rusiyadadır”. Bu fikirdə olanlar həm Azərbaycanda və Ermənistanda, həm də bütövlükdə dünyada yəqin ki, onun əksini düşünənlərdən çoxdur. Son olaraq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan eyni ifadəni işlədib. O Ter-Petrosyan ki, təxminən 20 il öncə məhz mərhələli həll planına görə hakimiyyətdən devrilib - Rusiyanın dəstəyi ilə. Niyə?

Çünki Ter-Petrosyan o vaxt Kremldən Qarabağın həll açarını oğurlamaq istəmişdi. O üzdən bədəli ağır oldu. Moskva belə şeyləri bağışlamır axı. Di gəl ki, Rusiya rəsmiləri illərdir bu cümləni işlətməkdən yorulmurlar: “Qarabağ məsələsində Azərbaycanla Ermənistan razılığa gəlsin, Rusiya bu anlaşmaya qarant durmağa hazırdır”.

Siyasi riyakarlıq? Sübhəsiz. Adama deyərlər, bəs, Ter-Petrosyan elə bu anlaşmaya çalışdığı üçün öz postunu itirmədimi? Həmin mərhələli plana görə, işğal altındakı ərazilər azad edilməli, Dağlıq Qarabağın yekun statusu isə sonraya saxlanmalı idi - hansı formul ki, Azərbaycanı da qane edirdi. Ən əsası, bununla konfliktin bir daha qaynar fazaya keçməsi mümkün olmayacaq, iki xalq arasında böyük barış prosesi başlayacaq, Türkiyə-Ermənistan sərhədləri açılacaq, bölgədə iqtisadi inkişaf və inteqrasiya prosesləri start götürəcək, ədalətli sülh, sabitlik və rifah bərqərar olmağa başlayacaqdı.

Nə yazıqlar ki, bütün bunlar Rusiyanı qane etmirdi. Zira, ona regionda sülh, inkişaf lazım deyil. Moskvanın hədəfi bambaşqa idi və indi də bambaşqadır - konfliktləri körükləməklə, onların həllinə əngəl yaratmaqla bölgədə öz hərbi (!!) mövcudluğunu saxlamaq, gücləndirmək.

Bu mənada Rusiya sülhün, sabitliyin, inkişafın deyil, qarşıdurmaların, konfliktlərin etibarlı qarantıdır. Rusiya hansı məmləkətə, xalqa sülh gətirib ki? Əksinə, sülh, barış o gedəndən sonra yaranıb. Əfsus ki, Kremlin əlindən ayrı şeylər gəlmir.

Rusiya heç vaxt bölgə xalqlarına sülh bəxş edəcək dövlət olmayıb. İndi də deyil. Böyük imperiya ambisiyaları imkan vermir. Rus xalqının özünün ağır güzəranı hesabına olsa belə, bu ambisiyalardan qurtulmağa tələsmir. Eyni kurs Putinin hakimiyyətə gəlişi ilə daha şiddətlə aparılmaqda, yeni SSRİ planları cızılmaqdadır.

Şimal qonşumuzun barışın yox, müharibənin qarantı olduğunu növbəti dəfə 1999-cu il oktyabrın 27-də, ATƏT-in İstanbul sammiti ərəfəsində, Ermənistan parlamentinin gülləbaran edilməsində gördük. Ona görə bu qanlı terrora əl atıldı ki, sammitdə Azərbaycanla Ermənistan arasında Qarabağa dair mühüm anlaşmanın imzalanması gözlənilirdi və əsas vasitəçi də ABŞ idi...

İndi belə bir ölkənin “biz Qarabağ konfliktinin həllini istəyirik” bəyanatlarını necə səmimi sayasan? Yox, əgər belədirsə, yəni siz ruslar da sülh istəyirsinizsə, o zaman köməyiniz, qrantınız başınıza dəysin, barı əngəl yaratmayın! Hələ onu demirik ki, Qarabağ məsələsinin həll açarı doğrudan da sizdə - ruslardadır. O zaman kim sizə mane olur həmin açardan faydalanmağa?

Bu sual üzərində baş sındırmağa dəymir əlbəttə ki. Problem, daha dəqiqi, faciə ondadır ki, Rusiya nəinki Dağlıq Qarabağ məsələsinə, nəinki öz qonşularına, hətta dost-müttəfiq saydığı ölkələrə münasibətdə də heç vaxt səmimi olmayıb, səmimi deyil. Üzdə bir söz deyib, arxada - başqa və həmişə saman altdan su yeridib, dost-müttəfiqinin ayağının altını qazıb, imzaladığı anlaşmalara, sazişlərə asanca tüpürüb, onları birtərəfli qaydada pozub. Necə ki, 1995-cildə Budapeşt sənədi ilə Ukraynanın ərazi bütövlüyünə öz imzası ilə qarant duran, lakin 19 il sonra Krımı ilhaq eləməklə öz imzasına tüpürən yenə həmin bu Rusiyadır.

Təsadüfi deyil ki, bu gün bölgədə, dünyada sülhə və sabitliyə ən böyük təhlükə məhz Rusiyadır, onun bitib-tükənməyən imperiya ambisiyalarıdır. İmperiya xislətli bir dövlətdən isə nə etibarlı dost-tərəfdaş çıxar, nə də ədalətli vasitəçi - hansını ki, Qarabağ məsələsində qabarıq şəkildə görürük. 

Guya Rusiya Ermənistanın 1 nömrəli strateji müttəfiqidir. Amma diqqət edin, Moskva heç öz strateji müttəfiqinin də xeyrinə məsələni çözmək istəmir. Təsəvvür edək ki, bizim 1 nömrəli müttəfiqimiz Türkiyə Qarabağın həll açarı onda ola-ola problemin Azərbaycanın xeyrinə həllini istəmir. Belə şey mümkünmü? Əsla.

Demək rus-erməni müttəfiqliyi saxtadır. Bədbəxt erməni də elə bilir ki, Qarabağda o bizə qalib gəlib. Qalib - vassal Ermənistanın yiyəsi Rusiyadır... Təəssüf ki, bunun bizə isti-soyuqluğu yoxdur. Çünki Qarabağın açarı Rusiyadadır. Hələ ki...



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR